Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3189/2021 06.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X3 reqres qaydasında tərəfindən ödənilmiş 2032 manat kreditin 2/5 hissəsi, yəni 812 manatın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən verilmiş 03.06.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 04.12.2015-ci il tarixdə ölmüş Quliyev Hamlet Qənbər oğlunun vərəsələri atası Cavabdeh, anası X5, arvadı İddiaçı, qızı X6 və oğlu X4 miras əmlakdan 1/5 hissədə pay almışdır. Beləliklə də onun ünvan ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin 1/5 hissəsinə pay hüquqları müəyyən edilmişdir. Daha sonra Cavabdeh və X5 öz paylarını X7 bağışlamışdır. Qeyd olunan pay hüquqları əsasında Daşınmaz əmlakın dövlət reyestrində 180 nömrəli reyestr kitabının 19712 nömrəli vərəqində qeydiyyata alınmış, **********12 reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bu çıxarışa əsasən X6 1/5 hissə, X4 1/5 hissə, X9 2/5 hissə və İddiaçı 1/5 hissə olmaqla mülkiyyət hüquqları müəyyən edilmişdir. Cavabdehin həyat yoldaşı təxmini keçən il vəfat etmişdir. Mərhum həyat yoldaşı Quliyev Hamlet Qənbər oğlu ilə “xxxx” ASC arasında 21.11.012-ci il tarixdə bağlanmış kredit xətti hesab edilən baş sazişə və eyni tarixdə də bağlanmış razılaşmaya əsasən müştəriyə kredit kartı verilmişdir. İddia ərizəsinə əlavə edilən çıxarışdan görünür ki, 07.08.2014-cü il tarixdə yuxarıda qeyd edilən kredit kartına 3000 manat məbləğində vəsait köçürülmüşdür. Həmin çıxarışda 3268 manat kreditin ayrılması və onun 3000 manat olan hissəsinin karta köçürülməsi göstərilmişdir. Lakin bankın müştərisi olan Quliyev Hamlet Qənbər oğlu 12.12.2015-ci il tarixdə vəfat etmişdir. Bununla bağlı ondan bank 14.09.2016-cı il tarixdə ərizə alaraq müştərisinin kredit borcunu yeniləyərək 27.09.2016-cı il tarixdə yeni müqavilə bağlamışdır. Lakin rəsmiləşdirilmə aparılarkən məhz vəfat etmiş həyat yoldaşının kredit borcunun ödənilməsini təmin etmək məqsədilə yeni müqavilə imzalanmışdır. Qeyd edilən müqavilə üzrə xxxx ASC-yə 1313 manat ödəniş etmişdir. Bundan başqa, 12.08.2013-cü il tarixdə mərhum həyat yoldaşı Quliyev hamlet Qənbər oğlu ilə “xxxx” ASC arasında bağlanmış kredit xətti müqaviləsi əsasında müştəriyə 300 manat məbləğində vəsait olan kredit kartı verilmişdir. Tərəfindən qeyd edilən kredit də tam olaraq ödənilmişdir. Faizlərlə birlikdə xxxxa ödədiyi vəsait 719 manat təşkil etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 82 yaşı vardır. Təqaüdçüdür. Oğlu ölənə qədər ailələri arasında heç bir söz-söhbət olmamış, hər şey normal qaydada davam etmişdir. Bütün müsibətlər oğlunun ölümündən 5-6 ay sonra baş verməyə başlamışdır. 04.12.2015-ci il tarixdə ölmüş oğlu Quliyev Hamlet Qənbər oğlunun vərəsələri kimi o, yəni atası Cavabdeh, anası X5, arvadı İddiaçı, qızı X6 və oğlu X4 miras əmlakdan 1/5 hissədə pay almışdır. Həyat yoldaşı X5 təxmini keçən il vəfat etmişdir. Həyat yoldaşının da 1/5 hissədə payı ona qalmış, beləliklə, oğlundan 2/5 hissədə vərəsə kimi pay almışdır. Oğlu rəhmətə getdikdən bir qədər sonra Liliya ondan həyət evini satmağı və metro yaxınlığında onlara münasib mənzil almağı xahiş etmiş, evini 90000 manata sataraq Liliyanın özü seçdiyi yerdə, H.Aslanov metrosuna yaxın ərazidə Cavanşir küçəsi, ev 15A, mənzil 60-da ona 3 otaqlı mənzil almışdır. Mənzil alışında Liliyanın 1 manat da olsun xərci çıxmamışdır. Evin pulundan qalan 6000 manatdan 1000 manat ev-alqı satqısı üçün xərclənmiş, 5000 manatı isə nağd olaraq Liliyaya şəxsən vermiş və xahiş etmişdir ki, həmin pullardan kredit borcları ödənilsin və qalan pulları isə özünə və nəvələrinə xərcləsin. Sonra ona məlum olmuşdur ki, Liliya heç bir kredit borcunu ödəməyib, pulları da öz bildiyi kimi istifadə edib. Bu azmış kimi Bakı şəhəri Türkan qəsəbəsi ərazisində ailələrinə məxsus olan 0,6 sot bağ torpaq sahəsinin məhkəmə vasitəsilə bölüşdürülməsinə nail olmuşdur. Oğlu Hamletin üzərində 2 dəfə cərrahi əməliyyatlar aparılmış, həmin əməliyyatlara tələb olunan 10000 manat pulu o şəxsən ailəsi ilə birlikdə ödəmişdir. Oğlu 2015-ci ilin dekabr ayında rəhmətə getdikdən sonra onun ailəsi üçün, konkret olaraq Liliya üçün ən azı 100000 manatdan çox pul xərcləmişdir. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” ASC ilə Quliyev Hamlet Qənbər oğlu arasında bağlanmış 21.11.012-ci il tarixli baş sazişin və eyni tarixli razılaşmanın surətindən görünür ki, müştəriyə kredit kartı verilmişdir. İş materiallarında olan 07.08.2014-cü il tarixli hesabdan çıxarışın surətindən görünür ki, Quliyev Hamlet Qənbər oğluna məxsus kredit kartına 3000 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan “xxxx” KB ASC ilə Quliyev hamlet Qənbər oğlu ilə arasında bağlanmış 12.08.2013-cü il tarixli kredit və bank hesabı müqaviləsinin surətindən görünür ki, müştəriyə 300 manat məbləğində vəsait olan kredit kartı verilmişdir. İş materiallarında olan Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən verilmiş 03.06.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 04.12.2015-ci il tarixdə ölmüş Quliyev Hamlet Qənbər oğlunun vərəsələri atası Cavabdeh, anası X5, arvadı İddiaçı, qızı X6 və oğlu X2r və onlar miras əmlakdan 1/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsidir. İş materiallarında olan 14.09.2016-cı il tarixli xidməti məktubun məzmunundan müəyyən olunur ki, İddiaçı həyat yoldaşının krediti üzrə cərimə və faizlər silinərsə, onun kreditlərini bağlamaq məqsədilə, kreditlər üzrə əsas borc məbləği qədər 1% komissiya kredit məbləğinin üzərinə gəlməklə, 44 ay müddətinə onun adına yeni faizsiz, kredit rəsmiləşdirilməsinə razı salınmışdır. İş materiallarında olan “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 27.09.2016-cı il tarixli kredit sazişinin surətindən görünür ki, iddiaçıya 44 ay müddətinə, illik 0 faizlə 1313 manat məbləğində kredit verilmişdir. İddia ərizəsinə əlavə olunmuş mədaxil qəbzlərinə əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən “xxxx” ASC-yə 1313 manat, “xxxx” KB ASC-yə 719 manat ödəniş edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, miras qoyan Quliyev Hamlet Qənbər oğlunun kredit borclarına görə iddiaçı tərəfindən ödənilmiş 2032 manat kreditin 2/5 hissəsi, yəni 812 manat Cavabdeh tutularaq, İddiaçı ödəniməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 812 (səkkiz yüz on iki) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-3189/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3189/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver