Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3258/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı mülkiyyət hüquqlarının pozulması və mənzildən istifadə etmək, üzərində sərəncam vermək hüquqlarını həyata keçirməyə maneçilik törədən halların aradan qaldırılması, cavabdehlərin ünvan 1 ünvanına yerləşən mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz hallarına görə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 73 saylı evin, 117 saylı mənzilə (bundan sonra - Mənzil) dair iddiaçı ilə X2 arasında xx.xx.2008-ci il tarixdə mənzillərin dəyişməsi müqaviləsi bağlanmış, iddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmış (qeydiyyat nömrəsi **********) və bu barədə ona Dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdehlər hazırda iddiaçıya məxsus Mənzildə pasport qeydiyyatındadırlar. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, onunla X2 arasında bağlanmış mənzillərin dəyişməsi müqaviləyə əsasən, X1 mülkiyyətində olan ünvan 1-də yerləşən 3 otaqlı mənzili və onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 61, mənzil 74- də yerləşən 2 otaqlı mənzili dəyişdirmişlər. Dəyişmiş mənzilin dəyər fərqi tərəfindən ödənilmişdir. Müqaviləyə əsasən, DƏDRX tərəfindən ona çıxarış verilmişdir. Mənzilin dəyişməsindən sonra o, həmin ünvana köçmüşdür. Artıq uzun müddətdir ki, ünvanda keçmiş mülkiyyətçisinin ailə üzvləri olan cavabdehlər qeydiyyatda qalmışdılar. O, dəfələrlə cavabdehlərə qeydiyyatdan çıxması barədə müraciət etsə də, onlar buna əhəmiyyət verməmişdilər. Cavabdehlərin onun mənzilində qeydiyyatda qalmaları onun şəxsi mülkiyyəti üzərində sərəncam vermək, istifadə etmək, sahiblik etmək hüququnu məhdudlaşdırır. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlərin faktiki yaşayış yeri məlum olmadığından, onların məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının onların həmin mənzildə yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin mübahisəsiz hallarından bəlli olur ki, iddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə yaranmışdır. Qeyd edilənləri, eləcə də, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci müddəaları tətbiq ediləcəkdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəlləsinin 228.1 maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddənin birinci cümləsi isə müəyyən edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmçinin Mülki Məcəllənin 228.5-ci maddəsində qeyd edilir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, qeyd edilən müddəalar istifadə hüququnun yaranması ilə əlaqədar şəxslərin dairəsini konkret müəyyənləşdirmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsi mülkiyyətçinin ailə üzvlərinin dairəsini mülkiyyətçinin əri, arvadı, valideynləri və uşaqları olaraq müəyyən etmişdir. Yuxarıda qeyd edilən işin hallarından da görünür ki, cavabdehlər Mənzilin keçmiş mülkiyyətçisinin Mülki Məcəllənin 228.5-ci maddəsinin müəyyən etdiyi mənada ailə üzvü olması iş materialları ilə müəyyən olunmur. Cavabdehlərin iddiaçıya və ya keçmiş mülkiyyətçi Ülviyyə Məmmədovaya münasibətdə digər şəxs olması və Mənzildən istifadə hüququnun yaranması üçün isə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsində nəzərdə tutulan qaydaya əməl olunmalı idi. Lakin işin hallarından da göründüyü kimi, Mənzildən istifadə hüququnun yaranması üçün tərəflər arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da cavabdehlərin iddiaçıya məxsus Mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququnun məhkəmə tərəfindən itirilməsi barədə tələb təmin oluna bilməz. Lakin məhkəmə hesab edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 73 saylı evin, 117 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-3258/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3258/2022
16.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver