Məhkəmə qərarları › İş №2(011)-3228/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3228/2022

12.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3228/2022 12.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh X4 qarşı “istifadə hüququnun itirilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh X4 qarşı – mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 75 saylı mənzildən cavabdeh X2 istifadə hüququnun itirilməsi, 10800 manat kompensasiya ilə əvəz olunması və əşyaları ilə birlikdə mənzildən çıxarılması ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 75 saylı mənzil xx.xx.1998-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdeh X6 iddiaçının keçmiş həyat yoldaşıdır. Cavabdeh ilə uzun illərdir ki, ailə münasibətləri pozulmuşdur və heç bir qohumluq əlaqələri yoxdur. İddiaçının cavabdeh X6 ilə aralarında olan nikah Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə pozulmuşdur. Cavabdeh X6 ilə iddiaçının artıq heç bir qohumluq münasibətləri yoxdur. Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 75 saylı mənzilə pasport qeydiyyatındadır. ünvan 1 ünvanında yerləşən 75 saylı mənzil iddiaçının atası X7 mülkiyyətində olmuşdur və atası X9 xx.xx.1998-ci il tarixdə iddiaçıya bağışlama müqaviləsi əsasında bağışlamışdır. Mənzilin bütün kommunal xərclərini iddiaçı ödəyir. Cavabdehin evində qeydiyyatda qalması iddiaçıya maddi cəhətdən ziyan vurduğundan iddiaçı əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır. Ona görə də, cavabdehin iddiaçıya məxsus evdən istifadə hüququ itirilməlidir. İddiaçı və onun nümayəndəsi və vəkili X8 məhkəmədə iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi X5 məhkəmədə iddianı qəbul edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 1V saylı evin 75 nömrəli mənzili üzərində İddiaçı xüsusi tam mülkiyyət hüququ xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-574/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X4 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, İddiaçı ilə X2 nikahları xx.xx.1989-cu il tarixində Bakı şəhəri Səadət Sarayı tərəfindən qeydə alınmışdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 arasında olan nikah xx.xx.2014-cü il tarixində ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli №**********34 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 75 saylı mənzil ilkin olaraq xx.xx.1998-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 02-107/22 saylı qiymətləndirmə rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 75 saylı mənzilin kirayə haqqısı xx.xx.2022-ci il tarixinə 1 ay üçün 300 manat, 36 aylıq 10800 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh X6 iddiaçının keçmiş əri olduğundan, o, iddiaçının yaxın qohumu olmaqla, onun ailə üzvüdür. Odur ki, cavabdeh mübahisəli mənzildən, iddiaçı ilə bərabər istifadə hüquqlarına malikdir. Belə ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdeh Loğman İsmayılov isə mübahisəli mənzildən istifadə hüququna malik olduğundan, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi kimi, həmin mənzildən istifadə hüququna malik olan cavabdeh Loğman İsmayılova kompensasiya verilməsi yolu ilə onun mübahisəli mənzilə istifadə hüququna xitam verilməsini və cavabdehin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdeh Loğman İsmayılova qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının mənzilə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Məhkəmə ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş rəyə əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi ərazisində yerləşən iki otaqlı mənzilin bir aylıq kirayə dəyəri 300 manatdır. Göründüyü kimi, məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə 2 otaqlı mənzillərin orta aylıq kirayə haqqı 300 manat təşkil edir ki, bu halda mənzilin aylıq kirayə haqqı bir il üçün 3600 manat, iki il üçün 7200 manat, üç il üçün 10800 manat təşkil edir. Başqa sözlə, iddiaçının təklif etdiyi kompensasiya ilə cavabdeh təqribən 3 il müddətinə nəinki müəyyən müddət daxilində başqa yerdə yaşamaq, hətta əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşayış sahəsi ilə təmin oluna bilər, bu isə onun mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı sürətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğdir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmır. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla məhkəmə belə hesab edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi müqabilində ona 10800 manat məbləğində kompensasiyanın ödənilməsi hazırkı mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Odur ki, iddia təmin edilərək, cavabdeh Loğman İsmayılovaya 10800 manat pul kompensasiyası ödənilməklə, onun mübahisəli mənzilə olan istifadə hüququna xitam verilməli və o, əşyaları ilə birlikdə mənzildən çıxarılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. X4 İddiaçı tərəfindən 10800 (on min səkkiz yüz) manat məbləğində pul kompensasiyası verilməklə, X2 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 1V saylı evin 75 nömrəli mənzilindən istifadə hüququna xitam verilsin. X6 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 1V saylı evin 75 nömrəli mənzilindən əşyaları ilə birlikdə çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar