Məhkəmə qərarları › İş №2(011)-309/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-309/2021

22.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-309/2021 22.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin hərracda satılması və paylara uyğun olaraq ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 mənzilinin açıq hərracda satılması, satış pulunun paylara uyğun olaraq ½ hissədə mülkiyyətçilərə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 mənzilin ½ hissəsi İddiaçı, digər ½ hissəsi Cavabdeh məxsusdur, iddiaçının cavabdehlə münasibətləri yaxşı deyildir, onların bir evdə yaşaması mümkün deyildir, iddiaçının mənzilin natura qaydasında bölünməsi tələbi 06 fevral 2020-ci il tarixli, 2(011)-152/2020 saylı qətnamə ilə rədd edilmişdir, həmçinin İddiaçı 55000 manat pay dəyərinin cavabdehdən alınması ilə bağlı danışıqlar da fayda verməmişdir. Sonda Vəkil iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 mənzilinin açıq hərracda satılması, satış pulunun paylara uyğun olaraq ½ hissədə mülkiyyətçilərə ödənilməsinə etiraz etmədiyini bildirərək ekspertiza rəyinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil ½ paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 06.10.2011-ci il tarixdə Cavabdeh (1/2 hissə) və 11.02.2012-ci il tarixdə İddiaçı (1/2 hissə) adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil ½ paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 06.10.2011-ci il tarixdə Cavabdeh, digər ½ hissəsi isə X2 ½ hissə (açıq qalır) məxsusdur. İş materiallarında olan 15.10.2010-cu il tarixli Məcburi pay vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 22.03.2010-cu il tarixdə vəfat etmiş X1 əmlakının ½ hissəsinə - Rusiya Federasiyası vətəndaşı olan oğlu – İddiaçı vərəsədir. Göstərilən payda şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi 241 a saylı binada yerləşən 16 saylı mənzildən ibarətdir. Göstərilən miras əmlakın ½ hissəsinə vəsiyyət üzrə Cavabdeh qızına düşən vərəsəlik pay açıq saxlanmışdır. İş materiallarında olan 30.10.2010-cu il tarixli Vəsiyyət üzrə vərəsəlik hüququ əsasında şəhadətnamənin surətindən görünür ki, 22.03.2010-cu il tarixdə vəfat etmiş X1 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi 241 a saylı binada yerləşən 16 saylı mənzilin ½ hissəsindən ibarətdir. Miras əmlakın ½ hissəsinə məcburi pay verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS üzrə məlumat şöbəsinin 18.05.2020-ci il tarixli arayışından görünür ki, Güli-zadə Əfqan Həmid oğlunun qeydiyyatı ilə əlaqədar məlumat yoxdur. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 109 saylı, 23.11.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 mənzilinin hazırki bazar qiymətinə uyğun olaraq satış məbləği manatla təqribən 70014,0 (yetmiş min on dörd) manat təşkil edir. Məhkəmə ekspert rəyini sübut kimi qəbul edərək ünvan 1 mənzilin ilkin satış qiymətinin 70014 (yetmiş min on dörd) manat müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən mübahisə predmeti olan əmlak hər birinə ½ hissə olmaqla Cavabdeh və İddiaçı paylı mülkiyyətindədir, həmin əmlakın naturada ayrılması mümkün deyil, əmlakın satılması və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında tərəflər arasında razılıq əldə edilməmişdir, mənzilin hazırkı bazar dəyəri 70014 manatdır. Bununla belə, paylı əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin tərəflərin paylarına müvafiq olaraq bərabər bölünməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04.04.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflərin ümumi paylı mülkiyyətində olan ünvan 1 mənzilin ilkin satış qiyməti 70014 (yetmiş min on dörd) manat müəyyən olunmalı, həmin mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait İddiaçı və Cavabdeh arasında paylarına uyğun olaraq ½ hissədə bərabər bölünməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 1 mənzil açıq hərracdan satılsın, satış pulu paylara uyğun olaraq 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş məbləğdən 15 (on beş) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar