Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3037/2022 13.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı onun əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə 1928 manat pulun və 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına əsasən iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə müddətli, xx.xx.2020-ci il tarixədək əmək müqaviləsi bağlanmış və cavabdeh satıcı-kassir vəzifəsinə işə götürülmüş, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən administrator vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2.a) bəndinə əsasən, öz ərizəsi ilə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə 2987,30 manat məbləğində zərər vurması müəyyən edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə, əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə edilən əlavə ilə baş satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixində isə əmək müqaviləsinə edilən əlavə ilə və tam maddi məsuliyyət haqqında müqavilə imzalamaqla administralor vəzifəsinə keçirilmişdir. xx.xx.2021 -ci il tarixdə öz ərizəsi əsasında tutduğu vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermiş, cavabdehin çalışdığı və məsul olduğu “Oba Ramana 7” mağazasında xx.xx.2021-ci il tarixində aparılmış inventarizasiya yoxlaması nəticəsində 2987 manat məbləğində müxtəlif malların çatışmadığı ınəlıım olmuşdur. Çatışmayan malların ümumi dəyəri olan 2987 manat vəsait üzrə keçən dövr ərzində cavabdehə 779 manat güzəşt edilmişdir. Bundan əlavə, qalıq kənarlaşma məbləğindən 280 manat hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Yekuıı oluraq, cavabdehin iddiaçıya 1928 manat borcu yaranmışdır. Uzun müddət keçməsinə baxmayaraq sözügedən borc öhdəliyi cavabdeh tərəfindən icra edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmış, cavabdeh əmək funskiyalarını pozaraq iddiaçıya 2987,30 manat məbləğində zərər vurmşdur. Dəymiş zərər xx.xx.2020-ci il tarixdə aparılmış inventarizasiya nəticəsində müəyyən edilmişdir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçıya zərərin vurmasının etirafı barədə İltizamı imzalamış və iltizamın “mağaza administratorunun xüsusi qeydləri” bölməsində araşdırma ilə tanış olmasını və etirazının olmamasını bildirmişdir. Cavabdehə ödənilməli olan 2987,30 manat borcdan 779 manat güzəşt edilmişdir, bu günə qalıq borc 1928 manat təşkil edir. Bundan başqa, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/3969 saylı rəyinə əsasən iddiaçı tərəfindən tərtib olunmuş maliyyə arayışı məlumatlarının və xx.xx.2021-ci il tarixli “Oba Ramana 7” mağazasında aparılmış təhvil təslim nəticələrinə dair yekun aktın düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda, cavabdehin hesabında olan çatışmazlıq 1928 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi ilə cavabdeh öz üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh onunla bağlanmış əmək müqaviləsinin və tam məsuliyyət haqqında müqavilənin şərtlərini kobud surətdə pozmuş, iddiaçıya 2987,30 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh iltizamnaməyə imza etməklə iddiaçıya vurduğu ziyanı etiraf etməklə, həmin məbləğdə pulun iddiaçıya qaytarılması öhdəliyini qəbul etmişdir. Odur ki, iddiaçı ödənilməmiş qalan 1928 manat pul vəsaitini tələb etməkdə haqlıdır. Məhkəmə yuxarıda sadalanan normalara qiymət verərək belə hesab edir ki, cavabdehdən 1928 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi mediasiya xərci də cavabdehdən onun xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı cavabdehin ona vurduğu ziyanı ödəməsi üçün müdiasiyaya müraciət edib və bununla bağlı pul vəsaiti ödəyib. Məhkəmə qeyd edir ki, həmin xərc iddiaçının pozulmuş hüququnun bərpası məqsədilə çəkdiyi xərcdir və cavabdehən tərəfindən ona ödənilməlidir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə Cavabdeh ödənilməmiş 1928 manat pul vəsaiti və 50 manat məbləğində mediasiya xərci alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-3037/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3037/2022
13.09.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver