Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3133/2022 14.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 2001-ci ildə faktiki ailə münasibətinə daxil olaraq ailə qurmuş və el adəti ilə toy etmişdir. 2001-ci ilin noyabr ayının 14-də ünvan 1 ünvanında yerləşən evə gəlin gəlmişdir. Övladları 01 dekabr 2003-cü il təvəllüdlü X8 və 13 avqust 2006-cı il təvəllüdlü X10 həmin evdə dünyaya gəlmiş və böyüyüb boya başa çatmışdır. Təxminən 3 il bundan əvvəl isə münasibətləri kəskinləşdiyi üçün cavabdeh onu və övladlarını zorla həmin evdən qovmuşdur. Lakin sonradan cavabdehlə münasibətləri normallaşmağa başlamış və cavabdeh hər dəfə ona vəd verərək gəlin köçüb yaşadığı və iki övlad dünyaya gətirdiyi Xətai rayonu, N.Tusi küçəsi, ev 14, mənzil 79 ünvanında yerləşən evə köçüb yaşamağa icazə verəcəyini bildirmişdir. O, da hər dəfə cavabdehin bu vədinə inanaraq, sözügedən mübahisəli evə köçəcəyi günü gözləmişdir. Lakin artıq aldandığını və cavabdehin məqsədinin onun həmin evdə yaşamağa imkan verməyəcəyini anlamış və bu səbəbdən də, Xətai rayonu, N.Tusi küçəsi, ev 14, mənzil 79 ünvanında yerləşən evə köçürülməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, onun, övladları 01 dekabr 2003-cü il təvəllüdlü X8 və 13 avqust 2006-cı il təvəllüdlü X10 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin çıxışlarını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 481488 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, X8 xx.xx.2003cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İ seriyalı, 903463 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, X10 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İ seriyalı, 046771 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 01 dekabr 2003-cü il tarixdə doğulmuş X4 atası hesab edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 088655 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 13 avqust 2006-cı il tarixdə doğulmuş X6 atası hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 207740 №-li Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 93 saylı evin, 2 saylı mənzili X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 08 aprel 2005-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan 15 sentyabr 2021-ci il tarixli Kirayə müqaviləsindən görünür ki, bir tərəfdən İddiaçı (bundan sonra kirayəçi adlandırılacaq) və digər tərəfdən X5 (bundan sonra kirayəyə verən adlandırılacaq) arasında kirayə müqaviləsi bağlanmış və müqavilənin predmeti isə kirayəyə verən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilini kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun qarşılığında Müqavilə ilə müəyyən edilmiş qaydada və məbləğdə kirayə haqqı ödəməyi öhdəsinə götürməsindən ibarət olmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 14A, 79 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 12 may 2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “X16” vəkil bürosuna ünvanlanmış 28 iyul 2022ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 14, 79 saylı mənzil 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu T.A.Bayramov tərəfindən təsdiqlənmiş 2V-376 reyestr nömrəli 10 may 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 12 may 2022-ci il tarixdən qeydiyyatdan keçmişdir və ********** qeydiyyat nömrəli 12 may 2022-ci il tarixli elektron çıxarış verilmişdir. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə bağlı Qərarlarında verdiyi şərhlərdə dəfələrlə vurğulamışdır ki, Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. Qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan MM-in 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Mülki işdə olan sübutlardan müəyyən olunur ki, İddiaçı Cavabdeh ilə 2001-ci ildə faktiki ailə münasibətinə daxil olaraq el adəti ilə toy etmiş, 2001-ci ilin noyabr ayının 14-də Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 14, 79 saylı mənzilə gəlin köçmüş, cavabdehlə faktiki münasibətlərindən 3 övladları doğulmuşdur. Tərəflərin izahatları və iş materiallarında olan sübutlarla təsdiq edilir ki, iddiaçı mübahisəli mənzilə köçdüyü zaman həmin mənzilin mülkiyyətçisi cavabdehin anası X5 olmuşdur. Həmçinin işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 14, 79 saylı mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 12 may 2022-ci il tarixdən X2, yəni cavabdehin bacısının adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. Hazırda iddiaçı cavabdehlə faktiki nikah münasibətlərində olduğu zaman yaşadığı Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 14, 79 saylı mənzilə övladları ilə birlikdə köçürülməsini tələb etsə də, iddianı mübahisəli mənzilin hazırki mülkiyyətçisi olan X3 qarşı deyil, faktiki nikah münasibətlərində olduğu şəxsə qarşı irəli sürmüşdür. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına, həmçinin işdə olan sübutlara əsaslanaraq, belə qənaətə gəlir ki, İddiaçı mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi X5, həmçinin hazırda faktiki mülkiyyətçisi X7 ilə istifadə hüququna dair notarial qaydada təsdiq olunmuş müqavilənin bağlanmaması, həmin mənzilə dair onun istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması iddiaçının mübahisəli mənzil üzərində istifadə hüququnun yaranmadığına dəlalət edir. Bununla yanaşı iddia əsl olmayan cavabdehə qarşı irəli sürülmüşdür. Odur ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3133/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3133/2022
14.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver