Məhkəmə qərarları › İş №2(011)-3038/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3038/2022

13.09.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3038/2022 13.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş ziyana görə 3632,23 manatın, mediasıya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində haqqın və 7 manat dövlət rüsumunun alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış xx.xx.2019cu il tarixli əmək müqaviləsinə əsasan cavabdeh üç aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2019-cu il tarixində əmək müqaviləsinə edilən əlavə və tam maddi məsuliyyət haqqında müqavilə imzalamaqla administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə öz ərizəsi əsasında 093 saylı əmrlə tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixlərində cavabdehin çalışdığı və məsul olduğu “Oba - Xəzər 5" mağazasında aparılmış inventarizasiya yoxlaması nəticəsində müvafiq malların çatışmadığı aşkar olunmuşdur. Bununla əlaqədar tərtib olunmuş eyni tarixli “İnventarizasiya nəticələrinə dair” aktlara əsasən ümumilikdə 4992.17 manat məbləğində mal çatışmazlığı aşkar olunmuşdur. Çatışmayan malların ümumi dəyəri olan 4992.17 manat vəsait üzrə keçən dövr ərzində cavabdehə 1359.94 manat güzəşt edilmiş, yekun olaraq, cavabdehin 3632.23 manat borcu yaranmışdır. İJzun müddət keçməsinə baxmayaraq sözügedən borc öhdəliyi cavabdeh tərəfindən icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddiaçı tərəfindən 1 illik iddia müddətinin ötürüldüyünü göstərdi və iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, cavabdeh cəmiyyətə satıcıkassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2019-cu il tarixində əmək müqaviləsinə edilən əlavə və tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən o, administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 093 saylı əmrin surətindən görünür ki, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (öz xahişi ilə) xitam verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli “İnventarizasiya nəticələrinə dair” aktların surətindən görünür ki, Cavabdeh çalışdığı və məsul olduğu “Oba - Xəzər 5" mağazasında aparılmış inventarizasiya yoxlaması nəticəsində ümumilikdə 4992,17 manat məbləğində mal çatışmazlığı aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2019-cu il tarixində 2992.62 AZN, xx.xx.2020-ci il tarixində 1999.55 AZN və ümumi olaraq 4992.17 AZN çatışmazlıq müəyyən edilmişdir. Ziyandan 1359.94 AZN hissəsi şirkət tərəfindən güzəşt edilmiş, xx.xx.2021-ci il tarixinə ümumi borcu 3032.23 AZN təşkil edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə vurulmuş ziyan üzrə hesablanmış və tələb olunan borcun düzgünlüyünün müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 26.07. 2022-ci il tarixli, 9/4373 saylı ekspert rəyinə əsasən, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli təhvil-təslim nəticələrinə dair yekun aktlar “Malların inventarizasiyası qaydaları”nın tələblərinə uyğun tərtib edilməmişdir. “X4” MMC tərəfindən təqdim olunmuş maliyyə arayışı məlumatlarının, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli təhvil-təslim nəticələrinə dair yekun aktların düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda, Oba Xəzər 5 filialında yaranmış çatışmazlıq 3632,23 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci hissəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 191-ci maddənin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194-cü maddənin 1-ci hissəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194-cü maddənin 2-ci hissəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin məcəllənin 202-ci maddəsinin 1-ci hissəsinə görə, İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması nəsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikasının MM-nin 373.1, 373.2 və 373.3–cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir; müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı “X4” MMC tərəfindən ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün üzrə qanunla müəyyən olunmuş bir illik müddət ötürülməklə məhkəməyə müraciət edilmişdir. Hazırda cavabdeh ərizə verərək, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Həmçinin, təqdim olunmuş ekspert rəyi ilə xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli təhvil-təslim nəticələrinə dair yekun aktların “Malların inventarizasiyası qaydaları”nın tələblərinə uyğun tərtib edilməməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələblərinə iddia müddət tətbiq edilməli və təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından iddiaçı tərəfindən mediasıya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində haqq və 7 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul iddiaçıdan tutularaq, dövlət büdcəsinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən vurulmuş ziyana görə 3632,23 manatın, mediasıya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində haqqın və 7 manat dövlət rüsumunun alınaraq, iddiaçıya ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Mediasıya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğində haqq və 7 (yeddi) manat dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı MMC-dən tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003944 SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar