Məhkəmə qərarları › İş №2(011)-3100/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3100/2022

13.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3100/2022 13.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən məcburi çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi P.Y.Bayramov iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı məsələsinə baxılır, mövcud Fərmanın ikinci bəndinə əsasən yaradılmış müvafiq komissiya tərəfindən dövlət hesabına cavabdeh 09 iyun 2020-ci il tarixdə ünvan 2 ünvanında sahəsi 72,76 kv/metr olan 3 otaqlı daimi yaşayış sahəsi ilə təmin edilmişdir, əmlak cavabdehin adına qeydiyyata alınmışdır, dövlət hesabına mənzillə təmin olunana qədər cavabdeh xx.xx.2018-ci il tarixdə 36-37 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, ünvan 1 ünvanında xidməti yaşayış sahəsi ilə təmin olunmuşdur, onun artıq hazırki xüsusi-təyinatlı yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır, cavabdehə daimi yaşayış sahəsi ilə təmin edildikdən sonra iddiaçıya məxsus xidməti yaşayış sahəsini Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verilməsi üçün edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən yaşayış sahəsini hazırki vaxta qədər təhvil verməmiş və onun istiqamətində heç bir iş görməmişdir. Sonda iddiaçının nümayəndəsi P.Y.Bayramov iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cavabdeh arasında bağlanmış 36-37 №-li xx.xx.2018-ci il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Xətai rayonu, Naximov küçəsi 9a nömrəli 36-37 nömrəli mənzil kirayə haqqı ödənilmədən, müvəqqəti yaşamaq üçün kirayəçinin - Cavabdeh sahibliyinə verilmişdir. Həmin müqaviləsinin 4.3-cü bəndinə əsasən, kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yerə köçdükdə, bu müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. Həmin müqavilənin 4.7-ci bəndinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin digər dövlət orqanının təsərrüfat və ya operativ idarəçiliyinə verilməsi bu müqavilənin xitamına səbəb olur. İş materiallarında olan "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 2 ünvanında sahəsi 73,3 kv/metr olan mənzil alıcıya satılmışdır. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən elektron çıxarışdan görünür ki, ünvan 2 Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Rəisinin xx.xx.2018-ci il tarixli 108 Nömrəli Əmrindən görünür ki, Müdafiə Nazirliyinin xidməti fondlarını qoruyub saxlamaq və düzgün istismarını təşkil etmək məqsədi ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinin maddi-texniki təminat üzrə müavini “Zığ-9a” hərbi şəhərciyində baş plan üzrə 120 nömrəli binanın Abşeron rayon Mənzil-istismar hissəsinin təminatına təhvil verilməsinin təmin edilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Təhvil-qəbul Aktından görünür ki, Zığ-9a” 120 nömrəli yataqxana binası Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi tərəfindən Abşeron rayon Mənzil-istismar hissəsi 2 nömrəli Mənzil-istismar sahəsinə təhvil verilmiş, sonuncu tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Xətai rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 2/2204 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9 A ünvanında yerləşən, baş plan üzrə 120 nömrəli yataqxana binası hal-hazırda İddiaçı balansındadır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh mənzili xx.xx.2021-ci il tarixədək boşaltması barədə xəbərdarılq edilmiş, Cavabdeh Hövsan yaşayış kompleksində bina tam hazır olmadığı üçün (su yoxdur, yaşayış yeri yararı deyil və s.) mənzilə köçə bilmir, bina hazır olanda köçəcəyini xx.xx.2021-ci il tarixdə yazılı olaraq bildirmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, sonuncuya AR Mənzil Məcəlləsinin 102.1 maddəsini və qeyd olunanları nəzərə alaraq dövlət hesabına daimi mənzillə təmin olunduğu üçün hərbi yataqxanada yaşadığı mənzii təhvil verməyə borclu olduğu bildirilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və hərbi qulluqçu Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Xətai rayonu, Naximov küçəsi (yeni qaydalarla: Polad Həşimov küçəsi) 9A nömrəli 37 nömrəli mənzil müvəqqəti yaşamaq üçün sonuncuya kirayəyə verilmişdir, həmin mənzilin yerləşdiyi bina hal-hazırda İddiaçı balansındadır, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, ünvan 2 ünvanında sahəsi 73,3 kv/metr olan mənzil dövlət hesabına sonuncuya verilmişdir, mənzil hazırda cavabdehin mülkiyyətindədir, cavabdehin xüsusi təyinatlı yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır, hazırki iddia tələbi cavabdehin ünvan 1 ünvanında yerləşən xüsusi təyinatlı mənzildən çıxarılması barədədir, cavabdeh yaşayış sahəsindən çıxmaqdan imtina edir. Bununla belə, Cavabdeh iddiaçıya məxsus mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. İddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, dövlət hesabına yeni mənzillə (ünvan 2) təmin edilməklə cavabdehin mübahisəli xüsusi təyinatlı yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır ki, bu da onun həmin mənzildən (Xətai rayonu, Naximov küçəsi (yeni qaydalarla: Polad Həşimov küçəsi) 9A nömrəli 37 nömrəli mənzil) istifadə hüququnun itirilməsi üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.2.5-ci maddəsinə əsasən, mənzil hüquqlarının müdafiəsi mənzil münasibətlərinə xitam verilməsi və ya bu münasibətlərin dəyişməsi üsullarla həyata keçirilir. Həmin Məcəllənin 17.3.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu.Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Həmin Məcəllənin 92-ci maddəsinə əsasən, xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən, yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 97.2-ci maddəsinə əsasən, xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşların kateqoriyaları qanunvericiliklə müəyyən edilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən, xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən, yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 4 ünvanında yerləşən xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılmalıdır. Məhkəmə dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 4 ünvanında yerləşən xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar