Məhkəmə qərarları › İş №2(011)-3010/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3010/2024

03.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3010/2024 03.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2023-c il tarixində 6 saylı Bakı “ASAN Xidmət Mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 2059 saylı rəsmi nikahın etibarsız hesab olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onunla Cavabdeh Afıq oğlu arasında xx.xx.2023-cü il tarixdə 6 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 2059 saylı rəsmi nikahlar qeydə alınmışdır. Onların əslində ailə qurmaq niyyətləri olmamışdır. O, xaricə getmək və orada yaşamaq üçün nikah haqqında şəhadətnamə tələb olunduğundan məcburiyyət qarşısında qalaraq nikah bağlamaq qərarına gəlmişdir. O, bu məqsədlə Cavabdeh Afıq oğlundan ona kömək etməsini, xaricə getməyi üçün ona mütləq nikaha daxil olmaqlarının lazım olduğunu bildirmişdir. Beləliklə, cavabdehlə saxta nikaha daxil olmuşlar, cavabdehlə ümumiyyətlə heç vaxt bir yerdə yaşamamış, heç vaxt ər arvad münasibətləri olmamış və bu nikahdan övladları da olmamışdır. Daha sonra cavabdehin işlərinə görə xaricə gedə bilmədiyinə görə cavabdehə saxta nikahı ləğv etməyi təklif etmiş, xx.xx.2023-cü il tarixdə Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən keçirilmiş mediasiya prosesi zamanı da, cavabdehlə qarşılıqlı razılığa gələrək, nikahın məhkəmə müstəvisində etibarsız hesab edilməsi qərarına gəlmişlər. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul edərək bildirdi ki, tərəflər xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikah 2 saylı Bakı ASAN Xidmət mərkəzində qeydə alınmışdır, tərəflər nikah bağlayarkən onların ailə qurmaq niyətləri olmamış, nikah zahiri təsəvvür yaratmaq məqsədi daşımışdır, belə ki, iddiaçı xarivi ölkəyə getmək istəmiş, nikah şəhadətnaməsinin olması isə onun üçün lazım olduğundan cavabdeh də iddiaçıya köməklik göstərmək məqsədilə formal nikaha daxil olmuşdur, tərəflər nikah bağlayarkən şüurlu şəkildə nikahın əsl məqsədinə xidmət etmədiyini dərk etmişlər, hətta ailə qurmaq niyətləri olmadığı üçün toy olmasına belə ehtiyac duyulmamışdır, toy mərasimi olmamışdır, tərəflər heç bir zaman birgə yaşamamış, birgə təsərrüfatları olmamışdır, hər biri ayrı-ayrılıqda müstəqil yaşamış, bir-birinə qarşı öhdəlikləri olmamışdır, hətta onların hər hansı bir əlaqələri də olmamışdır. Sonda Vəkil qeyd etdikləinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında xx.xx.1986-cı il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirdi ki, Cövdətin dostudur, Nigar Cövdətə görə tanıyıb, Nigar xaricə getmək istəyirdi, proqram var idi və həmin proqrama görə evli olanda xaricə getmək, eləcə də, işçi vizası almaq daha asan idi, ona görə nikaha daxil oldular, Cövdət və Nigar bir-birini tanıyırdı, lakin Cövdətə başqa iş təklifi gəldi deyə alınmadı. Toy, yığıncaq kimi şeylər olmayıb, ayrı yaşayıblar, evlənmək məqsədləri olmayıb. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında xx.xx.1993-cü il təvəllüdlü X1 şahid qismində ifadə verərək bildirdi ki, iddiaçının bacısıdır, Cövdət ilə ailəvi dost olmuşlar, bacısı İddiaçı xaricə - Kanadaya getmək istəyirdi, ona görə nikaha daxil oldular, Cövdət kömək etmək istəyirdi Nigara xaricə getməyi üçün, qonaqlıq və s. heç nə olmadı, xaricə getmək məsələsi Cövdətdə alınmadı, başqa iş təklifi gəldi deyə gedə bilmədi, 5 gün sonra nikahın etibarsızlığı ilə bağlı müraciət etdilər, ailə münasibətlərində olmayıblar. İş materiallarında olan Bakı şəhəri 6 saylı “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 596722 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2023cü il tarixdə 2059 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şükürov, arvada Şükürova soyadı verilmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/13/2023-01739 saylı Barışıq sazişindən görünür ki, tərəflər aralarında olan nikah münasibətinin etibarsız sayılması üçün məhkəməyə müraciət etməyə razılaşmışdırlar, tərəflər bir evdə yaşamadıqları üçün və birgə təsərrüfat aparmadıqları üçün bir-birlərinə qarşı hər hansı əmlak iddiası mövcud deyildir. İş materiallarında olan Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, tədqiq edilmiş iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə rəsmi nikah bağlanmışdır, nikah bağlanmasında niyyət ailə qurmaqla hüquqi nəticələr yaratmaq deyil, yalnız görünüş yaratmaq məqsədi olmuşdur, tərəflər nikah bağlandıqdan sonra bir ailə kimi yaşamamışlar və ailə təsərrüfatı idarə etməmişlər, cavabdeh iddia tələbini etiraf edir və tərəflər arasında iddia tələbi barədə hər hansı bir mübahisə mövcud deyildir. Belə olan halda məhkəmə nikahın etibarsız sayılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən, bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ərarvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasmdan asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 11.2-ci bəndinə əsasən, nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulmuş əsasların siyahısı qətidir və genişləndirilə bilməz. Bu əsaslar aşağıdakılardır: nikahın bağlanması üçün qanunla müəyyən olunmuş şərtlərin pozulması (Ailə Məcəlləsinin 10, 11-ci maddələri); nikahın bağlanmasına mane olan halların mövcudluğu (Ailə Məcəlləsinin 12-ci maddəsi); nikaha daxil olan şəxslərdən birinin özündə dəri-zöhrəvi xəstəliyin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi (Ailə Məcəlləsinin 13.7-ci maddəsi); nikahın saxtalığı (Ailə Məcəlləsinin 25.1-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 6 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 2059 nömrə ilə qeyd edilmiş nikah etibarsız hesab edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, dövlət rüsumunun kəsri olan 50 manat Cavabdeh tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh oğu arasında xx.xx.2023-cü il tarixdə 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış 2059 nömrə ilə qeyd edilmiş nikah etibarsız hesab edilsin. Ödənilmiş 50 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh 50 (əlli) manat alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar