Məhkəmə qərarları › İş №2(011)-3137/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3137/2021

01.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3137/2021 01.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “cavabdehlərin yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında iddiaçıya məxsus yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçıya məxsus ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışlar. Cavabdeh1 iddiaçının qızıdır, o, ailə quraraq Nizami rayonunda yerləşən ərinə məxsus mənzildə yaşayır. Digər cavabdehlər köçüb gedərək özlərinə yeni ev almışlar, lakin onların iddiaçıya məxsus mənzildə qeydiyyatları saxlanılır. Cavabdehlərin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus yaşayış evində qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 4-cü Rezervuar küçəsi, ev 8 ünvanında yerləşən yaşayış evi İddiaçı mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 iddiaçının qohumları olmaqla ona məxsus yaşayış sahəsindən köçərək başqa yerə getmişlər. Lakin onlar hazırda Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 4-cü Rezervuar küçəsi, ev 8 ünvanında yerləşən yaşayış evində qeydiyyatdadırlar. Məhkəmə iddia tələbinin iddiaçının gəlini Cavabdeh2 mənzildən istifadə hüququnun itirilməsi hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 öz izahatında bildirmişdir ki, o, 1980-ci ildə mübahisəli yaşayış evinə gəlin köçmüşdür. Eyni həyətdə yerləşən üç ayrı ev mövcud olmuş, evlərin birində iddiaçı, digərində iddiaçının ikinci övladı, üçüncü yaşayış evində isə Cavabdeh2 öz əri ilə birlikdə yaşamışlar. Yaşayış evləri eyni həyətdə yerləşdiyi üçün onların ünvanı ümumi-ünvan 2muşdur. Cavabdeh2 həmin ünvanda qeydiyyatda olsa da, o, iddiaçının evində heç bir zaman yaşamamışdır. Əri öldükdən sonra o, əri ilə birlikdə yaşadığı yaşayış sahəsindən başqa yerə köçüb getmişdir. Hazırda kirayədə yaşayır. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh2 ilə yaranan ailə hüquq münasibətləri 1980-ci ildə yarandığından hazırkı mübahisəli hüquq münasibətinə həmin dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə olan halda, hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinin üçüncü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Göstərilən Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının gəlini Cavabdeh2 qeyd edilən yaşayış evinin keçmiş sakini olmaqla, yaşayış sahəsindən köçüb getmişdir və hal-hazırda həmin yaşayış evində yaşamır. Onun həmin yaşayış sahəsində qeydiyyatı formal xarakter daşıyır. Bunlara əsasən məhkəmə hesab edir ki, iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi yaşayış evinə Cavabdeh2 istifadə hüquqlarına xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının nəvələri Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mübahisəli yaşayış sahəsində bir müddət yaşamışlar, ataları vəfat etdikdən sonra onların arasında ailə qurmuş olanlar köçüb öz ailəsi ilə birlikdə yaşamağa başlamış, digərləri isə anaları Cavabdeh2 ilə birlikdə başqa yerə köçüb yaşamağa başlamışlar. Onların mübahisəli yaşayış sahəsində qeydiyyatları formal xarakter daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh7 və Cavabdeh8 isə Cavabdeh6 yetkinlik yaşına çatmayan uşaqları olmaqla məhz valideynləri mübahisəli mənzildə qeydiyyatda olduğu üçün həmin ünvana qeydiyyata alınmışlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə iddia tələbinin Cavabdeh1 yaşayış sahəsindən istifadə hüququnun itirilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı öz qızı Cavabdeh1 2019-cu il tarixdə mübahisəli yaşayış sahəsinə qeydiyyata aldırmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı 28 mart 2020-ci ildə Cavabdeh1 adına vəsiyyətnamə vermiş, 23 fevral 2021-ci il tarixdə iddiaçının ərizəsinə əsasən vəsiyyətnamə ləğv edilmişdir. Cavabdeh1 mübahisəli yaşayış sahəsində 2019-cu ildən qeydiyyatda olsa da, o, heç bir zaman həmin yaşayış evində yaşamamışdır, hazırda da həmin yaşayış evində yaşamır. Onun özünün ailəsi ilə birgə yaşadığı ayrıca evi vardır. Məhkəmə hesab edir ki, Cavabdeh1 mübahisəli mənzilə 2019-cu ildən qeydiyyata alındığından hazırkı mübahisəli hüquq münasibətinə həmin dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Yuxarıda istinad edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 qeyd edilən yaşayış sahəsində yaşamadığından, onun yaşayış sahəsinə istifadə hüququ yaranmamışdır. Odur ki, yaranmayan istifadə hüququ məhkəmə tərəfindən itirilə bilməz. Göründüyü kimi, həm Mülki Məcəllənin, həm də Mənzil Məcəlləsinin tələbləri baxımından cavabdehin mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, yaranmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi əsassızdır. Buna görə də iddia tələbi Cavabdeh1 aid hissədə rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh1 mübahisəli mənzilə qeydiyyatı icazə xarakteri daşımır və yalnız qanunvericilik ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilərdi. İşin hallarından da göründüyü kimi Cavabdeh1 mübahisəli mənzildə formal olaraq qeydiyyatdadır və faktiki olaraq qeyd edilən mənzildə yaşamır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə Cavabdeh1 mübahisəli mənzildən qeydiyyatdan çıxarılmasını məqsədə müvafiq hesab edir. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında iddiaçıya məxsus yaşayış evindən istifadə hüququna xitam verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Bu qətnamə Cavabdeh1 ünvan 1 ünvanında yerləşən yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar