Məhkəmə qərarları › İş №2(011)-3188/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3188/2024

05.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3188/2024 05.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “işə bərpa” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı xx.xx.2013-cü il tarixdə Cavabdeh MMC-nin 33 saylı mühafizə hissəsinə 4-cü dərəcəli atıcı vəzifəsinə işə qəbul edilmişdir.

2. Cavabdehin xx.xx.2023-cü il tarixli, 99/K saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

3. İddiaçı cavabdehin xx.xx.2023-cü tarixli 99/k saylı əmrinin ləğv edilməsi, vəzifəyə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı idda ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən ona ünvanlanan 28 avqust 2023-cü il tarixli məktubunda deyilir ki. "Sizinlə bağlanmış 21 oktyabr 2013-cü il tarixli 2520 nömrəli əmək müqaviləsinə 25 avqust 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-c maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən xitam verilmişdir. Siz əmək kitabçasını Cavabdeh MMC-nin Kadrlar şöbəsindən (Bakı şəhəri. Yasamal rayonu Həsən-bəy Zərdabi-94 ünvanından) götürə bilərsiniz. Əmək müqavilənizə xitam verilməsi ilə bağlı əmrdən çıxarış məktuba əlavə edilir”. "xxxx" ASC "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-nin 25 avqust 2023-cü il tarixli 99/k saylı əmrdən çıxarışda da göstərilmişdir ki, “Mərkəzi-Aran regionu üzrə mühafizə xidmətinin alıcısı İddiaçılə bağlanmış əmək funksiyalarını və öhdəliklərim yerinə yetirməyərək növbə zamanı mühafizə postunu özbaşına tərk etdiyinə, mühüm strateji obyektin mühafizəsindən yayınaraq X1 yatmaqla “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi" MMC-nin Xidmətin təşkili və aparılması haqqında Təlimat-ın tələblərini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasəm 25 avqust 2023- ci tarixdən xitam verilsin. İndiyənə kimi belə bir hadisə olmamışdir. Özünü narahat hiss eldiyi üçün bir balaca mürgüləmişdir. Bu da birinci səfər idi ki, elə hadisə baş verirdi. Bundan əlavə mühafizə xidmətinin atıcı işləyərkən heç bir intizam qaydasında məsuliyyətə cəlb edilməmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, 09 avqust 2023-cü il tarixdən 10 avqust 2023-cü il tarixinə keçən gecə "Goranboy 330 kv-luq Paylaşdırın Məntəqəni" mühafizə edən "xxxx" MMC-nin Mərkəzi Aran regionu üzrə mühafizə xidmətinin ätıcısı İddiaçı qadağan olunmasına baxmayaraq xidmət etdiyi 2-ci postu, özbaşına tərk edib 1-ci posta X3 gəlmiş və orda xidmət aparan X5 bir qədər söhbət etdikdən sonra hər ikisi mühafizədən yayınaraq stulların üzərində yatmışdır. Həmin şəxslər öz hərəkətələri ilə "xxxx" MMC-nin Xidmətin təşkili və aparılması haqqında Təlimat'Tn tələblərim kobud şəkildə pozmuş və əmək müqaviləsi üzrə əmək funksiyalarını və vəzifə öhdəliklərini bilərəkdən yerinə yetirməməklə əmək və icra intizamının normal ahəngini pozmuşdur.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

7. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

8. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

9. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

10. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

11. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

12. Maddə 70 “ç” bəndi ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

13. Maddə 80.1 Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə tərəflərin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

18. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

19. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Goranboy rayonunda tərtib edilmiş aktdan görünür ki, 09.08-xx.xx.2023-cü il tarixdə Mərkəzi Aran regionu üzrə mühafizə xidmətinin Goranboy 330 kv-luq yarımstansiyasında gecə növbəsində olan atıcı İddiaçı və atıcı X5 "xxxx" ASC-nin nəzarət idarəsinin keçirdiyi yoxlama zamanı saat 01:45də yatılı vəziyyətdə aşkar edilmişlər.

20. İş materiallarında olan Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli iclasında №24 saylı protokolundan görünür ki, 09 avqustdan 10 avqusta keçən gecə Goranboy 330 kv-luq Paylayıcı Məntəqəsində gecə növbəsində mühafizə aparan atıcılar İddiaçı və Tural Əliyev tutduqları vəzifəylə bir araya sığmayan ciddi xidməti pozuntuya yol verərək mühafizə işindən yayınmış və X1 yatmışlar. Əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv olunmasına komitənin öz razılığını bildirməsi qərara alınmışdır.

21. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh MMC tərəfindən Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri cənab C.B.Abuşova ünvanlanmış məktubdan görünür ki, iddiaçı əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə öz münasibətini bildirməyi xahiş olunmuşdur.

22. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh MMC-nin 99/k saylı xx.xx.2023-cü il tarixli əmrinin surətindən görünür ki, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək mühafizə postunu özbaşına tərk etdiyinə, mühüm strateji obyektin mühafizəsindən yayınaraq X4 yatmaqla Cavabdeh MMC-nin Xidmətin təşkili və aparılması haqqında Təlimatın tələblərini kobud şəkildə pozduğuna görə Qərb regionu üzrə mühafizə xidmətinin atıcısı olan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilməsi əmr edilmişdir.

23. "xxxx" ASC-nin Cavabdeh MMC-nin xidməti təşkili və aparılması qaydaları haqqında təlimatlar toplusuna əsasən, atıcının vəzifə təlimatına daxildir: birbaşa və bilavasitə rəislərin əmrlərini dəqiq və sözsüz yerinə yetirmək; obyektin mühafizəsi məqsədi ilə qarovul xidmətinin dəqiq aparılması və sayıq olmaq; mütəmadi olaraq xidməti hazırlığının artırılması; obyektlərin mühafizəsində tətbiq edilən bütün xidməti naryadların vəzifələrinin dəqiq yerinə yetirilməsini bilmək; işlədiyi hərbiləşdirilmiş mühafizə qurumunun ənənələrini, yoldaşlığı və dostluğu qiymətləndirmək; tələbkar, mühafizə qaydalarını pozanlara qarşı ciddi olmağa, ancaq belə hallarda kobudluğa və qanun pozuntusuna yol verməmək; mühafizə məsələləri ilə bağlı əmr, təlimat, nizamnamə və qaydaları daima öyrənmək; silahı döyüşə hazır saxlamağa və onun xidmət zamanı tətbiq edilmə qaydasını dərindən bilmək; intizamlı və tələbkar olmağa, xidməti yoldaşlarını da nəlayiq hərəkətlərdən çəkindirmək; geyim formasını qoruyub saxlamaq.

24. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı əmək müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdən "xxxx" ASC-nin Cavabdeh MMC-də 33 saylı mühafizə hissəsində 4-cü dərəcəli atıcı vəzifəsində işləmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsində işçinin əmək funksiyalarından biri təlimatla müəyyən edilmiş əmək vəzifələrinə əməl etmək olmuşdur. İddiaçının mühafizəsində olan ərazidə, Goranboy 330 kv-lu Paylayıcı Məntəqəsinin 2-ci postunu mühafizəsiz qoyduğu müəyyən edilmişdir.

25. Məhkəmə hesab edir ki, qeyd edilən ərazinin dövlət əhəmiyyətli mühafizə olunmalı ərazi olduğunu nəzərə aldıqda, iddiaçının postu nəzarətsiz qoyaraq yatması həmin əraziyə nəzarət etməli olan iddiaçının əmək funksiyalarını lazımınca yerinə yetirmədiyinin göstəricisidir.

26. İddiaçı iddia ərizəsində özünü narahat hiss etdiyi üçün mürgülədiyini qeyd etsə də, məhkəmə iddiaçının qeyd edilən mülahizəsinə qiymət verərək, hesab edir ki, iddiaçı cavabdehlə əmək müqaviləsi bağlayaraq, onun nəzarətinə verilmiş ərazinin mühafizəsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Əgər o, səhhətində olan hər hansı bir nasazlığa görə həmin gün öz vəzifəsini icra edə bilmirdisə, bu barədə işəgötürən cavabdehi xəbərdar edə və tədbir görülməsini xahiş edə bilərdi.

27. Göründüyü kimi, iddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş özünün əmək funksiyalarını yerinə yetirmədiyindən və əmək vəzifələrini kobud şəkildə pozduğundan, onunla bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilməsi əsaslı olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh əmək qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarına uyğun olaraq iddiaçı əmək müqaviləsinə xitam vermişdir. Yəni, məhkəmə hazırkı mübahisə üzrə işəgötürən tərəfindən əmək qanunvericiliyin hər hansı müddəalarının pozulmasını aşkar etməmişdir.

28. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı işə bərpa barəd iddiası əsassız olduğu üçün təmin edilməməlidir.

29. Məhkəmə iddiaçının “məcburi iş buraxma ilə bağlı ödənilməmiş əmək haqqının ödənilməsi” barədə iddiası ilə bağlı qeyd edir ki, iddiaçının hazırkı tələbləri onun əsas “işə bərpa” iddiası ilə birbaşa bağlı olduğundan, iddiaçının isə “işə bərpa” barədə iddiası əsassız olduğundan, bununla da iddiaçının məcburi iş buraxması müəyyən edilmədiyindən, iddia qeyd edilən hissədə də əsassızdır və təmin edilməməlidir.

30. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 maddələrini rəhbər tutaraq,

QƏTETDİ:

İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar