Məhkəmə qərarları › İş №2(011)-3238/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3238/2023

12.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3238/2023 12.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə Ərizəçi “Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi” barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası Piriyeva Başxanım Məhyəddin qızı 13 aprel 1969-cu ildə Ermənistan SSR Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olmuşdur və azərbaycanlıdır. Ermənistan SSR Kalinin rayon VVAQ şöbəsi tərəfindən anasına doğum haqqında şəhadətnamə verilmişdir. Ermənilərin azərbaycanlılara qarşı pis münasibətinin nəticəsi olaraq anası ailəsi ilə birlikdə Ermənistandan Gürcüstan SSR-ə köçüb getmişdir. Orada o, 27 fevral 1988-ci ildə X6 ilə rəsmi nikaha daxil olmuşdur. Nikahları Gürcüstan SSR Dmanisi rayonu VVAQ şöbəsində qeydə alınmışdır. Birgə nikahdan 12 may 1989-cu il təvəllüdlü qardaşı Ərizəçi və 12 may 1989-cu il təvəllüdlü özü anadan olmuşdur. 1996-cı ildə ailəlikcə Azərbaycan Respublikasına köçüb gəlmişlər. 22 yanvar 1997-ci ildə Bakı şəhərində bacısı X5 ev şəraitində doğulmuşdur. Anası 23 may 1997-ci ildən Şabran rayonu Gəndab kəndində qeydiyyatda olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2arixli qətnaməsinə əsasən ərizəçinin bacısı X2 22 yanvar 1997-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi qət edilmiş, həmin qətnaməyə əsasən bacısına doğum haqqında şəhadətnamə verilmişdir. Bundan sonra bacısına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə müraciət etmişlər. Sonuncu bundan imtina etdiyinə görə bacısı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsinin verilməsi və qeydiyyata alınması vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2-1(82)- 2932/2015 saylı 30 oktyabr 2015-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçı X3 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi ünvan 1 ünvanında qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən ərizəçinin bacısına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilmiş və ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Doğum haqqında şəhadətnaməni itirdiyinə görə anası 13 aprel 1969-cu il tarixdə Ermənistan Respublikası, Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olması faktının müəyyən edilməsi barədə ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(011)-4564/2019 saylı qətnaməsi ilə ərizəçinin anasının 13 aprel 1969-cu il tarixdə Ermənistan Respublikası, Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmişdir. Qətnaməyə əsasən anasına doğum haqqında şəhadətnamə verilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)- 2347/2021 saylı 07 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən anası Piriyeva Başxanım Məhyəddin qızının heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi qət edilmişdir. Ərizəçinin anası Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuş və ona şəxsiyyət vəsiqəsi verilmişdir. Qeyd edilənlərlə sübuta yetirilir ki, ərizəçi 1996-cı ildən Azərbaycan Respublikasında yaşamışdır. Şəxsiyyət vəsiqəsi olmadığından ərizəçi heç bir müəssisədə işləyə bilmir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin arayışında ərizəçinin Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı ərizəçi və onun vəkili Vəkil ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə araşdırması zamanı maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X7 verdiyi izahatda bildirdi ki, nə qədər ki, verilmiş sorğularla və digər iş materialları ilə ərizəçinin 2008-ci ildə Azərbaycan Respublikasına giriş etməsi müəyyən edilir, qanunvericiliyin tələblərinə əsasən ərizənin təmin edilməsinə etiraz etmişdir. İşin faktiki halları: İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, 12 may 1989-cu il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Gürcüstan Səfirliyi tərəfindən təqdim edilmiş arayışın notarial qaydada təsdiq və tərcümə edilmiş nüsxəsindən görünür ki, Ərizəçi 12 may 1989-cu ildə Gürcüstanda doğulmuşdur. Verilmiş arayışda sonuncunun Gürcüstan vətəndaşı olmadığı qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş məlumata əsasən, 12 may 1989-cu il təvəllüdlü Ərizəçioviç 16 oktyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasına məxsus KO8676 nömrəli vətənə qayıtma haqqında şəhadətnamə ilə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmışdır. Azərbaycan Respublikasına məxsus KO8676 nömrəli vətənə qayıtma haqqında şəhadətnamənin surətinin təqdim edilməsi texniki cəhətdən mümkün olmamışdır. İş materiallarında olan qətnamələrdən görünür ki, ərizəçinin anası Piriyeva Başxanım Məhyəddin qızının 13 aprel 1969-cu il tarixdə Ermənistan Respublikası, Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmiş, sonuncunun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi qət edilmişdir. Eyni zamanda, Şabran Rayon Məhkəməsinin qətnaməsi ilə ərizəçinin bacısı X1 22 yanvar 1997-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi qət edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə X3 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi ünvan 1 ünvanında qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(011)-3237/2023 saylı qətnaməsinə əsasən hazırkı mülki iş üzrə ərizəçinin qardaşı - 10 dekabr 1993-cü il təvəllüdlü X4 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 307.2.10-1-ci maddəsinə görə, məhkəmə Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarı: 12-ci bəndinə əsasən, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir, ərizə təmin edilməlidir. Belə ki, iş üzrə tədqiq edilmiş sübutlar əsasında məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi 12 may 1989-cu ildə Gürcüstan Respublikasında anadan olmuşdur. Onun Gürcüstan Respublikasının vətəndaşı olmaması iş materialları ilə öz təsdiqini tapır. Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmir. Məhkəmə araşdırması zamanı maraqlı şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, şəxsin ərizəsinin təmin edilməsi üçün onun 2006-cı ildən sonra Azərbaycan Respublikasına girişi qeydə alınmamalıdır. Hazırkı iş üzrə ərizəçinin 2008-ci ildə Azərbaycan ərazisinə giriş etməsi hazırkı ərizənin təmin edilməsini mümkün etmişdir. Məhkəmə istinad edilən halı araşdıraraq qeyd edir ki, ərizəçi 12 may 1989-cu il təvəllüdlü olmaqla 2007-ci ildə yetkinlik yaşına çatmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən və məhkəmə qətnamələrindən görünür ki, ərizəçinin anası və qardaşı-bacıları ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnamələri və qərarları mövcuddur. İstinad olunan qərarlara əsasən onun ailə üzvlərinin 1996-cı ildən, bacısı olan X1 isə 22 yanvar 1997-ci il tarixdə Azərbaycanda anadan olması faktı işin mübahisə olunmayan hallarındandır. Maraqlı şəxsin nümayəndəsi məhz ərizəçinin 2008-ci ildə ölkəyə girməyini əsas gətirərək ərizənin təmin edilməməsini xahiş etsə də, araşdırma zamanı ərizəçinin 2008-ci ilə qədər ölkədən çıxması ilə bağlı hər hansı sübuta rast gəlinməmişdir. Ərizəçi yetkinlik yaşına çatana qədər ölkə hüdudlarını tərk etmiş olsaydı belə o, bunu ailə üzvləri ilə birlikdə etməli idi. Hazırkı hala da araşdırma zamanı rast gəlinməmişdir. Məhkəmə qeyd edir ki, ərizçinin sərbəst şəkildə ölkəni tərk edə bilməsi üçün onun ən azından yetkinlik yaşında olması mütləq tələbdir. Nə qədər ki, onun ailə üzvlərinin 1996-cı ildən daimi olaraq Azərbaycan Respublikasında yaşaması halı öz təsdiqini tapır və ərizəçi də 2007-ci ilə qədər müstəqil şəkildə, yəni ailəsinin iştirakı olmadan ölkəni tərk etmək iqtidarında olmamışdır və bunun əksini sübuta yetirəcək hər hansı dəlil araşdırma zamanı məhkəmə tərəfindən aşkar edilməmişdir, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməli və onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 12 may 1989-cu il təvəllüdlü Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilsin. Ərizəçi ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar