Məhkəmə qərarları › İş №2(011)-3047/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3047/2025

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3047/2025 26.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə pul tələbinə dair mülki işə inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İddiaçı bildirir ki, o, cavabdehlə xx.xx.2023-cü il tarixində müqavilə bağlayıb. Müqaviləyə görə iddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində saç və makiyaj xidmətlərinin təşkili üçün bütün avadanlıqları təmin etməyi öhdəsinə götürüb. Müqaviləyə əsasən Cavabdeh isə bu xidmətlərin təşkil olunmasına kömək etməli, müştərilərin cəlb edilməsi və xidmətin genişləndirilməsi ilə məşğul olmalı idi.

2. Tərəflərin razılaşmasına görə cavabdeh bu fəaliyyəti həyata keçirmək üçün iddiaçıdan əvvəlcədən 18.000 manat pul alıb. Müqavilədə həmçinin göstərilib ki, cavabdeh 12 ay ərzində iddiaçının bu fəaliyyət nəticəsində ümumilikdə 36.000 manat gəlir əldə etməsini təmin etməlidir. Hesablaşma isə hər 3 aydan bir aparılmalı və hər rübdə ən azı 9.000 manat gəlir təmin olunmalı idi.

3. İddiaçı bildirir ki, o, müqavilə üzrə öz öhdəliyini yerinə yetirib, yəni xidmət üçün lazım olan bütün avadanlıqları təmin edib və 18.000 manatı cavabdehə əvvəlcədən ödəyib. Lakin cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməyib, xidmətin təşkilində iştirak etməyib və razılaşdırılan işi görməyib.

4. İddiaçı qeyd edir ki, cavabdehə dəfələrlə telefonla xəbərdarlıq edilsə də, o, öhdəliyini yerinə yetirməkdən boyun qaçırıb və 18.000 manat pulu qaytarmayıb. Bununla bağlı iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etsə də nəticə olmayıb.

İddiaçının tələbi:

5. Cavabdeh əsas borca görə 18.000 (on səkkiz min) manat, iddianın verilməsinə görə ödənilmiş 144 (bir yüz qırx dörd) manat, ümumilikdə 18144 (on səkkiz min yüz qırx dörd) manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək 2(011)- 3047\2025 №-li mülki iş üzrə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı:

7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddia ilə razı deyil və iddianı qəbul etmir. Onların fikrincə, göstərilən borc müqaviləsi real müqavilə deyil, yəni iddiaçı tərəfindən tələb olunan pul cavabdehə verilməyib. Həmçinin deyilir ki, həmin müqavilə cavabdeh tərəfindən imzalanmayıb. Cavabdehin mövqeyinə görə, iddiaçı əvvəllər aralarında olan normal münasibətdən və birlikdə işləmək niyyətindən istifadə edərək cavabdehi süni şəkildə borclu kimi göstərməyə çalışır. Ərizədə daha sonra qeyd olunur ki, qanunvericiliyə əsasən borc müqaviləsi real müqavilə sayılır və yalnız pul faktiki olaraq verildiyi andan qüvvəyə minir. İş materiallarında isə həmin pulun verildiyini təsdiq edən qəbz, bank çıxarışı və ya başqa sübut yoxdur. Buna görə də cavabdeh hesab edir ki, iddiaçı öz tələbini sübut edə bilmir və bu səbəbdən iddia təmin edilməməlidir.

Tərəflərin izahatı:

8. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmiş və bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 öz izahatında məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmiş və bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

11. İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, tərəflər razılaşmışlar ki, iddiaçı ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində saç və makiyaj xidməti təşkil edir və həmin fəaliyyət üçün zəruri olan avadanlıqları təmin edir. Müqavilənin şərtlərinə əsasən Cavabdeh isə göstərilən xidmətin həyata keçirilməsinin təşkil edilməsini, xidmətin genişləndirilməsini və müştərilərin cəlb olunmasını təmin etməyi öhdəsinə götürmüşdür. Tərəflər razılaşmışlar ki, qeyd olunan fəaliyyətin həyata keçirilməsinin təmin olunması məqsədilə iddiaçı tərəfindən cavabdehə əvvəlcədən 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh isə öz növbəsində öhdəlik götürmüşdür ki, müqavilənin qüvvədə olduğu 12 ay müddətində iddiaçı tərəfindən göstərilən xidmətlərdən ümumilikdə 36.000 (otuz altı min) manat məbləğində gəlir əldə olunmasını təmin etsin. Müqaviləyə əsasən tərəflər arasında hesablaşmalar hər 3 aydan bir aparılmalı və hər 3 ay ərzində əldə olunmalı gəlirin ən azı 9.000 (doqquz min) manat təşkil etməsi təmin edilməli idi. Eyni zamanda tərəflər müqavilədə nəzərdə tutulan şərtlər və əldə olunan məlumatların üçüncü şəxslərə açıqlanmaması barədə öhdəlik götürmüş, müqavilənin isə iki nüsxədə tərtib olunaraq bir il müddətinə bağlanması razılaşdırılmışdır.

12. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər və fotoşəkillər.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi (AR MM): 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri.

781. Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. 786.1. Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahatını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

16. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında tapşırıq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca, vicdanla yerinə yetirməmişdir. Qeyd edilənlər məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə ilə öz təsdiqini tapır.

17. Müqaviləyə əsasən cavabdeh müqavilədə qeyd olunan fəaliyyəti icra etməyi öhdəsinə götürmüş, lakin məhkəmə araşdırması zamanı fəaliyyətin həyata keçirilməsini sübut edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. MM-in 777.1-ci maddəsinə əsasən, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Bu zaman vəkalət alan (hazırki iş üzrə cavabdeh) tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

18. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, tərəflər razılaşmışlar ki, iddiaçı ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində saç və makiyaj xidməti təşkil edir və həmin fəaliyyət üçün zəruri olan avadanlıqları təmin edir. Müqavilənin şərtlərinə əsasən Cavabdeh isə göstərilən xidmətin həyata keçirilməsinin təşkil edilməsini, xidmətin genişləndirilməsini və müştərilərin cəlb olunmasını təmin etməyi öhdəsinə götürmüşdür. Tərəflər razılaşmışlar ki, qeyd olunan fəaliyyətin həyata keçirilməsinin təmin olunması məqsədilə iddiaçı tərəfindən cavabdehə əvvəlcədən 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh isə öz növbəsində öhdəlik götürmüşdür ki, müqavilənin qüvvədə olduğu 12 ay müddətində iddiaçı tərəfindən göstərilən xidmətlərdən ümumilikdə 36.000 (otuz altı min) manat məbləğində gəlir əldə olunmasını təmin etsin. Müqaviləyə əsasən tərəflər arasında hesablaşmalar hər 3 aydan bir aparılmalı və hər 3 ay ərzində əldə olunmalı gəlirin ən azı 9.000 (doqquz min) manat təşkil etməsi təmin edilməli idi. Eyni zamanda tərəflər müqavilədə nəzərdə tutulan şərtlər və əldə olunan məlumatların üçüncü şəxslərə açıqlanmaması barədə öhdəlik götürmüş, müqavilənin isə iki nüsxədə tərtib olunaraq bir il müddətinə bağlanması razılaşdırılmışdır və beləliklə iddiaçı müqavilə üzrə öz öhdəliyini tam şəkildə yerinə yetirmişdir.

19. Eyni zamanda cavabdeh tərəf tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirməmiş, yerinə yetirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh tərəf aralarında hər hansı borc müqaviləsinin olmadığını qeyd etsə də, məhkəməyə müraciətində aralarında işgüzar münasibətin olmasını qeyd etmiş, lakin etirazının əsası olaraq iddiaçı tərəfdən təqdim edilmiş yazılı razılaşmanın onun tərəfindən imzalanmadığını, razılıq olmadığını, hər hansı pul almadığını qeyd etsə də etirazının əsasını təşkil edən hər hansı izah, sübut, dəlili məhkəməyə təqdim etməmişdir.

20. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Cavabdeh 18.000 (on səkkiz min) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 144 (yüz qırx dörd) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh 18.000 (on səkkiz min) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 (yüz qırx dörd) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar