Məhkəmə qərarları › İş №2(011)-299/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-299/2023

10.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-299/2023 10.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 77 kv.m fərdi yaşayış evindən əşyaları (iddiaçıya məxsus mətbəx mebeli və digər otaqlarda yerləşən bütün mebellər istisna olmaqla) ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 77 kv.m fərdi yaşayış evi iddiaçının mərhum atası X3 tərəfindən X1 alınmışdır. Həmin mənzil pay haqqı ödənilməklə iddiaçının atasının istifadəsində olmuşdur. İddiaçının atası X3 23 sentyabr 2020-ci il tarixdə, qardaşı X5 28 may 2020-ci il tarixdə, anası X4 isə 21 iyun 2008-ci il tarixdə vəfat etmişdir. Atasının yeganə varisi iddiaçıdır. Buna görə də mübahisəli mənzil ona məxsusdur. Lakin artıq bir müddətdir ki, cavabdeh iddiaçıya məxsus evdə onun razılığı olmadan yaşayır. İddiaçı cavabdehə bir neçə aylıq mənzildə yaşamağa icazə versə də, cavabdeh hələ də mənzildən çıxmamışdır. Mübahisəli mənzildə daimi yaşamasa da, cavabdeh evin qapısını bağlayıb iddiaçının oraya daxil olmasına imkan vermir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı müvafiq subyektiv hüquqa, yəni cavabdehin mənzildən çıxarılmasını tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Odur ki, məhkəmə yuxarıda sadalananlara əsaslanaraq belə qənaətə gəlir ki, İddiaçı heç bir subyektiv hüququ olmadan cavabdehin ona məxsus mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının belə subyektiv hüquqa malik olması və onun hüququnun cavabdeh tərəfindən pozulması faktı məhkəmə tərəfindən aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh öz izahatında iddia tələbi ilə bağlı etirafedici izahatlar vermişdir. Məhkəmə cavabdehin etiraflarını qəbul etmir. Belə ki, tərəflərin izahatlarından görünür ki, iddiaçı və cavabdeh arasında dostluq münasibəti mövcuddur. İddiaçı cavabdeh ilə aralarında münaqişə olduğunu bildirsə də, bu halı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı iddianın verilməsi ilə iddiaçı dolayı yollarla əmlak üzərində hüquqlarının mövcud olduğunu tanıtdırmaq niyyətində olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının atasının müəyyən miqdarda vəsait ödəməklə ünvan 1 ünvanında yerləşən 77 kv.m fərdi yaşayış evini aldığı iddia edilmişdir. İstinad olunan halın təsdiqi olaraq məhkəməyə 03 avqust 2017-ci il tarixdə X6 tərəfindən yazılmış ünvan 1 ünvanında yerləşən 77 kv.m fərdi yaşayış evinin dəyərinin 38.500 manatdan 17000 manatının X3 tərəfindən ona ödənilməsi barədə ərizə əlavə edilmişdir. İddiaçı hazırkı sənədin hüquqmüəyyənedici sənəd olduğuna istinad edərək və atasının da yeganə varisi olduğunu qeyd edərək hazırkı iddianı vermişdir. Lakin məhkəmə qeyd edir ki, istinad olunan ərizə mənzilin alğı-satqısına dəlalət edən qanunla müəyyən edilmiş alğı-satqı müqaviləsi kimi qəbul edilə bilməz. Nə qədər ki, verilmiş iddianın hüquqi əsası yoxdur və iddiaçının da hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur, iddia tələbi təmin edilə bilməz. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tələbi rədd olunduğundan 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı - cavabdehin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 77 kv.m fərdi yaşayış evindən əşyaları (iddiaçıya məxsus mətbəx mebeli və digər otaqlarda yerləşən bütün mebellər istisna olmaqla) ilə birlikdə çıxarılması barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar