Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3087/2024 14.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi, onun vəkili Vəkil, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində cəlb edilməklə) “iş stajının olması və həmin stajın güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı kimi müəyyənləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(011)- 2726/2024 saylı qərardadı ilə ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-2647/2024 saylı qərardadı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(011)-2726/2024 saylı qərardadı ləğv edilmişdir, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə” ərizəsinin mümkünlüyü və icraata qəbul edilməsi məsələsinə Ərizəçi iştirakı ilə yenidən baxılması üçün iş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-2647/2024 saylı qərardadı ilə müəyyən edilmişdir ki, ərizəçi əmək kitabçasında və işlədiyi yerlərdən müvafiq olaraq verilmiş arxiv arayışlarında qeyd edilmiş yerlərdə 30 il 4 ay işləməsi və işlədiyi həmin dövrün 22 il 7 ay 20 gününün güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı kimi müəyyənləşdirilməsini xahiş edir. Ərizəçinin belə bir tələblə müraciət etməsinə səbəb isə onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə pensiya təyinatı barədə müraciətindən iş stajının az olması və güzəştli iş stajının olmaması səbəbilə imtina olunmasıdır. Ərizədə (iş v. 2.) qeyd edilmişdir ki, ərizəçi mübahisəli məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin nəticəsi olmamışdır. İş materiallarına ərizəçinin Bakı İnzibati Məhkəməsinə müraciət etməsi və həmin müraciətə baxılmasının nəticəsi ilə bağlı sübut əlavə olunmamışdır. Lakin Rayon Məhkəməsi bu halı araşdırmamış belə qənaətə gəlmişdir ki, hazırki ərizəyə mülki məhkəmə qaydasında baxılmalı olmadığından, yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Ərizəçi qərardaddan vermiş olduğu şikayətdə (iş v. 36) qərardad qəbul edilərkən bu halın nəzərə alınmadığını qeyd etsə də, Rayon Məhkəməsi tərəfindən bu istiqamətdə araşdırma aparılmamışdır. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qeyd edilən halı iddiaçının iştirakı ilə dəqiqləşdirmədən ərizənin icraata qəbulundan imtina etməkdə haqlı olmamışdır. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, ərizənin mümkünlüyü və icraata qəbul edilməsi məsələsinə ərizəçinin iştirakı ilə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Ərizənin mümkünlüyü və icraata qəbul edilməsi məsələsinə ərizəçinin iştirakı ilə yenidən baxılarkən Ərizəçi və onun vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Əlavə sual-cavab zamanı Ərizəçi bildirmişdir ki, onun “pensiyanın təyin edilməsi barədə” iddia ərizəsinə Bakı İnzibati Məhkəməsində baxılmışdır və yekun qərar qəbul edilmişdir. Həmin dövrdə onun əmək kitabçasının əsli özündə olmamışdır. Məhkəmə araşdırması bitəndən bir müddət sonra o, öz əmək kitabçasının əslini tapmışdır. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə ərizəyə etiraz edərək bildirmişdir ki, hazırki mübahisəyə inzibati məhkəmə qaydasında baxılmışdır və yekun qərar qəbul edilmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək, məhkəmə hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarır. Ərizəçi həmçinin ərizəsinə iş stajının olması barədə arxiv arayışları və əmək kitabçasının surətini da əlavə etmişdir. O, müqayisə üçün əmək kitabçasının əslini də məhkəmə iclasında təqdim etmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 13-cü maddəsinə əsasən, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Ərizənin mümkünlüyü və icraata qəbul edilməsi məsələsinə ərizəçinin iştirakı ilə yenidən baxılarkən müəyyən edilmişdir ki, iddiaçı Ərizəçi 19 may 2020-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin iş üzrə cavabdeh təşkilatın **********8 nömrəli, 31 may 2020-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavəyə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad edilərək, müraciətin icrasından imtina edilmişdir. İddiaçı 25 iyun 2020-ci il tarixdə müvafiq inzibati orqana qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər) əsasən 57 yaşının tamam olduğu vaxtdan, yəni 29 noyabr 2012-ci il tarixindən ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1180/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1763/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1180/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1763/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qərarı onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi məhkəməyə təqdim etdiyi, Azərbaycan Respubliksı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsinin xx.xx.2020- ci il tarixli 5 saylı arayışına əsasən və 26 sentyabr 1979-cu il tarixində verilmiş 014088 nömrəli diploma əsasən 1 il 5 ay hərbi xidməti və onun 5 il ali məktəbdə təhsil müddəti müəyyən olunur. Eyni zamanda, iddiaçının iş materiallarına əlavə edilmiş 2 saylı ASAN-2 xidmət mərkəzində notarial qaydada təsdiq olunmuş, əmək kitabçasının surətinə əsasən isə əmək faliyyəti üzrə aşağıdakı qeydlər müəyyən edilir: 1) xx.xx.1979-xx.xx.1980 Kürdəmir Təsərrüfatlararası Tikinti İdarəsi, inşaat ustası (7 ay 3 gün); 2) xx.xx.1981xx.xx.1992 - həmin idarədə inşaat ustası (10 il 8 ay 12gün); 3) xx.xx.1992 - xx.xx.2005 - 63 saylı X2 iş icraçısı 13 il 3ay 12 gün. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birinci iki halda iddiaçının Kürdəmir Təsərrüfatlararası Tikinti İdarəsində iş stajına dair əmək kitabçasının qeydlərinn tamlığının pozulması, qaralama və düzəlişlər mövcud olmasa da, üçüncü halda, əmək kitabçasının 6-7-ci qeydləri üzrə onun «xx.xx.1992 - xx.xx.2005-ci illərdə 63 saylı X2 iş icraçısı» kimi işə qəbul və işdən azad olunma barədə yazılar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Həmin qeydlər iddiaçı tərəfindən məhkəməyə təqdim olunan, onunla həmin müəssisədə birgə çalışmış digər iş yoldaşlarıın («A.İ.Abuşov», H.H.Dünyamalıyev») əmək kitabçalarının əsillərində qeydlər qarşılıqlı tədqiq olunarkən müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasında (surətində) «xx.xx.2005. Öz ərizəsinə əsasən işdən azad edilsin» xx/xx.2005 əmr-32. Ok: imza Mamedova N» sözlərindən ibarət 7-ci qeydi dolduran və onu imzalayan 63 saylı X1 kadrlar əməkdaşı «Mamedova H» adlı şəxsin imzası və yazıları, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən həmin şəxslərin «əmək kitabçasındakı kadrlar əməkdaşı Mamedova H adlı şəxsin imza və yazıları ilə eyni olmadığı adi gözlə də müşahidə olunur. Hazırkı mərhələdə iddiaçı Ərizəçi bu hala aydınlıq gətirərkən bildirmişdir ki, onun əmək kitabsının (konkret halda surətinin) onun işdən azad olunması barədə mübahisələndirilən 7-ci qeydin altındakı müssəsinənin kadrlar əməkdaşı «Mamedova H» tərəfindən deyil, müdiri tərəfindən imzalanmışdır. Belə olan halda, həm də əmək kitabçasının əsli məhkəməyə təqdim edilmədiyi (iddiaçının deməsinə görə itirilməsi) təqdirdə, iddiaçının əmək kitabçasının surətində olan mübahisələndirilən «xx.xx.1992-xx.xx.2005-ci illərə dair 63 saylı X2 işləməsi barədə 6-7-ci qeydlərin sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirilməsi istisna edir. Bu baxımından, iddiaçının əmək fəaliyyətininə dair yalnız arxiv məlumatlarının tədqiq olunması zərurəti yaranmış, bununla bağlı aparılan məhkəmə araşdırması zamanı isə aşağıdakılar müəyyən olunmuşdur. İddiaçının iddia ərizəsində istinad etdiyi, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir rayon Dövlət Arxivinin 29 yanvar 2020-ci il tarixli 27 saylı arxiv arayışında onun - xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinə kimi və xx.xx.1981-ci il tarixindən xx.xx.1992-ci tarixinə kimi Kürdəmir Təsərrüfatlararası Tikinti İdarəsində inşaat ustası, xx.xx.1995-ci il tarixindən xx.xx.2005-ci il tarixə kimi isə 63 saylı X6 (SMD) iş icraçısı vəzifələrində işlədiyi göstərilmişdir. Lakin həmin arxiv arayışında hansı arxiv sənədlərnə istinad edildiyi göstərilməmişdir. İşdən görünür ki, bununla bağlı birinci instansiya məhkəməsinin Milli Arxiv İdarəsinə ünvanladığı müvafiq sorğusu sonuncu tərəfindən aidiyyəti üzrə baxılması üçün Milli Arxivin Kürdəmir Rayon Dövlət Arxivinə göndərilmiş və bu sonuncu məhkəməyə ünvanladığı 14 avqust 2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçı «Ərizəçi barəsində verilmiş 29 yanvar 2020-ci il tarixli 27 nömrəli arxiv arayışı, onun əmək kitabçası əsasında verilmişdir. Ərizəçi çalışdığı Kürdəmir Təsərrüfatlararası Tikinti İdarəsi və 63 saylı X4 şəxsi heyətə dair sənədləri Kürdəmir rayon Dövlət Arxivi İdarəsinə təhvil verməmişdir…». İddiaçının məhkəməyə verdiyi izahatlarına əsasən isə müəyyən olunmuşdur ki, çalışdığı 63 saylı X5 fəaliyyəti yoxdur və hal-hazırda Kürdəmir rayonunda belə bir qürum mövcud deyil. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********549000 №-li,xx.xx.2020-ci il tarixli məhkəməyə ünvanlanmış məktubunda isə bildirmişdir ki, dövlət reyestrində 63 saylı X1 xx.xx.1989cu il tarixdə 24 qeydiyyat nömrəsi ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur, lakin müəssisənin 2004-cü ildən hazırki dövrədək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Dövlət Vergi Xidmətinin qeyd olunan məlumatından da göründüyü kimi, 63 saylı X3 2004-cü ildən hazırkı dövrə qədər inventarlaşmadan keçməmiş və VÖEN almaq üçün vergi orqanına müraciəti mövcud deyil. Halbuki, iddiaçının əmək kitabçasının işə əlavə olunmuş surətində onun həmin Dəstədən xx.xx.2005-ci il tarixinə işdən azad olunması barədə qeydi mövcuddur. Beləliklə də, qeyd olunanlar nəzərə alınmaqla, iddiaçının xx.xx.1992 - xx.xx.2005 - 63 saylı X2 iş icraçısı kimi işlədiyi 13 il 3 ay 12 gününün onun iş stajı kimi qəbul olunmasını istisna edilir. Belə olan halda, onun xx.xx.2006-cı il tarixinədək 25 il ümumi iş stajı və bunun 12 il 6 aynını güzəştli pensiya hüququ verən vəzifədə çalışması, bununla da ona 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1313/2022 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1763/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı E.Xanzadə tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamışdır və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. İş materiallarını araşdıraraq məhkəmə qeyd edir ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Ərizəçi isə hazırda əmək stajını təsdiq edən həmin sənədləri (əmək kitabçasının surəti, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) ərizəsinə əlavə etmişdir. Bundan başqa məhkəmə iclasında ərizəçi vurğulamışdır ki, işə inzibati məhkəmələr tərəfindən baxılarkən onun əmək kitabçasının əsli olmamışdır. Hazırda isə kitabça onun tərəfindən tapılmışdır. O, həmin kitabçanın əslini (surəti iş materiallarına əlavə edilməklə) məhkəməyə təqdim etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 5.1-ci bəndində göstərilir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilən Qərarın 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, ərizə üzrə icraata xitam verilməli və ərizəçiyə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsini rəhbər tutaraq qəraraaldı: Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində cəlb edilməklə) “iş stajının olması və həmin stajın güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı kimi müəyyənləşdirilməsi” barədə üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilsin. Ərizəçiyə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-3087/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3087/2024
14.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver