Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3237/2023 06.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi və onun vəkili X1, Maraqlı şəxsin nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi “Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi” barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası Piriyeva Başxanım Məhyəddin qızı 13 aprel 1969-cu ildə Ermənistan SSR Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olmuşdur və azərbaycanlıdır. Ermənistan SSR Kalinin rayon VVAQ şöbəsi tərəfindən anasına doğum haqqında şəhadətnamə verilmişdir. Ermənilərin azərbaycanlılara qarşı pis münasibətinin nəticəsi olaraq anası ailəsi ilə birlikdə Ermənistandan Gürcüstan SSR-ə köçüb getmişdir. Orada o, 27 fevral 1988-ci ildə X8 ilə rəsmi nikaha daxil olmuşdur. Nikahları Gürcüstan SSR Dmanisi rayonu VVAQ şöbəsində qeydə alınmışdır. Birgə nikahdan 12 may 1989-cu il təvəllüdlü qardaşı X7 və xx xxxxxx 1993-cü il təvəllüdlü özü anadan olmuşdur. 1996-cı ildə ailəlikcə Azərbaycan Respublikasına köçüb gəlmişlər. 22 yanvar 1997-ci ildə Bakı şəhərində bacısı X6 ev şəraitində doğulmuşdur. Anası 23 may 1997-ci ildən Şabran rayonu Gəndab kəndində qeydiyyatda olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2arixli qətnaməsinə əsasən ərizəçinin bacısı X3 22 yanvar 1997-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi qət edilmiş, həmin qətnaməyə əsasən bacısına doğum haqqında şəhadətnamə verilmişdir. Bundan sonra bacısına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə müraciət etmişlər. Sonuncu bundan imtina etdiyinə görə bacısı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsinin verilməsi və qeydiyyata alınması vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2-1(82)- 2932/2015 saylı 30 oktyabr 2015-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçı X4 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi ünvan 1 ünvanında qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən ərizəçinin bacısına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilmiş və ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Doğum haqqında şəhadətnaməni itirdiyinə görə anası 13 aprel 1969-cu il tarixdə Ermənistan Respublikası, Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olması faktının müəyyən edilməsi barədə ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(011)-4564/2019 saylı qətnaməsi ilə ərizəçinin anasının 13 aprel 1969-cu il tarixdə Ermənistan Respublikası, Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmişdir. Qətnaməyə əsasən anasına doğum haqqında şəhadətnamə verilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)- 2347/2021 saylı 07 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən anası Piriyeva Başxanım Məhyəddin qızının heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi qət edilmişdir. Ərizəçinin anası Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuş və ona şəxsiyyət vəsiqəsi verilmişdir. Qeyd edilənlərlə sübuta yetirilir ki, ərizəçi 1996-cı ildən Azərbaycan Respublikasında valideynləri ilə birlikdə yaşamış, həmin vaxt 3 yaşı olmuş, Azərbaycan Respublikasından kənarda olmamışdır. Şəxsiyyət vəsiqəsi olmadığından ərizəçi heç bir müəssisədə işləyə bilmir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 13 may 2022-ci il tarixli ******* saylı arayışında ərizəçinin Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçi və onun vəkili ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi verdiyi izahatda bildirdi ki, nə qədər ki, verilmiş sorğularla və digər iş materialları ilə ərizəçinin 1996-cı ildən Azərbaycan Respublikasında yaşaması faktı öz təsdiqini tapır, belə olan halda ərizənin təmin edilməsinə etiraz etməmişdir. İşin faktiki halları: İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, xx xxxxxx 1993-cü il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq və tərcümə edilmiş nüsxəsindən görünür ki, Ərizəçi xx xxxxxx 1993-cü ildə Rusiya Federasiyası, Belqorod vilayəti, Şebekino rayonu, İ-Strelitsa kəndində doğulmuşdur. Rusiya Federasiyanın Azərbaycan Respublikasındakı Səfirliyi Konsulluq şöbəsindən verilmiş arayışda xx xxxxxx 1993-cü il təvəllüdlü Ərizəçi Rusiya Federasiyasının vətəndaşı olmadığı qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş məlumata əsasən, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, xx xxxxxx 1993-cü il təvəllüdlü Ərizəçi 1996-2001-ci il tarixlərdə dövlət sərhədindən hərəkəti barədə məlumatın təqdim edilməsi texniki cəhətdən imkan xaricindədir. Bununla yanaşı, xx xxxxxx 1993-cü il təvəllüdlü Ərizəçi xx.xx.2002-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan qətnamələrdən görünür ki, ərizəçinin anası Piriyeva Başxanım Məhyəddin qızının 13 aprel 1969-cu il tarixdə Ermənistan Respublikası, Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmiş, sonuncunun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi qət edilmişdir. Eyni zamanda, Şabran Rayon Məhkəməsinin qətnaməsi ilə ərizəçinin bacısı X2 22 yanvar 1997-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi qət edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə X4 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi ünvan 1 ünvanında qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 307.2.10-1-ci maddəsinə görə, məhkəmə Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarı: 12-ci bəndinə əsasən, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir, ərizə təmin edilməlidir. Belə ki, iş üzrə tədqiq edilmiş sübutlar əsasında məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi xx xxxxxx 1993-cü ildə Rusiya Federasiyası, Belqorod vilayəti, Şebekino rayonu, İ-Strelitsa kəndində anadan olmuşdur. Onun Rusiya Federasiyasının vətəndaşı olmaması iş materialları ilə öz təsdiqini tapır. Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmir. Məhkəmə Ərizəçi 1996-2001-ci il tarixlərdə dövlət sərhədindən hərəkəti barədə məlumatın təqdim edilməsinin texniki cəhətdən imkan xaricində olmasına münasibətdə qeyd edir ki, ərizəçi 1996-cı il tarixdə 3 yaşında olduğundan və onun anası Piriyeva Başxanım Məhyəddin qızının Azərbaycan Respublikasının vətəndaşı olması və Azərbaycan Respublikasında daimi yaşaması faktı ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var, belə olan halda məhkəmə ərizəçinin həmin tarix aralığından dövlət sərhədindən hərəkətini ağlabatan hesab etmir. Beləliklə, tərəflərin izahatı və işin digər materialları ilə Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı tam sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, göstərilən hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçi xx xxxxxx 1993-cü il təvəllüdlü Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1993-cü il təvəllüdlü Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilsin. Ərizəçi ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3237/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3237/2023
06.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver