Məhkəmə qərarları › İş №2(011)-2986/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2986/2023

03.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2986/2023 03.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Şirinova Aygül Mahir qızının katibliyi, İddiaçılar, İddiaçı1 və İddiaçı2, Cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 81 nömrəli evin, 98 nömrəli mənzili (bundan sonra – Mənzil) əvvəllər iddiaçının anası X1 mülkiyyətində olmuş, onun ölümündən sonra Mənzil Alagöz Bağırovanın 3 vərəsəsi – iddiaçı və cavabdehlərə vərəsəlik qaydasında, hər birinə 1/3 hissədə olmaqla bərabər payda keçmişdir.

2. İddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə (qeydiyyat nömrəsi: **********), cavabdehlər, Cavabdeh1 (qeydiyyat nömrəsi: **********) və Cavabdeh2 (qeydiyyat nömrəsi: **********) mülkiyyət hüquqları isə xx.xx.2023-cü tarixdə dövlət qeydiyyatına alınmışdır.

3. İddiaçılar xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuşlar və hazırda başqa mənzildə kirayədə yaşayırlar.

4. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

5. İddiaçılar Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 81 nömrəli evin, 98 nömrəli mənzilə köçürülmələri və onların həmin məninzildən istifadə etmələrinə hər hansı bir maneənin törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

6. İddiaçılar iddia ərizələrində qeyd etmişlər ki, dövlət reyestrindən çıxarışa əsasən Mənzil onun xüsusi mülkiyyətindədir. Mənzilin digər 1/3 hissəsi cavabdehlrin mülkiyyətindədir. Cavabdehlər ailəli deyil və 4 otaqlı həmin mənzildə tək yaşayırlar, onu və arvadını Mənzilə buraxmırlar, yaxınlaşdıqda söyüş söyür, xuliqanlıq edir, onlara xəsarət törətməyə cəhd edirlər. İcra məmurnun iştirakı olmadan həmin mənzilə yaxınlaşmaları onların həyat və saöğlamlıqları üçün təhlükəlidir. İddiaçı1 anadangəlmə 2-ci qrup əlildir, uşaqlıqdan əlilliyi olan şəxs kimi 220 manat pensiya alır, istifadəsində və mülkiyətində digər yaşayış sahələri yoxdur.

b) Cavabdehlərin iddia ərizəsinə etirazlarının dəlilləri:

7. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçılar məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər.

9. Cavabdehlər məhkəmə baxışında iddia ərizəsinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası:

10. Maddə 33. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.

11. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

13. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

14. Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

15. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

16. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan Məhkəmənin mövqeyi:

21. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

22. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

23. İddiaçılar mübahisəli Mənzilə köçürülmələrini tələb edirlər. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həlli üçün iddiaçıların hər birinin iddia tələbllərinin hüquqi əsasları ayrılıqda təhlil edilərək qiymətləndirilməlidir.

24. Yuxarıdakı müddəaların mənasından da göründüyü kimi, mülkiyyət hüququ istər yerli, istərsə də, beynəlxalq hüquqla qorunan və dövlət tərəfindən tanınan ən üstün hüquqlardan biridir. Mülkiyyət hüququ şəxsin əmlakı barəsində istədiyi kimi hərəkət etmək - maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Bu hüquq və səlahiyyət daxilində mülkiyyətçi, başqalarının hüquqlarını və mənefelərini pozmadan, əmlakına maneəsiz sahiblik edə, əmlakın təyinatına uyğun olaraq öz tələbatlarının təmin olunması üçün əmlakdan istədiyi kimi istifadə edə, öz iradəsi ilə əmlakın hüquqi müqəddəratını müəyyən edə (onu satmaq, bağışlamaq və s. hərəkətlər etmək) bilər.

25. İşin mübahisəsiz halıdır ki, İddiaçı1 mübahisəli Mənzilin paylı mülkiyyətçisidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər aralarında olan ailə daxili narazılıqlar səbəbindən iddiaçıları Mənzildə yaşamağa buraxmırlar.

26. Məhkəmə qeyd edir ki, qanun paylı mülkiyyətin hər bir mülkiyyətçisinin hüquq və vəzifələrini bərabər tanımaqla, digər mülkiyyətçilərin hüquqları ilə bir sığan (uzlaşan) dərəcədə onalrın öz əmlaklarından istifadə etmək, həmin əmlaka sahiblik etmək və barəsində sərəncam vermək hüquqlarını imperativ olaraq müəyyən etmişdir. Mülkiyyətçinin, buna kifayət qədər zəruri və qanuni əsaslar olmadan öz mənzilindən məhrum edilməməsi onun konstitusiyon hüququ kimi təsbit edilmişdir. Mülkiyyət hüququnun müdafisinə dair “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində isə yalnız qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər imkan verdiyi halda, cəmiyyətin maraqları naminə, yaxud dövlətin ümumi maraqlara müvafiq olaraq müəyyən hərkətlərin (mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etməklə bağlı) yerinə yetirilməsi zamanı mülkiyyət hüququnun məhdudlaşdırılmasını və ya məhrum etməni nəzərdə tutmuşdur.

27. Lakin məhkəmə araşdırması zamanı İddiaçı1 mülkiyyətindən istifadə etməsinə, yaxud qanunla müəyyən edilmiş qaydada ondan yararlanmaq hüququnun məhdudlaşdırılmasına əsas ola biləcək hallar müəyyən edilməmişdir. Tərəflər arasında mövcud olan ailədaxili narazılıqlar isə hər hansı tərəfin mülkiyyət hüququnun məhdudlaşdırılması üçün qanunla müəyyən edilən yetərli əsas sayıla bilməz. Odur ki, İddiaçı1 hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır və onun qanunla qorunan mülkiyyət hüquqları bərpa edilməklə Mənzilə köürülməlidir.

28. Məhkəmə hesab edir ki, digər iddiaçı Saçlı Bağırovun iddiası da əsaslıdır və onun iddiasının hüquqi əsasını Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri təşkil edir.

29. Göstərilən müddəaların mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar.

30. Saçlı Bağırovun Mənzilin paylı mülkiyyətçisi İddiaçı1 ailə üzvü olması işin mübahisəsiz halıdır, belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2013-cü tarixdə nikaha daxil olmuşlar. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində isə ona məxsus mənzildən ailə üzvlərinin mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ birbaşa göstərilmişdir. Odur ki, Saçlı Bağırovun da Mənzilə köçürmə barədə iddiası təmin edilməlidir.

31. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçıların iddia tələbləri mənzildən istifadəyə maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi hissəsində də təmin edilməlidir.

32. Yuxarıda mülkiyyətçinin öz əmlakından öz mülahizələrinə görə istifadə və digər hüquqlarının olduğu ətraflı şərh edilmişdir. Həmçinin, Mülki Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 81 nömrəli evin 98 nömrəli mənzilinə köçürülsünlər. İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 81 nömrəli evin 98 nömrəli mənzilindən istifadələrinə hər hansı maneənin törədilməsi Cavabdeh1 və Cavabdeh2 qadağan edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar