Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3271/2022 11.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 ilə Cavabdeh arasında Sabunçu rayon qeydiyyat şöbəsində bağlanmış 09 avqust 2019-cu il tarixli 91 nömrəli nikahın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı ilə X2 xx.xx.1979-cu il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə Masallı rayonu Xıl kənd sovetində akt qeydləri kitabında 29 nömrə ilə qeydə alınmışdır. Həmçinin, cavabdehlə X2 xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat Şöbəsində akt qeydləri kitabında 91 nömrə ilə qeydə alınmışdır. X2 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırılmışdır ki, o, Əlirza Qafarovla 1979-cu ildə evlənmişlər. Birgə nikahdan 4 uşaqları dünyaya gəlmişdir. Əlirza ölənə qədər ər-arvad kimi bir yerdə yaşamışlar. 2021ci ilin sentyabr ayının 25-də əri Əlirza Qafarov “Covid19” diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş və 17 oktyabr tarixində xəstəxanada vəfat etmişdir. Əri öləndən sonra onun sənədlərinin arasında 2008-ci il tarixində Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş onunla olan nikahın pozulmasına dair şəhadətnamə aşkar olunmuşdur. Boşanma sənədinin mövcudluğundan bu vaxta qədər nə onun, nə uşaqların nə də ki, Əlirzanın qohumlarından heç kimin (bacı qardaşlarının) xəbəri olmamışdır. O, bu barədə Sabunçu rayon qeydiyyat şöbəsinə müraciət edərək hansı əsasla nikahın pozulmasını aydınlaşdırmaq istəmişdir. Sabunçu rayonu Qeydiyyat şöbəsi ona 29 oktyabr 2021-ci il tarixli, xx/xx-2594 saylı məktubla cavab verərək Sabunçu rayon məhkəməsinin 12 aprel 2005-ci il tarixli qətnaməsinə əsasən nikahın pozulduğunu bildirmişdir. O, Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və 12 aprel 2005-ci il tarixli qətnamənin sürətini tələb etmişdir. Sabunçu Rayon Məhkəməsi 02 noyabr 2021-ci il tarixli C-324/2021 saylı məktubla bidirmişdir ki, Əlirza Qafarovla onun arasında nikahın pozulmasına dair mülki iş məhkəmədə qeydə alınmamışdır. Ona görə də o, məhkəməyə müraciət edərək həmin sənədin etibarsız hesab edilməsi barədə ərizə vermişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən ərizəsi təmin edilmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Ailə Məcəlləsinin 25.1-ci maddəsində nikahın etibarsız sayılmasının əsasları konkret göstərilmişdir. Həmin maddəyə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Ailə Məcəlləsində nikahın etibarsız sayılması əsaslarını müəyyən edən şərtləri iki qrupda təsnifləşdirmək olar: birinci, sonradan aradan qaldırılması mümkün olan etibarsızlıq şərtləri. Bunlara Ailə Məcəlləsinin 10.1-ci maddəsində göstərilən yaş həddi ilə (Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.), 11.1-ci maddəsində göstərilən nikaha girən tərəflərin yazılı razılığı və 13.3-cü maddəsində göstərilən qaydada müvafiq tibbi arayışın təqdim edilməsi ilə ( Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. ) bağlı olan şərtlər aiddir. Bu şərtləri ehtiva edən əsasların sonradan aradan qaldırılması ilə nikahın etibarlı sayılması mümkündür ki, bu hüquqi əsaslar Ailə Məcəlləsinin 27-ci maddəsində göstərilmişdir; ikinci, nikahın etibarsızlığına səbəb olan mütləq şərtlər. Həmin şərtlərin mövcudluğu nikahın bağlanmasına mane olur, nikah bağlandığı halda isə istisnasız olaraq onun etibarsızlığına səbəb olur. Bunlara aiddir, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında bağlanmış nikahlar (AM-nin 12.0.1, 12.0.2, 12.0.3, 12.0.3-1 və 12.0.4-cü maddələr). Hazırkı mübahisə üzrə iddia tələbinin əsasını təşkil edən dəlil ondan ibarətdir ki, iddiaçı ilə Əlirza Qafarov nikahda olduqları halda (onlar arasındakı nikah pozulmadığı halda), cavabdehin Əlirza Qafarovla nikahları qeydə alınmışdır. Məhkəmə iş materiallarında olan sübutlar əsasında hesab edir ki, cavabdehlə Əlirza Qafarov arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikahın etibarsız hesab edilməsi üçün əsaslar iş materiallarında mövcuddur. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, iddiaçı ilə Əlirza Qafarov xx.xx.1979cu il tarixdə nikaha daxil olmuşlar. Həmçinin, cavabdehlə X3 arasında nikah akt qeydi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat Şöbəsində 91 nömrə ilə qeydə alınmışdır. Lakin iş materiallarında olan sübutlar əsasında müəyyən edilir ki, iddiaçı ilə Əlirza Qafarov arasında bağlanmış nikah ləğv edilməmiş (mövcud olduğu halda) cavabdehlə Əlirza Qafarov arasında nikah qeydi aparılmışdır. Belə ki, surəti iş materiallarına əlavə edilmiş, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 329184 nömrəli nikahın pozulması haqqında şəhadətnamədə iddiaçı ilə Əlirza Qafarov arasında bağlanmış nikahın ləğv edilməsi və bu qeydin xx.xx.2008-ci il tarixdə 101 nömrə ilə qeydə alınması öz əksini tapmışdır. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinin 11 saylı Vəkil bürosunun vəkili Maşalla Şirvanovun sorğusuna göndərdiyi xx.xx.2021-ci il tarixli cavab məktubunda (surəti iş materiallarına əlavə edilmişdir) bildirmişdir ki, Hədiyyə Qafarova ilə Əlirza Qafarov arasında nikahın pozulmasına dair şəhadətnamənin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin və ya digər sənədinin surətinin qanunvericiliyə müvafiq qaydada saxlanma müddəti bitdiyindən göndərilməsi mümkün deyil. Həmin nikahın pozulması Sabunçu Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən qeydə alınmışdır. Lakin Sabunçu Rayon Məhkəməsi Bakı İnzibati Məhkəməsinin sorğusuna göndərdiyi xx.xx.2022-ci il tarixli (surəti iş materiallarına əlavə edilmişdir) məktubunda göstərmişdir ki, iddiaçının Əlirza Qafarova, yaxud sonuncunun iddiaçıya qarşı nikahın pozulması tələbinə dair mülki iş 2005-ci ilin əlifba göstəricisindən keçməmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş Sabunçu rayon İcra şöbəsi tərəfindən 9 saylı Vəkil bürosuna göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü Əlirza Qafarovla xx.xx.1959-cu il təvəllüdlü Qafarova Hədiyyə arasında bağlanmış nikah qeydinin ləğv olunmasına dair icra sənədi Sabunçu rayon İcra şöbəsinin icraatına daxil olmamşdır. Eləcə də, ünvan 1 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, Əlirza Qafarovun iddiaçıya qarşı nikahın pozulmasına dair mülki iş 2008-ci il və 2005-ci ilin əlifba göstəricisindən keçmədiyindən qətnamənin surəti təqdim edilə bilmir. Bundan başqa, iddiaçı xx.xx.2008-ci il tarixli 101 saylı nikahın pozulması haqqında şəhadətnamənin etibarsız sayılması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4237/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə (cavabdeh də üçüncü şəxs qismində cəlb edilmişdir) Sabunçu rayon Qeydiyyat şöbəsində qeydə alınmış X2 ilə İddiaçı arasında olan nikahın pozulması haqqında xx.xx.2008-ci il tarixli 101 №--li akt qeydinin ləğv edilməsi və AZ-1 seriyalı 082573 nömrəli “Nikahın pozulması haqqında" şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi qərara alınmışdır (qərar qanuni qüvvəsini almamışdır). Şərh edilənlərdən də göründüyü kimi, rəsmi sənədlərlə müəyyən edilir ki, iddiaçı ilə Əlirza Qafarov arasında bağlanmış nikahın ləğvi edilməsi əsası kimi Sabunçu Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi göstərilsə də, belə bir qətnamənin mövcud olması müəyyən edilməmişdir. Ailə Məcəlləsinin 180-182-ci maddələrində isə nikahın pozulmasının qeydə alınmasının yalnız iki əsası nəzərdə tutulmuşdur: birinci, məhkəmə qətnaməsi ilə (180-ci maddə) və ikinci, rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ərarvadın ərizəsi ilə. Sonuncu halda nikahın pozulmasının qeydə alınması ər-arvadın qarşılıqlı razılığı (181-ci maddə) və ər-arvaddan birinin ərizəsi ilə (maddə 182-ci maddə) aparılır. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ilə Əlirza Qafarov arasında xx.xx.1979-cu il tarixdə bağlanmış nikah ləğv edilmədən Əlirza Qafarovun sağlığında digər şəxslə rəsmi qaydada nikaha daxil olması Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinin (ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir) tələbinə zidd olmuşdur, ona görə də, cavabdehlə Əlirza Qafarov arasında Sabunçu rayon qeydiyyat şöbəsində bağlanmış 09 avqust 2019-cu il tarixli 91 nömrəli nikah etibarsız hesab edilməlidir. Ailə Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə X2 arasında 09 avqust 2019-cu il tarixdə Bakı şəhər Sabunçu rayon Qeydiyyat şöbəsində 91 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-3271/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3271/2022
11.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver