Məhkəmə qərarları › İş №2(011)-3265/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3265/2023

05.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3265/2023 05.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 avqust 2022-ci il tarixli 10 nömrəli əmrin ləğv edilərək, işə bərpa olunmaqla məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 07 sentyabr 2021-ci il tarixdən müddətli əmək müqaviləsi əsasında "xxxx" MMC-də "xxxx" vəzifəsində işləmişdir. Müəssisədə işlədiyi müddətdə ailə qurmuş, bundan sonra da müəssisədə işləməyə davam etmişdir. 10 avqust 2022-ci il tarixdə 10 nömrəli əmrlə cavabdeh "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən 07 sentyabr 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. 10 avqust 2022-ci il tarixli əmr tamamilə qanunsuzdur. Həmin vaxt iddiaçı hamilə olmuş, 03 avqust 2022-ci il tarixdə özünü pis hiss etdiyi üçün ona təcili yardım çağırılmış və o, işə gedə bilməmişdir. Buna görə o, üzrlü səbəbdən işdə olmamışdır. İşdən çıxarıldıqdan sonra iddiaçı əmək qanunvericiliyinin pozulmasına görə əmək müfəttişliyinə müraciət etmiş, X4 Xidmətinin 10 noyabr 2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən Bakı şəhər İdarəsinə ünvanlanmış məktubdan və sənədlərdən iddiaçı ilə müəssisə arasında bağlanmış 07 sentyabr 2021-ci il tarixli müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən 10 avqust 2022-ci il tarixdə xitam verildiyi məlum olmuşdur. Əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq, iddiaçının ərizəsi olmadan xitam verildiyindən "xxxx" MMC-nin direktoru X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq 28 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda Əmək Müfəttişliyi Xidmətinin məktubunda qeyd edilmişdir ki, əmək müqaviləsinin xitam verilməsinə dair cəmiyyətin 10 saylı əmri ləğv edilərək iddiaçının əvvəlki iş yerinə qayıtması ilə əlaqədar "xxxx" MMC-nin rəhbərliyinə göstəriş xarakterli məktub da göndərilmişdir. Lakin bundan sonra da cavabdeh işdən çıxma ilə bağlı həmin əmri ləğv etməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin ötürüldüyünü bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh şirkət arasında 07 sentyabr 2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı cavabdeh "xxxx" MMC şirkətində “mütəxəssis” vəzifəsində çalışmışdır. İş materiallarından görünür ki, iddiaçı səhhətində yaranmış problemlə əlaqədar 03 avqust 2022-ci il tarixdə Bakı şəhəri Təcili və X3 Stansiyası PHŞ-nə müraciət etmişdir. 04 avqust 2022-ci il tarixdə M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikası tərəfindən əmək qabiliyyətinin olmaması vərəqəsi əsasında ona kəskin bronxit diaqnozu qoyulmuş və işə başlamalı olduğu vaxt 16 avqust 2022-ci il olaraq göstərilmişdir. Daha sonra iddiaçı 05 avqust 2022-ci il tarixdə X1 1 Klinikasında həkim-ginekoloqun müayinəsində olmuş və onun 5 həftəlik hamilə olduğu müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək rəsmi olaraq heç bir üzrlü səbəb göstərmədən işə gəlməmişdir. Elə həmin gün xx.xx.2022-ci il tarixdə şirkət tərəfindən iddiaçının ünvanına heç bir üzrlü səbəb olmadan işə gəlməməyi ilə bağlı rəsmi məktub göndərilmişdir. Məktuba cavab olaraq xx.xx.2022-ci il tarixində iddiaçının xalası Sevda xanım iddiaçının hamilə olduğu barədə (hamiləliklə bağlı arayış “whatsapp” proqramı vasitəsilə şirkətin baş mühasibinə göndərilmişdir) və həkimin iddiaçıya yataq rejimi təyin etdiyi barədə şifahi olaraq məlumat vermişdir. Həmçinin, məktubda qeyd edilmişdir ki, iddiaçının hamilə olmazdan öncəki tarixlərdə işə davamlı olaraq gecikməsi, iş yerində mobil telefonla uzun müddət danışmaqla rəhbərliyin xəbərdarlıqlarına məhəl qoymayıb yenidən şəxsi istifadə və vəzifə hüquqlarından sui-istifadə etməklə mobil telefonla danışaraq daxili intizam qaydalarını pozması, həmçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həkimin yataq rejimi ilə bağlı diaqnoz qoyması haqqında müvafiq arayışı və digər hüquqverici sənədləri rəsmi qaydada təqdim etməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması olmaqla iddiaçı ilə cavabdeh arasında 07 sentyabr 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsi il xitam verilməsi üçün əsas olmuşdur. Lakin rəhbərlik həmin maddə ilə müqaviləyə xitam verilməsinin iddiaçının karyerasına və əmək kitabçasına zərər vuracağını düşünərəkdən 10 avqust 2022-ci il tarixdə 10 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən əmək müqaviləsinə xitam vermişdir. İddiaçı işdən çıxarılması ilə bağlı 10 avqust 2022-ci il tarixli əmrlə əlaqədar 25 avqust 2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X4 Xidmətinə müraciət etmiş, xidmətin 30 noyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq, iddiaçının ərizəsi olmadan xitam verildiyindən "xxxx" MMC-nin direktoru X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq 28 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda Əmək Müfəttişliyi Xidmətinin tərəfindən əmək müqaviləsinin xitam verilməsinə dair 10 saylı əmrin ləğv edilərək iddiaçının əvvəlki iş yerinə qayıtması ilə əlaqədar "xxxx" MMC-nin rəhbərliyinə göstəriş xarakterli məktub da ünvanlanmışdır. Lakin bundan sonra da cavabdeh işdən çıxma ilə bağlı həmin əmri ləğv etməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 68.2-ci maddəsinin a bəndinə əsasən, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. 70-ci maddəyə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 87.5-ci maddəsinə əsasən işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqqhesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. 154-cü maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. 158.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. 172.1-ci maddəsinə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. “Əmək haqqının mühafizəsi haqqında” BƏT-nin 1949-cu il tarixli Konvensiyası: Əmək haqqının vaxtında ödənilməsi və əməkçiləri işdən getmək üçün real imkandan məhrum edən hər hansı bir ödəniş sistemlərinin tətbiqini qadağan olunması prinsipi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində cavabdeh şirkət tərəfindən onu işdən azad edərkən heç bir qanunvericilik normasına əsaslanmadığına, formal olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə və bununla da onun hüquqlarının pozulmasına istinad etmişdir. Məhkəmə istinad olunan əmrə münasibətdə qeyd edir ki, əmr qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Burada tərəflər dedikdə işçi ilə işəgötürən nəzərdə tutulur. Əmək müqaviləsinin işçinin təşəbbüsü ilə ləğv edilməsi üçün işçinin bu barədə ərizəsi olmalıdır ki hazırkı işdə belə bir ərizə mövcud deyildir. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində öz əksini tapmışdır. İşəgötürən tərəfindən işçiyə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, işçinin iş yerində yol verdiyi nöqsanlar onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən xitam verilməsi üçün əsasdır. Beləliklə, iş materiallarında müəyyən olunur ki, işəgötürən istinad olunan əsasla tərəflə arasında olan müqaviləyə xitam vermişdir. Halbuki Məcəllənin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İşəgötürən tərəfindən iddiaçıya ünvanlanan məktubun mətnindən də görünür ki, işəgötürən işçinin hamilə olması ilə bağlı məlumatlı olmuşdur. Beləliklə, istinad olunanlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, 10 avqust 2022-ci il tarixli əmr qanunsuz olduğundan etibarsız hesab edilməlidir. İşəgötürən qeyd etsə belə ki, işçinin hamilə olması ilə bağlı müvafiq sənədlər onlara təqdim edilməyib, istinad olunan məktubun məzmunundan görünür ki, işçinin yaxınları onun hamiləliyi ilə bağlı arayışın şəklini telefon vasitəsilə şirkətin mühasibinə göndərmiş və həkim məsləhətinə əsasən işçinin bir müddət istirahət etməli olduğu barədə məlumat vermişdir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin vediyi vəsatətə münasibətdə qeyd edir ki, hazırkı mübahisəyə istinad olunan müddət tətbiq edilə bilməz. Belə ki, 10 avqust 2022-ci il tarixli əmr özlüyüdə etibarsız əmrdir. Yuxarıda istinad olunanlara əsasən, məhkəmə qeyd edir ki, nə qədər ki, işçinin işdən çıxarılması zamanı qanunsuzluğa yol verilmişdir, o, işə bərpa olunmalı və ona məcburi buraxılmış iş günləri üçün əmək haqqı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmişdir. Ona görə də cavabdehdən 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 10 avqust 2022-ci il tarixli əmr etibarsız hesab edilsin və İddiaçı cavabdeh "xxxx" MMC-də tutduğu vəzifəsinə bərpa edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi hesablanıb İddiaçı ödənilsin. Cavabdeh "xxxx" MMC-dən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar