Məhkəmə qərarları › İş №2(011)-3056/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3056/2021

05.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3056/2021 05.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, Genaral Şıxlinski küçəsi, 15 nömrəli evin 38 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Genaral Şıxlinski küçəsi, 15 saylı evin 38-ci mənzilini X1 alqı-satqı müqaviləsi əsasında almış. xx.xx.2008-ci il tarixli AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsindən sonra həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən adına xx.xx.2008-ci il tarixdə MH seriyalı ******* №-li daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Satıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin bir qismini yerinə yetirərək mənzili ona təhvil vermiş, ailə üzvlərinin bir hissəsi qeydiyyatdan çıxarılsalar da, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 indiyə kimi mənzildə qeydiyyatı qalmaqdadırlar ki, bu da mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olur. Cavabdehlərin hazırda harada yaşaması ona məlum deyildir, bu mənzildə onlara aid hər hansı bir əmlak yoxdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahatlar verdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərin axırıncı yaşayış yeri üzrə bildiriş göndərilmiş, bildiriş poçt müəssisəsi tərəfindən məhkəməyə qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehlərin axırıncı yaşayış yeri üzrə 94 saylı MKİS-nə göndərilmiş, MKİS-nin qeydindən müəyyən olmuşdur ki, cavabdehlər göstərilən ünvanda qeydiyyatda olsa da, lakin həmin ünvanda yaşamadığı üçün məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş matieriallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 4Ə-4-689 reyestr nömrəli notariat işində olan xx.xx.2008-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X2 Bakı şəhəri, Xətai rayonu, Genaral Şıxlinski küçəsi, 15 nömrəli evin 38 saylı mənzilini alıcı İddiaçı satmışdır. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi, 12-ci bəndinə görə isə müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 45 gün müddətində satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Genaral Şıxlinski küçəsi, 15 nömrəli evin 38 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli, ******* saylı arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Genaral Şıxlinski küçəsi, 15 nömrəli evin 38 saylı mənzilində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus mənzildə qeydiyyatda olmaları iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozur və iddiaçının şəxsi mülkiyyətində olan mənzil üzərində pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi üçün cavabdehlərin həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Genaral Şıxlinski küçəsi, 15 nömrəli evin 38 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Qətnamə cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar