Məhkəmə qərarları › İş №2(011)-3040/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3040/2023

21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3040/2023 21.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 40 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı ərizəsində qeyd etmişdir ki, onun həyat yoldaşı X11 vaxtı ilə Əhmədli qəsəbəsində çörək zavodu işlədirdi. Zavodu işlətdiyi müddət çox saylı yük avtomobilləri almış, bundan başqa vaxtı ilə əlavə bir neçə daşınmaz əmlaklar da almış və Bakı şəhəri Binəqədi rayonunda da, 0.50 ha torpaq sahəsi almışdır. Həmin ərəfədə iddiaçının həyat yoldaşı qonşuluqda, Bakı şəhəri Xətai rayonu, Zeytun küçəsi, 193 saylı həyət evi almışdır. Lakin sözügedən həyət evini, yaxın dostu Cavabdeh3 adına rəsmiləşdirmişdir. Vaxtı ilə Cavabdeh3 adına Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, 193 saylı həyət evinə dair seriya MA № ******* nömrəli, xx.xx.2010-cu il tarixli çıxarış verilmişdir.

2. X11 biznes işlərini genişləndirmək üçün "xxxx" ASC-dən, iddiaçının məlumatına görə, 1.500.000 manat kredit götürmüşdür. Əvəzinə, Bakı şəhəri Binəqədi rayonunda 0.50 ha torpaq sahəsini, çox saylı yük avtomobilləri, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun küçəsi, 181 “a” saylı fərdi yaşayış evini ipoteka ilə yüklü etdirmişdir, iddiaçının evi girovda olmuşdur.

3. X11 xx.xx.2014-cü il tarixdə Türkiyə xəstəxanasında vəfat etmişdir. Bu barədə 22 aprel 2014-cü il tarixdə, Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən ölüm şəhadətnaməsi verilmişdir.

4. İddiaçı və digər ailə üzvləri iddiaçının həyat yoldaşı X3 vəfatından sonra, yoldaşından qalan miras daşınmaz və danışar əmlakların qəbul edilməsi ilə bağlı Bakı şəhəri 40 saylı Notariat kontoruna müraciət etmiş, əvvəl xx.xx.2014-cü il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

5. Bundan başqa 28 may 2016-cı il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

6. İddiaçı və ailə üzvləri vərəsəliyi qəbul etdikdən dərhal sonra "xxxx" ASC ilə problemlər başlanmış və müvafiq qətnamə qəbul edilmişdir.

7. "xxxx" ASC Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edərək, cavabdehlər X7, X10, X4, X1 və "xxxx" MMC-yə qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və sair tələbinə dair iddia tələbi irəli sürmüş, 16 oktyabr 2017-ci il tarixdə iddia tələbi qismən təmin edilərək cəmi 2,325,127,51 (iki milyon üç yüz iyirmi beş min yüz iyirmi yeddi manat əlli bir qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi; tələb ipoteka ilə yüklü edilmiş QAZ-3302-18 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı, QAZ-3302-18 markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı, QAZ-3302111 markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı, QAZ-3309-352 markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı, İJ-27175 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı və sair nəqliyyat vasitələrinə yönəldilməsi və həmin nəqliyyat vasitələrinin açıq hərracdan satılması; tələbin cavabdeh "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi və ilkin satış qiyməti 1.300.000 (bir milyon üç yüz min) manat olmaqla açıq hərracdan satılması; tələbin ünvan 2 ünvanında yerləşən 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və ilkin satış qiyməti 180.000 (yüz səksən min) manat olmaqla açıq hərracdan satılması; tələbin X7 (4/6 pay), İddiaçı (1/6 pay), X4 (1/6 pay) məxsus ünvan 3 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və açıq hərracdan satılması; həmin yaşayış sahələrinə tutma yönəldildikdən və o satıldıqdan sonra cavabdehlər X5, İddiaçı və X2 1 ay ərzində tərk edilmədikdə həmin evdən çıxarılmaları və ipoteka prdmetlərinin satışından əldə olunan vəsait hesabına cavabdehlərr X6, X5, İddiaçı "xxxx" ASC-yə olan borcun ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir.

8. Bundan başqa iddiaçı qeyd etmişdir ki, borcları çox olduğundan mərhum əri X11 vaxtı ilə öz dostu Cavabdeh3 adına olan 4 otaqdan ibarət Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun Sovxozu, Zeytun küçəsi 193 saylı fərdi yaşayış evini oğlu X12 mərhum ərinin dostu Cavabdeh3 dəfələrlə zəng vuraraq vaxtı ilə atası tərəfindən alınmış evi geri qaytarmasını tələb etmişdir. İddiaçı oğlu ilə belə razılığa gəlmişdir ki, Cavabdeh3 adına olan evi oğlunun adına rəsmiləşdirsin və daha sonra həmin evi satıb "xxxx" ASC-yə olan borcu ödəsinlər. Belə ki, iddiaçının mərhum ərinin dostu Cavabdeh3 iddiaçıya zəng edərək bildirmişdir ki, X12 təkidlə 4 otaqdan ibarət olan Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun Sovxozu, Zeytun küçəsi 193 saylı fərdi yaşayış evini tələb edir, iddiaçı da həmin evi onun oğlu X5 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bu hadisədən bir neçə il sonra 28 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon İcra şöbəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsini icra etmək məqsədilə iddiaçı və onun qızını ünvan 2 ünvanında yerləşən 7 otaqlı fərdi yaşayış evindən çıxarmışdır. Həmin vaxtdan etibarən iddiaçı kirayədə yaşamaqdadır.

9. Həmin gün iddiaçı yenidən mərhum ərinin dostu Cavabdeh3 zəng etmiş və özünün və qızının evdən çıxarıldığını bildirmişdir, soruşmuşdur ki, oğlu nə üçün banka ödəniş etməyib, Cavabdeh3 iddiaçıya bildirmişdir ki, alqı-satqı oğlu ilə yox, onun arvadı Cavabdeh2 ilə aparılmışdır. Göründüyü kimi iddiaçınn oğlu X12 məqsədli olaraq həm iddiaçını, həm də mərhum ərinin dostunu aldadaraq banka külli miqdarda borcu olduğuna görə 4 otaqdan ibarət olan Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun Sovxozu, Zeytun küçəsi 193 saylı fərdi yaşayış evini 29 iyul 2020-ci il tarixdə arvadı Cavabdeh2 adına rəsmiləşdirmiş, Cavabdeh2 ilə Cavabdeh3 arasında alqı-satqı müqaviləsi bağlanmışdır.

İddiaçının tələbi:

10. 29 iyul 2020-ci il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ərazi İdarəsi tərəfindən Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

11. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddiaçının tələbinə qarşı yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, iddiaçının tələbi tamamilə qanunsuz və əsassızdır, yalan məlumatlara əsaslanır. Alqı-satqı müqaviləsi Bakı şəhəri 40 saylı Notariat Kontorunda qanunvericiliyin bütün tələblərinə riayət olunmaqla bağlanmışdır. Alqı-satqı zamanı mənzilin dəyəri Cavabdeh2 tərəfindən Cavabdeh3 ödənilmişdir və bu fakt notariusda köçürülmə vasitəsi və qəbzlərlə də təsdiq edilir. Hətta satıcı tərəfin həyat yoldaşı da notarial qaydada ərizə verərək evin satılmasına razılıq vermişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddiaçının tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

12. Məhkəmənin xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 öz izahatında qeyd etmişdir ki, iddiaçının mərhum əri xeyli sayda kredit götürmüş, daha sonra isə vəfat etmişdir. Bütün əmlakları satılmış, son bir əmlakı- hazırki iddia tələbi üzrə olan əmlak- ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 158.6 kv.m, yaşayış sahəsi 59.7 kv.m, yardımçı sahəsi 98.9 kv.m olan 4 otaqlı fərdi yaşayış evi qalmışdır. Alqı-satqı formal xarakter daşımış, depozit hesaba pul köçürülmədən ev satılmışdır. İddiaçı hal-hazırda həmin evə gedib gələ bilmir.

13. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 öz izahatında qeyd etmişdir ki, iddia müddəti tətbiq olunmalı və iddia tələbi rədd edilməlidir. Cavabdeh sözügedən evi 2020-ci ildə alqı-satqı müqaviləsi əsasında almış, lakin iddiaçı isə 2023-cü ildə iddia qaldıraraq ümumilikdə kəsici müddəti ötürmüşdür. Alqı-satqı müqaviləsi etibarsız olsa belə iddiaçının məhkəmədə iddia qaldırmaq hüququ mövcud deyildir. O, müqavilənin etibarsızlığının nəticələri barədə 2020-ci il tarixdən 1 il ərzində iddia qaldıra bilərdi. Alqı-satqı müqaviləsi qanunvericiliyin bütün tələblərinə uyğun şəkildə bağlanmışdır, iddiaçı öz iddia tələbinin əsası kimi sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili iddiaçının iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı ərizəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı eyni tələblə dəfələrlə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinə mahiyyəti üzrə baxılması və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab edir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

15. 22 aprel 2014-cü il tarixdə verilmiş Ölüm haqqında Şəhadətnaməyə əsasən, X11 xx.xx.2014-cü il tarixdə ölmüş, xx.xx.2014-cü il tarixdə 413№ ilə ölüm qeyd edilmişdir.

16. Qanun üzrə Vərəsəlik haqqında 28 may 2016-cı il tarixli Şəhadətnaməyə əsasən, X3 vərəsəsi İddiaçı ünvan 5 ünvanında əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AR Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamenti Kommersiya X13 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixli Nizamnaməyə əsasən "xxxx" MMC-də olan payından ibarətdir.

17. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli 2(011)- 2255/2023 nömrəli Qətnaməsinə əsasən, "xxxx" ASC Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edərək, cavabdehlər X7, X10, X4, X1 və "xxxx" MMC-yə qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və sair tələbinə dair iddia tələbi irəli sürmüş, 16 oktyabr 2017-ci il tarixdə iddia tələbi qismən təmin edilərək cəmi 2,325,127,51 (iki milyon üç yüz iyirmi beş min yüz iyirmi yeddi manat əlli bir qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi; tələb ipoteka ilə yüklü edilmiş QAZ-3302-18 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı, QAZ-3302-18 markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı, QAZ-3302111 markalı, **- RN-*** dövlət qeydiyyat nişanlı, QAZ-3309-352 markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı, İJ- 27175 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı və sair nəqliyyat vasitələrinə yönəldilməsi və həmin nəqliyyat vasitələrinin açıq hərracdan satılması; tələbin cavabdeh "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi və ilkin satış qiyməti 1.300.000 (bir milyon üç yüz min) manat olmaqla açıq hərracdan satılması; tələbin ünvan 2 ünvanında yerləşən 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və ilkin satış qiyməti 180.000 (yüz səksən min) manat olmaqla açıq hərracdan satılması; tələbin X7 (4/6 pay), İddiaçı (1/6 pay), X4 (1/6 pay) məxsus ünvan 3 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və açıq hərracdan satılması; həmin yaşayış sahələrinə tutma yönəldildikdən və o satıldıqdan sonra cavabdehlər X5, İddiaçı və X2 1 ay ərzində tərk edilmədikdə həmin evdən çıxarılmaları və ipoteka prdmetlərinin satışından əldə olunan vəsait hesabına cavabdehlərr X6, X5, İddiaçı "xxxx" ASC-yə olan borcun ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir.

18. №0025097 nömrəli, xx.xx.2010-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, 193 saylı fərdi yaşayış evi Cavabdeh3 xüsusi mülkiyyətindədir, torpaq sahəsi isə dövlət mülkiyyətindədir.

19. Bakı şəhəri 40 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ №0876019 Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh3 alıcı Cavabdeh2 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 158.6 kv.m, yaşayış sahəsi 59.7 kv.m, yardımçı sahəsi 98.9 kv.m olan 4 otaqlı fərdi yaşayış evini 50000 (əlli min) manat qiymətinə satmış, alıcı tərəfindən 50000 manat ödənilmişdir.

20. xx.xx.2020-ci il tarixli TT**********98250000 nömrəli Qəbzə əsasən, Cavabdeh2 tərəfindən alqı-satqı üzrə ödəniş- 50000 (əllli min) ödənilmişdir.

21. xx.xx.2020-ci il tarixdə Bakı şəhəti 40 saylı notariat ofisində X8 əri Cavabdeh3 tərəfindən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına razılıq vermişdir.

22. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən, ünvan 4 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. Qeydiyyat tarixi xx.xx.2020-ci ildir.

23. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-619/2023 nömrəli Qərardadına əsasən, iddiaçı X9 cavabdehlər Cavabdeh2 Məmməd qızına və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.

24. xx.xx.2023-cü il tarixli Ərizəyə əsasən, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 məhkəmədən iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

25. xx.xx.2023-cü il tarixli Ərizəyə əsasən, İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir.

26. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək iddianın baxılmamış saxlanılması barədə ərizənin təmin edilməməsi və mülki işə mahiyyəti üzrə baxılmasını, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM):

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il Qərarı.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

30. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir.

31. Mülki qanunvericiliyin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir. Belə ki, MM-in 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır.

32. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.

33. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).

34. Məhkəmə araşdırması zamanı cavabdehlər arasında Bakı şəhəri 40 saylı notariat ofisində xx.xx.2020-ci il tarixili AN-İ №0876019 Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilməməsi halları müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

35. Məhkəmə digər tərəfdən iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə əqdin etibarsız hesab edilməsinə dair kəsici müddət tətbiq edilərək, müddətin ötürülməsi əsasına görə iddia rədd edilməlidir.

36. Belə ki, MM-in 354-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. MM-in 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

37. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, əqdin etibarsız hesab edilməsi məsələləri ilə əlaqədar kəsici müddət əqdin etibarsız sayılmasına əsas verən halları tərəfin bildiyi və ya bilməli olduğu gündən başlandığından, iddiaçılar əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il müddətində məhkəməyə müraciət etməli idilər. Alğı-satqı müqaviləsi xx.xx.2020-ci il tarixində bağlandığını nəzərə alsaq, məhkəmə iki ildən çox müddət ərzində iddiaçının bu müqavilə ilə bağlı məlumatlı olmamasını ağlabatan hesab etmir. İddiaçı alğı-satqı müqaviləsi haqqında 28 sentyabr 2022-ci ildə məlumat aldığını bildirsə də, bunu sübut edən hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarında qeyd edilir ki, “Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

38. Məhkəmə həmçinin qeyd edir ki, 354-cü maddədə nəzərdə tutulan müddətlər iddia müddəti deyil, kəsici müddətlərdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, MM-in 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmasa da cavabdeh tərəf məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində kəsici müddətin tətbiqini məhkəmədən xahiş etmişdir. Beləliklə, istinad edilən normaya əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı qanunla ona əqdin etibarsızlığını mübahisələndirmək üçün verilmiş müddəti ötürmüşdür. Belə ki, MM-in 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

39. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mövcud iddia tələbi rədd edilməlidir.

40. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Məhkəmə xərcləri:

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi rədd edilsin.

2. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

3. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar