Məhkəmə qərarları › İş №2(011)-3026/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3026/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3026/2020 03.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 36 saylı notariat ofisi tərəfindən tələbkar “xxxxxxxxxxxx” ASC-nin müraciəti əsasında aparılmış xx xxxxxx 2019-cu il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X4 tələbkar “xxxxxxxxxxxx” ASC-nin borcu müəyyən edən sənədlər üzrə müraciəti əsasında, tələbkarın xeyrinə ondan 1.453,84 manat pul vəsaitinin tutulması haqqında icra qeydi aparmışdır. İcra qeydinin aparılması üzrə qanunvericiliyin nəzərdə tutulan tələbinə baxmayaraq, tələbkar “xxxxxxxxxxxx” ASC icra qeydinin aparılması barədə ona bildiriş göndərmədən birbaşa olaraq yaşadığı ərazi üzrə fəaliyyət göstərən 36 saylı notariat ofisinə müraciət etmişdir. Cavabdeh isə öz növbəsində müvafiq çatışmazlığı nəzərə almayaraq, “Notarius haqqında Qanun”un 76-cı maddəsinin 6-cı bəndinə zidd olaraq ondan tələbkarın xeyrinə 1.453,84 manat tutulması barədə xx xxxxxx 2019-cu il tarixli icra qeydi aparmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, öz izahatında bildirdi ki, onun hal-hazırda “xxxxxxxxxxxx” ASC-yə kredit borcu vardır. O, icra qeydi ilə bağlı ona bildiriş göndərilmədiyi və icra qeydi qanunun tələblərinin pozulması ilə aparıldığı üçün onu mübahisələndirmişdir. Ona icra qeydinin aparılmasından öncə hər hansı bildiriş göndərilməmişdir. Bank məhkəməyə onun bildirişi xx xxxxxxx 2019-cu il tarixdə imza çəkərək aldığını göstərən qaiməni təqdim etsə də, o sözügedən bildirişi almamışdır. O, “Region Ekspress” çatdırılma şirkətinə müraciət etsə də, həmin şirkət artıq fəaliyyət göstərmədiyi üçün hər hansı məlumat ala bilməmişdir. Bildirişdə Zeynalova soyadı qeyd olunsa da, iddiaçı qeyd etdi ki, onun ailəsində həmin soyadı daşıyan şəxslər anası və bacısı olmuşdur. Onun anası 2011-ci ildə vəfat etmişdir, bacısı isə onunla birlikdə yaşamır. Bildirişdə çəkilmiş imzanın onun bacısına aid olmadığını bacısına aid şəxsiyyət vəsiqəsindəki imza nümunəsinə vizual baxış keçirməklə də müəyyən etmək olar. Məhkəmə iclasında üçüncü şəxs “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. O, məhkəməyə bildirişin göndərilməsi barədə qəbzin əslini təqdim edərək, iddiaçıya xx xxxxxxx 2019-cu ildə bildirişin göndərildiyini, bunun sübutu kimi reyestrin təqdim edilməsini və iddiaçının yaşadığı ünvan üzrə xx xxxxxxx 2019-cu il tarixdə Zeynalova tərəfindən imza edilməklə qəbul edildiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı mübahisə predmetini təşkil edən icra qeydinin verilməsinə əsas iddiaçının kredit borcunu ödəməyi öhdəsinə götürməsinə dair onunla “xxxxxxxxxxxx” ASC arasında bağlanmış müqavilənin şərtlərinə tam əməl etməməsi, yəni müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi olmuşdur. Müqavilə üzrə müddətin başa çatmasına baxmayaraq borc məbləği ödənilmədiyindən “xxxxxxxxxxxx” ASC icra qeydinin verilməsi ilə bağlı Bakı şəhəri 36 saylı Notariat Ofisinə müraciət etmişdir. Daha sonra cavabdeh tərəfindən xx xxxxxx 2019-cu il tarixdə icra qeydi verilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Həmin Qanunun 77-ci maddəsinə əsasən, icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı;tələbkarın adı və ünvanı;borclunun adı və ünvanı: ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; icra qeydinin aparıldığı tarix (il, ay, gün);icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; icra qeydini aparan notariusun imzası, möhürü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndində göstərilir ki, borclunun olduğu yer üzrə notariuslar borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün əlaqədar şəxslərin ərizələrinə əsasən borcu müəyyən edən sənədlərdə icra qeydləri aparırlar. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, qanunvericiliyin tələbinə görə icra qeydi aparılmamışdan 20 gün öncə tələbkar borcluya bildiriş göndərməli, həmin bildiriş icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Məhkəmə araşdırması zamanı məhkəmə iclaslarının birində iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etmiş və öz izahatında bildirmişdir ki, notarius tərəfindən icra qeydi aparılarkən bank tərəfindən onlara bildirişin qarşı tərəfə çatdırılması ilə bağlı hər hansı sənəd təqdim edilməmişdir. İş materiallarında da həmin sənəd olmadan icra qeydi aparılmışdır. Notariat orqanı tərəfindən icra qeydi aparılarkən bank tərəfindən iddiaçıya hər hansı bildirişin verilib-verilməməsi ona məlum olmamışdır. Hazırda bütün sənədləşmələr elektron sistemdə aparıldığından həmin sistemə bildirişin daxil olub-olmaması ilə bağlı notariusda məlumat olmamışdır. Məhkəmə araşdırması zamanı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsinin izahatında bildirişin iddiaçının yaşadığı ünvana göndərilməsi qeyd edilsə də, bank tərəfindən icra qeydinin verilməsi üçün bildirişin borcluya çatdırıldığını təsdiq edən sənədin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, notariat orqanı tərəfindən aparılmış xx xxxxxx 2019-cu il tarixli icra qeydi qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən tələbkar “xxxxxxxxxxxx” ASC-nin müraciəti əsasında aparılmış xx xxxxxx 2019-cu il tarixli icra qeydi ləğv edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 10 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən tələbkar “xxxxxxxxxxxx” ASC-nin müraciəti əsasında aparılmış xx xxxxxx 2019-cu il tarixli icra qeydi ləğv edilsin. Cavabdeh 36 saylı Notariat Ofisindən 10 (on) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar