Məhkəmə qərarları › İş №2(011)-3051/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3051/2021

04.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3051/2021 04.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X1 doğum faktının müəyyən edilməsi və onun adına doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizədən və iş materiallarından görünür ki, tələb, fiziki şəxsin doğum faktının müəyyən edilməsi barədədir. Bununla belə iş materiallarından, ərizəçi tərəfindən doğum haqqında şəhadətnamənin alınması üçün müvafiq icra hakimiyyəti orqanı olan Maraqlı şəxs1nə müraciət etməsinə dair sübutlar iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Mülki Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Həmi Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, doğumün qeyd edilmə faktının müəyyən edilməsinə barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4.2.-ci maddəsinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Həmin qərarın 4.3-cü maddəsinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ərizəçi, əvvəlcə, doğum haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxs1nə müraciət etməli, bundan imtina olunduğu halda isə məhkəməyə müraciət etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, müvafiq sübutlar (müvafiq tibbi şəhadətnamə (və ya arayış), Maraqlı şəxs1ndən imtinaya dair sübutlar iş materiallarına əlavə edilmədiyindən, doğum faktının müəyyən olunmasına dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 264-cü, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Xətai rayonu Qeydiyyat Şöbəsi, Maraqlı şəxs2 olmaqla doğum faktının müəyyən edilməsinə dair ərizə və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar