Məhkəmə qərarları › İş №2(011)-3229/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3229/2022

07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3229/2022 07.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehlər, Cavabdeh1 MTK-nın nümayəndəsi (direktoru) X1 və Cavabdeh2 MMCnin vəkili və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı “əmlakın qaytarılması və ya dəyərinin tam şəkildə ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə Cavabdeh1 MTK arasında xx.xx.2013-cü-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə görə, Bakı şəhəri İcra Hakimiyyətinin 267 saylı, xx.xx.2005-ci il tarixli Sərəncamı əsasında, Cavabdeh1 MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının, tikintisi başa çatdıqdan sonra binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m-dən ibarət və 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m-dən ibarət (dupleks 246,8 kv.m.) 2 mənzili iddiaçıya (sahəsinin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödənildikdən sonra) təhvil verməyi, iddiaçı isə Mənzilləri qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Mənzillərin hər birinin dəyəri – 136 000 manat, ümumilikdə 246800 manat müəyyən edilmiş, Mənzillərin dəyəri tam şəkildə iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə ödənilməklə, bu barədə eyni tarixli Maliyyə arayışı verilmişdir.

2. Həmçinin, iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 MTK tərəfindən xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilmiş A1 blokunun 18-19-cu mərtəbələrində 123,4 kv.m. mənzillər ləğv edilmiş (müqavilənin tarixi texniki olaraq xx.xx.2007-ci il göstərilmişdir, çünki Mənzillərin verilməsi ilə bağlı müqavilələr xx.xx.2013-cü il tarixdə bağlanmışdır), Cavabdeh2 MMC Bakı şəhəri İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamı əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə layihəndirdiyi yüksək mərtəbəli yaşayış binasının, tikintisi başa çatdıqdan sonra, “D” blokunun 18-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 90.5 kv.m olan 15 saylı və 19-cu mərətəbəsində, ümumi sahəsi 98.5 kv.m olan 16 saylı yaşayış sahəsini (Bundan sonra - Mənzillər) tikərək iddiaçıya verməyi öhdəsinə götürmüşdür.

3. Müqavilənin 3.2-ci bəndində Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən mənzilin pay dəyərinin ödənilməsi və maliyyə arayışının qüvvədə olması əks edilmişdir.

4. Mənzillər hal-hazıradək cavabdeh tərəfindən tikilərək iddiaçıya təhvil verilməmişdir.

5. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri:

6. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə tikintisi başa çatdıqdan sonra həmin binanın “D” blokunun 8-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 90.5 kv.m olan 15 saylı, 9-cu mərətəbəsində yerləşən, ümumi sahəsi 98.5 kv.m olan 16 saylı yaşayış sahəsinin ona verilməsi, yaxud vurulmuş zərərin Cavabdeh1 MTK tərəfindən tam ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı sonradan iddi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m-dən ibarət mənzilin ona verilməsi və eyni ünvanda A1 blokunun 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 123,4 kv.m-dən ibarət mənzilə görə ödənilmiş 123000 manat pulun və ya onu Cavabdeh2 MMCnin arayışı əsasında verilmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binanın “D” blokunun 8-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 90.5 kv.m olan 15 saylı və 9-cu mərətəbəsində yerləşən, ümumi sahəsi 98.5 kv.m olan 16 saylı mənzillə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçının nümayəndəsi və vəkili daha sonra, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında, binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 123,4 kv.m təşkil edən və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında, binanın A1 blokunun 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 123,4 kv.m mənzillərə bərabər yaşayış sahəsinin (mənzillərin) Cavabdeh2 MMC-dən alınaraq zərərin əvəzi kimi ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh1 MTK ilə aralarında xx.xx.2013-cü il tarixdə ilkin müqavilə bağlanmışdır. Müqaviləyə əlavə olunmuş xx.xx.2013-cü il tarixli Maliyyə arayışında Bakı şəhəri, Xocalı prospekti 32, 1181-ci məhəllə ünvanında yerləşən yaşayış binasındakı evlərin ona məxsus olması, binanın Al girişi, ümumi sahəsi 246.8 m2 olan, 18 və 29-cu mərtəbələrdə yerləşən yaşayış sahəsinin pay dəyəri 246.800 manat pulun tam ödənilməsi qeyd edilmiş, "xxxx" MTK- nın sədri Hikmət Yigitdölün imzası və MTK-nın möhürü ilə təsdiq olunmuşdur. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Auditor Palatasnın və ABŞ X3 İnstitutunun üzvü, AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində istintaqı aparılan cinayət işinin istintaqına kömək məqsədi ilə təyin olunmuş Auditor (mütəxəssis) X2, Cavabdeh1 MTK-nın qanuni təmsilçisi və təsisçiləri, Hikmət Yigitdölün şəriki Cavabdeh2 MMC-nin təsisçisi və qanuni təmsilçisi X5 iştirakı ilə müqavilə tərtib edilmişdir. Həmin müqavilə Cavabdeh1 MTK tərəfindın mənzillərin təkrar satılması nəticəsində Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Cavabdeh2 MMC-nin təsisçisi Qabil Əliyevin Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə tikəcəyi binaya köçürülməsi ilə bağlı məsələlərin həll olunmasını tənzimləyir. Həmin müqaviləyə istinadən xx.xx.2019-cu il tarixdə "xxxx" MMC ilə onun arasında müqavilə imzalanmışdır. Müqavilədə nəzərdə tutlmuşdur ki, “X10” MTK tərəfindən xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən onun adına verilmiş A1 blokunun 18-19-cu mərtəbələrində 123.4 m2 olan mənzillər ləğv edilir, "xxxx" MMC Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “D” blokunun 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90.5 kv.m olan 15 saylı və 9-cu mərtəbəsində yerləşən 98.5 m2 təşkil edən 16 saylı yaşayış sahəsini ona verir, o isə həmin yaşayış sahəsinin qəbul etməyi öz öhdələrinə götürür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 78/2020 saylı, 11 noyabr 2020-ci il tarixli hökmü ilə zərərçəkmiş şəxs kimi tanınmış və hökmdə qeyd edilmişdir ki, “... dəymiş ziyanın tam ödənilməsi nəzərə alınsın”. Lakin bu zamana qədər nə xx.xx.2018-ci il tarixli müqavilədə, nə də xx.xx.2019-cu il tarixli müqavilədə nəzərdə tutulan öhdəliklər yerinə yetirilməmiş, yəni müqavilədə göstərilən yaşayış sahələri ona təqdim edilməmişdir. Cavabdeh2 MMC ilə aralarında bağlanan yuxarıda göstərilən müqavilələrə əsasən, mənzillər ona təhvil verilməli və ya Maliyyə arayışına əsasən ödədiyi 246.800 (iki yüz qırx altı min səkkiz yüz) məbləğində pul vəsaiti qaytarılmalıdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

10. Cavabdehlərin nümayəndələri etirazlarını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

11. Məhkəmə iclasında verilən izahatlar:

12. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

13. Cavabdeh1 MTK-nın nümayəndəsi iddia ərizəsini qəbul edərək təmin olunmasını xahiş etdi.

14. Cavabdeh2 MMC-nin nümyəndəsi-vəkili iddia ərizəsinə etiraz edərək bildirdi ki, Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən Cavabdeh2 MMC-yə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binaların tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Cavabdeh1 MTK-ya Bakı şəhəri İcra Hakimiyyətinin 267 saylı, xx.xx.2005-ci il tarixli Sərəncamı ilə ayrılmış torpaq sahəsinin bir hissəsidir ki, həmin ərazidə Cavabdeh2 MMC iddiaçı ilə bağlanmış müqavilədə göstərilən “D” blokunu da inşa etməli idi. Lakin sonradan həmin blokun inşasına icazə verilmədi. Bu səbəbdən Cavabdeh2 MMC iddiaçı ilə bağlanmış müqavilə üzrə öz öhdəliklərini yerinə yetirə bilmir. Ona görə də, iddia rədd edilməlidir.

15. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respubikasının Konstitusiyası:

16. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 405. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.

21. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

24. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

25. Maddə 752.1. podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

26. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

30. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

31. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

32. Podrat müqaviləsinə verilən anlayışdan da görünür ki, bu müqavilə kansensual müqavilədir, tərəflər sifarişin qəbul edilməsi və muzd barədə razlığa gəldikləri andan müqavilə bağlanmış sayılır (§ 25).

33. İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 MMC yeri, ölçüsü, qiyməti və digər mühüm şərtləri göstərilməklə, xx.xx.2019-cu il tarixdə başlanmış müqavilədə göstərilən iki Mənzilin tikilərək iddiaçıya təhvil verilməsi barədə razılığa gəlməklə, yazılı formada podrat müqaviləsi bağlamışlar. Mənzillərin tikintisinə görə muzd da, cavabdehlər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə uyğun olaraq tam şəkildə ödənilmişdir. Beləliklə, iddiaçı ilə Cavabdeh2 MMC müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldiklərindən müqavilə bağlanmış sayılır (§ 20).

34. İşin halları ilə müəyyən edilir ki, iddiaçı öhdəliyini yerinə yetirərək müqavilənin bağlandığı gün görüləcək işin dəyərini (tikiləcək mənzillərin dəyərini) tam ödəməklə nüqavilə üzrə öhdəliyini yerini yetirsə də, Cavabdeh2 MMC Mənzilləri iddiaçıya təhvil verməməklə öhdəliyini pozmuşdur (§ 22).

35. Cavabdeh2 MMC-nin nümayəndəsi öhdəliyin icra edilməməsinin səbəbi kimi Bakı şəhəri İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamı əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə əvvəlcə lahiyələndirilmiş “D” girişli binanın tikintisinə sonradan icazə verilməməsi ilə əlaqələndirsə də, bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir.

36. Məhkəmə qeyd edir ki, üzərinə öhdəlik götürmüş hər bir tərəf öhdəliyini vicdanla yerinə yetirmək vəzifəsi daşıyır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarının təmin edilməsinə yönələn addımdır. Bu səbəbdən də, qanunvericilik öhdəliyin icrası zamanı vicdanlılıq şərtlərini təkcə tərəflər arasında bağlanmış müqavilənin məzmunundan irəli gələn hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşdırmır, hətta müqavilədə və qanunda nəzərdə tutulmasa belə, tərəflərin mənafelərinə uyğun gələn tərzdə, işgüzar adətlərə uyğun icra edilməsini təşviq edir (§ 21).

37. Nəzərə almaq lazımdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamı əsasında Cavabdeh2 MMC-yə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmiş və sonuncu həmin ünvanda yüksək mərtəbəli yaşayış binaları inşa etmişdir. Fərz etsək ki, müvafiq dövlət qurumları tərəfindən şəhərsalma tikinti norma və qaydalarına uyğun olmaması səbəbindən göstərilən ünvanda Cavabdeh2 MMC-yə “D” girişli binanın inşasına icazə verilməmişdir. Hətta bu hal özlüyündə Cavabdeh2 MMC-ni iddiaçı ilə bağlanmış müqavilənin icrası öhdəliyindən azad etmir. Çünki, Cavabdeh2 MMC göstərilən ünvanda yüksək mərtəbəli binaların tikintisi ilə məşğuldur. Bu zaman, cavabdeh vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edərək iddiaçını inşa etdiyi binalarda, eyni şərtlərlə, başqa mənzillərlə təmin edə bilərdi. Çünki, əvvəldə də qeyd edildiyi kimi, müqavilə üzrə tərəflərinin öhdəliyini vicdanla yerinə yetirməsi təkcə konket müqavilə şərtləri ilə məhdudlaşmır, həm də Mülki Məcəllənin müfafiq tələblərinə müvafiq surətdə həyata keçirilməlidir (§ 21).

38. Mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməsi Mülki Məcəllənin 5.3-cü maddəsində də imperativ olaraq qeyd edilmişdir (§ 18).

39. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 MMC öhdəliyini icra etməməsi nəticəsində iddiaçıya maddi zərər vurmuşdur. Çünki, iddiaçı Mənzillərin tikintisi üçün 246000 manat məbləğində pul ödəyərək, xx.xx.2019-cu il tarixli müqaviləyə görə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə “D” girişli yaşayış binasının 18 və 19-cu mərtəbələrində iki mənzilin ona verilməsini gözləsə də, Cavabdeh2 MMC-nin nümayəndəsi həmin yaşayış binasının tikintisinin mümkün olmayacağını bildirmişdir. Beləliklə, iddiaçı Mənzillərin dəyərinə görə ödədiyi pul vəsaiti həcmində əmlakından məhrum olmuş və ona müqavilənin icra olunmaması nəticəsində ona maddi zərər dəymişdir (zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Mülki Məcəllənin 21.2-ci maddəsi).

40. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı qarşı tərəfin öhdəliyini icra etməməsi nəticəsində dəymiş zərərin əvəzində ona başqa mənzilin verilməsini tələb etməkdə haqlıdır, çünki, məhkəmə Cavabdeh2 MMC-nin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli yaşayış binalarının tikintisini həyata keçirdiyini nəzərə alaraq, dəymiş zərərin əvəzinin xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən həcmdə başqa mənzillərlə əvəz edilməsini mümkün hesab edir (§ 26).

41. Lakin məhkəmənin qənaətinə görə Cavabdeh2 MMC-nin öhdəliyi xx.xx.2019cu il tarixdə bağlanmış müqavilə üzrə tikilməsi nəzərdə tutulan Mənzillərin ölçüsü həddindədir. Belə ki, iddiaçı iddia tələbinin sonuncu dəqiqləşdirilməsi barədə ərizəsində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında, binanın A1 blokunun 18 və 19cu mərtəbələrində, cəmi 246 kv.m sahədən ibarət mənzillərin ona verilməsini tələb etsə də, Cavabdeh2 MMC-nin öhdəliyi 90,5 və 98,5 kv.m mənzillərin ona verilməsi barədədir. İddiaçıya ümumilikdə, 246 kv.m-dən ibarət mənzillərin verilməsi isə onunla Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə ilə müəyyən edilmişdir ki, həmin müqavilə iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə ilə ləğv edilmişdir.

42. Nəzərə almaq lazımdır ki, mənzil fərdən müəyyən edilən (fərdi əlamətlərinə görə digər əşyalardan fərqlənən) əşyadır. Kreditor isə fərdi-müəyyən əşyanı öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini borcludan tələb edə bilər (§ 24).

43. Həmçinin, podrat müqaviləsinə verilən anlayışın məzmunundan da görünür ki, podratçının öhdəliyinin həddi müqavilədə göstərilən işin həcmi ilə məhdudlaşır. Odur ki, Cavabdeh2 MMC-nin öhdəliyinin həddi iddiaçıya 90,5 və 98,5 kv.m-dən ibarət mənzillərin verilməsi olduğu halda, onun üzərinə həmin ölçüdən artıq mənzillərin verilməsinin qoyulması Cavabdeh2 MMC-nin iddiaçı qarşısında öhdəliyindən kənara çıxmış olur.

44. Məhkəmə eyni zamanda, hesab edir ki, iddia Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında, binanın A1 blokunun 18 və 19-cu mərtəbələrində mənzillərin verilməsi hissəsində də təmin edilə bilməz. Belə ki, əvvəla, bu tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin dəyişdirilməsinə səbəb ola bilər. Digər bir tərəfdən, iddianın bu hissəsinin təmin olunması binanın A1 blokunun 18 və 19-cu mərtəbələrində olan mənzillərin başqa şəxslərə satıldığı halda, onların hüquqlarının pozulması ilə nəticələnə bilər.

45. Beləliklə, şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Dəymiş zərərin əvəzi olaraq xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən mənzillərin əvəzinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında (1181-ci məhəllə) inşa edilən yaşayış binasında 90,5 kv m və 98,5 kv.m mənzillərin İddiaçı verilməsi öhdəliyi Cavabdeh2 MMC-yə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar