Məhkəmə qərarları › İş №2(011)-3041/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3041/2022

12.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3041/2022 12.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01.09.1985-ci ildən 14.03.1998-ci ilə kimi Bakı Baş Tikinti İdarəsinin 3 saylı tikinti idarəsində həqiqətən işlədiyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, ərizədə müəyyən olunması nəzərdə tutulan fakt kimi “Ərizəçi 01.09.1985-ci ildən 14.03.1998-ci ilə kimi Bakı Baş Tikinti İdarəsinin 3 saylı tikinti idarəsində həqiqətən işləməsi” göstərilmiş, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu qeyd olunmamışdır. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən, ərizəçinin işəgötürən Bakı Baş Tikinti İdarəsinə (ləğv edildiyi halda isə Ləğvediciyə və ya hüquqi varisinə) müraciət etməsi və lazımi sənədləri ala bilməməsi görünmür. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə bərabər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 22 aprel 2021-ci il tarixli məktubu, ərizəçinin hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması məqsədilə lazımi sənədləri ala bilməməsi, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübut kimi, ərizəçinin tələbini müəyyən edən fakt və halların müəyyən edilməsi ilə əlaqədar olmadığından, nəzərə alına bilməz. Belə ki, ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçi, 01.09.1985-ci ildən 14.03.1998-ci ilə kimi Bakı Baş Tikinti İdarəsinin 3 saylı Tikinti İdarəsində işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir, bununla bağlı lazımi sənəd işəgötürənin bu barədə əmridir. İşçi lazımi sənədlərin əldə olunması üçün işəgötürənə, onun cavabından asılı olaraq məhkəməyə müraciət etməli olduğu halda, birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən, ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.6-cı hissəsinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151, 261-262, 264-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi “01.09.1985-ci ildən 14.03.1998-ci ilə kimi Bakı Baş Tikinti İdarəsinin 3 saylı Tikinti İdarəsində həqiqətən işlədiyi faktının müəyyən edilməsi tələbinə dair” ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar