Məhkəmə qərarları › İş №2(011)-3174/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3174/2022

12.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3174/2022 12.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzilin açıq hərracda satılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – ünvan 1 ünvanında yerləşən cavabdehlə paylı mülkiyyətdə olan mənzilin açıq hərracda satılmasına və əldə olunmuş gəlirin paylara mütənasib mülkiyyətçilərə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin mülkiyyətçisi iddiaçının atası X3 olmuşdur. İddiaçının atası rəhmətə gedəndən sonra iddiaçı və cavabdeh onun vərəsəsi kimi qanuna müvafiq olaraq mülkiyyət üzərində paylarını müəyyən etməklə beş otaqlı mənzilin iki otağı ümumi sahəsi 29,45 kv.metr iddiaçıya, cavabdehə isə 3 otaq ümumi sahəsi 46,73 kv.metr müəyyən olunmuşdur. Bu barədə onların çıxarışları var. Hazırda iddiaçı ilə cavabdeh eyni mənzildə yaşaya bilmir. Ailə üzvləri çoxdur. İddiaçı cavabdehlə dəfələrlə mənzilin satılmasını eləcə də, iddiaçıya düşən iki otağı, yəni payını ona satmağını təklif etsə də, cavabdeh iddiaçı ilə razılaşmamış və iddiaçının təklifini rədd etmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli pretenziya ərizəsi də iddiaya əlavə olunmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 210/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan evin naturada ayrılması” barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5444/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı apelyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-210/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayət üzrə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. İşin materiallarından görünür ki, İddiaçı Cavabdeh mənzili satmasına dair məktub göndərmişdir. İş materiallarında görünür ki, "xxxx" MMC-nin ünvan 2 ünvanında 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 5 otaqlı mənzilin xx.xx.2022-ci il tarixinə bazar dəyəri 140000 manat təşkil edir. İş materiallarında görünür ki, ünvan 2 ünvanında 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 5 otaqlı mənzilinin bazar qiymətinə və likvid qiymətinə uyğun qiymətləndirilməsi məhkəmə tərəfindən "xxxx" MMC-nə həvalə olunmuş və MMC-nin ünvan 2 ünvanında 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 5 otaqlı mənzilinin bazar dəyərinin 140000 manat, likvid dəyərinin 126000 manat olması müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qeyd edilən Məcəllənin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, müxtəlif hissələrdən ibarət olub, vahid mürəkkəb əmlak sayılan Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 52 ünvanında yerləşən mübahisəli 89 saylı mənzilin göstərilən qaydada bölünməsi açıq-aşkar məqsədə uyğun deyildir. Buna görə də mübahisəli mənzil açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaiti tərəflər arasında paylarına mütənasib surətdə bölünməlidir. Məhkəmə həmçinin hesab edir ki, hazırda mübahisəli mənzilin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 52 ünvanında yerləşən mübahisəli 89 saylı mənzilin qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən ilkin satış qiyməti 140000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı (2 otaq y/s-29,45 kv.metr) və Cavabdeh (3 otaq y/s-46,73 kv.metr) paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 52 ünvanında yerləşən 89 saylı mənzilin ilkin satış qiyməti 140000 (yüz qırx min) manat məbləğində müəyyən olunmaqla, mənzil açıq hərracdan satılsın. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 52 ünvanında yerləşən 89 saylı mənzilin satılmasından əldə edilən vəsait İddiaçı ilə Cavabdeh arasında paylarına mütənasib surətdə bölünsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar