Məhkəmə qərarları › İş №2(011)-3143/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3143/2022

18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3143/2022 18.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sərdliyi Bayramova Nərmin Nizami qızının katibliyi ilə, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 6457,00 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 2020-ci ilin may ayının 17-si tarixində aralarında olan şifahi razılaşmaya əsasən, sahibi olduğu yeni tikilmiş Xətai rayonu, Sadıqcan küçəsi 15 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında, orada yaşayan sakinlərdən ayda 150 manat pul müqabilində, kommunal xərclərin yığılması və binada cari işlərin görülməsinə nəzarəti öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə düşən öhdəliyin yerinə yetirilməsində tam şəkildə sərbəst olmuşdur. Cavabdehlə iddiaçı arasında olan, yuxarıda qeyd edilmiş razılığa əsasən onun atası dünyasını dəyişəndən sonra gəlmişdilər. Cavabdehdən əvvəl 4 ildən artıq kommunal xərclərini bina sakinlərindən onu mərhum atası yığırdı. Cavabdeh ilk aylarda doğru, dürüst işləsə də, sonrakı aylarda iddiaçını aldadaraq, yığılmış pulları iddiaçıdan gizlətməyə başlamışdır. Dəfələrlə cavabdeh ilə profilaktik söhbətlər aparsa da, heç bir təsiri olmamışdır. Ona görə də, 2022-ci ilin fevral ayının 1-dək tərtib etdiyi hesabatı 2022-ci ilin fevral ayının 12-də iddiaçıya təhvil verdi. Cavabdehin 2020-ci ilin oktyabr, noyabr və dekabr aylarının hesabatından məlum olmuşdur ki, o, 819 manat pulu mənimsəmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən müəyyən edilmişdir ki, cavabdeh sakinlərdən yığdığı kommunal xərclərə dair onlara müvafiq qəbzlər təqdim etmişdir. Sonra isə həmin vəsaitlərin tən yarıdan çoxunu hesabatdan gizlədir və hesabatın gəlir hissəsini xərclərə uyğun qurur. Ancaq başa düşmür ki, əgər bu ay 20 nəfərin ödənişini yazmayıba, o, ödənişlər gələn ayın üstünə gələcək. Beləliklə də, o, özünü ifşa etmiş olacaq. Təqdim olunmuş əl yazmalarında hər dəlil və sübut aşkar olaraq görünür. 2021-ci ilin yanvar ayından 2022-ci ilin fevral ayının 1nə olan müddətdə, yəni 13 ayda eyni üsulla 5638,00 manat vəsaiti mənimsəmişdir. Ümumilikdə isə, cavabdeh kommunal xərclərə dair sözügedən binanın sakinlərindən yığdığı vəsaitdən 16 aya 6457,00 manat pulun mənimsədiyi müəyyən olunur. Cavabdeh mənzillər üzrə yığılan ödənişi təsdiq edən üstəgəl (+) faktiki qrafiki dolu qoyduğu halda, onu hesabata saldığı ödənişləri üstəgəl (+) işarələri ilə işarələməsindən alınan qrafik tam fərqlidir. Belə ki, o, mənzillərin 16 ayda ödədiyi vəsaitin 1 ayını mənimsəyib və bir ayını isə hesabata salıb. Bəzi hallarda isə, daha çox vəsaiti mənimsəyib. İddiaçı cavabdehə hesabat dövründə yığılan kommunal ödənişlərin, işıq pullarının nüsxələrinin tam sıyahısını və onun əl yazması ilə xərclərin pul vəsaitlərinin sıyahısının nüsxələrini təqdim etmişdir. Cavabdeh isə iddiaçını aldatmaq niyyəti ilə, yalandan üzünə duraraq bildirir ki, guya, o, yığılan vəsaitin hamısını iddiaçıya verib. Lakin bu faktla bağlı cavabdeh quru sözdən başqa heç bir sübut təqdim edə bilmir. Cavabdeh iddiaçıya yuxarıda qeyd olunan pul borcunu ödəməkdən imtina edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını araşdıraraq belə qənaət gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MTK-nın direktoru tərəfindən “X2” MMC-nin direktoru X.D. Bəylərova ünvanlanmış, xx.xx.2004-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 2942 A məhəlləsində 5 ədəd yaşayış binasının inşa edilməsi üçün 0,40 ha torpaq sahəsi ayrılmışdır. Ancaq maliyyə çətinlikləri ucbatından həmin binaların inşa olunmasında iddiaçı köməklik edərək onlar ilə şərikli tikintinin aparılması üçün müqavilənin imzalanması üçün müraciət etmişdir. İş materiallarında olan "xxxx" MTK ilə “X3” MMC arasında imzalanmış xx.xx.2004-cü il tarixli 02 nömrəli müqavilənin surətindən görünür ki, tərəflər aşağıdakılar barədə razılaşmışdırlar: - "xxxx" MTK Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 186 saylı Sərəncamı ilə Xətai rayonu, Sadıqcan küçəsi 2942 A məhəlləsində 0,40 ha ərazidə inşa edilmək üçün ayrılmış 5 ədəd yaşayış binasının 1 ədədini və binanın 1-ci mərtəbəsinin səviyyəsində binanın kəlləsində olan və proektdə göstərilən oval tipli mağaza “X3” MMCyə inşa edilməsinə və mənzillərin satışının təşkil edilməsinə razılıq verilsin; - Bina istifadəyə verildikdən sonra "xxxx" MTK-nın balansına götürülür. İş materiallarında olan “X4” MMC-nin xx.xx.2004-cü il tarixli 02 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixində cəmiyyətə İcraçı Direktor təyin edilmişdir. İş materiallarında olan Xətai rayonu, Sadıqcan 15 ünvanında “X1” MMC tərəfindən yeni inşa edilmiş yaşayış binasının payçıları arasında keçirilən iclasın xx.xx.2010-cu il tarixli protokolundan çıxarışdan qeyd edilir ki, 28 nəfər payçılar iştirak edərək, binanın bütün işlərinə, mənzil kommunal pulların yığılmasına, cari təmirlərin aparılmasına, ödənişlərə və yığına pulların saxlanılmasına nəzarət İddiaçı həvalə edilsin, yaşayış binasında göstərilən kommunal xidmətlərə görə haqq 20 manat məbləğində müəyyən edilsin. İş materiallarında olan əlyazmalardan ibarət 4 ədəd dəftərlərdə və cədvəl şəklində tərtib edilmiş hesabatlarda hər hansı bir hesablamanın aparıldığı görülsə də, həmin hesablamanın cavabdehin ünvan 2 ünvanında yerləşən yaşayış binasının sakinlərindən kommunal xərclərə görə pulların yığılması ilə bağlı olduğunu, hansı məbləğlərin yığıldığını və kommunal xərclərin ödənilməsi üçün hansı məbləğlərin xərcləndiyini müəyyən etmək mümkün deyil. İş materiallarında olan "xxxx" ASC-nin abunə "xxxx" MTK-yə aid hesab ödəniş vərəqələrindən həmin MTK-nın ünvan 3 ünvanı üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış borcla bağlı məlumatlar əks edilsə də, həmin məlumatlardan da cavabdehin ünvan 2 ünvanında yerləşən yaşayış binasının sakinlərindən kommunal xərclərə görə pulların yığılması ilə bağlı olduğunu, hansı məbləğlərin yığıldığını və kommunal xərclərin ödənilməsi üçün hansı məbləğlərin xərcləndiyini müəyyən etmək mümkün deyil. İddia tələbinin hüquqi əsasını Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 2942 A məhəlləsində yerləşən yaşayış binasının sakinləri ilə həmin yaşayış binasının idarə edən orqan arasında 6457,00 manat məbləğində kommunal xidmətlərin ödənilməsi bağlı münasibətlərin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının 30 iyun 2009cu il tarixli, 845-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi, mənzil-tikinti kooperativi üzvləri üçün – mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. Həmin Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Həmin Məcəllənin 137.7-ci maddəsinə əsasən bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia predmetini Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 2942 A məhəlləsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən binada kommunal ödənişlərə görə sakinlərdən yığılmış 6457,00 manat məbləğində pul vəsaiti təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda istinad edilən normalarından görünür ki, mənzil-tikinti kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil-tikinti kooperativinin idarəetmə orqanına, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin idarəedici təşkilata, bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri isə müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanan müqavilələrə uyğun olaraq ödəyirlər. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı İddiaçı və ya onun icraçı direktor olduğu “X1” MMC ilə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 2942 A məhəlləsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə binanın idarə edilməsi ilə bağlı fəaliyyətinin həyata keçirilməsi üçün ilə hər hansı bir müqavilənin bağlanıldığı müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı binada sakinlərdən yığılmış kommunal haqların ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Bu səbəblə də iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Digər tərəfdən, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 2942 A məhəlləsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərindən Cavabdeh tərəfindən kommunal xidmətlərə görə pulların yığılaraq mənimsəndiyini iddia etsə də, məhkəməyə bu halı təsdiq edilməsi üçün hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 6457,00 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 6457,00 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddiası rədd edilməlidir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar