Məhkəmə qərarları › İş №2(011)-3291/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3291/2024

17.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3291/2024 17.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Havrylenko Tetiananın cavabdeh X6 qarşı “əmlakın naturada bölünməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 12 saylı evin 111 saylı mənzilinin (bundan sonra – Mənzil) ½ hissəsi iddiaçının, ½ hissəsi isə cavabdebin paylı mülkiyyətindədir. İddiaçının Mənzilə dair ½ hissədə paylı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla (qeydiyyat nömrəsi: **********) bu barədə ona Çıxarış verilmişdir. Həmçinin, cavabdehin də Mənzilə dair ½ hissədə paylı mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla (qeydiyyat nömrəsi: **********) bu barədə ona Çıxarış verilmişdir.

2. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3454/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 X6 və Havrylenko Tetianaya qarşı “vərəsəlik hüququnun tanınması” barədə iddiası təmin edilməmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 12 saylı evin 111 mənzilinin onun və cavabdehin payına uyğun olaraq naturada bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində göstərmişdir ki, iddiaçı X3 bacısı X6, ona və 3-cü şəxslərə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin, onların əsasında verilmiş çıxarışların ləğv edilməsi, vərəsəlik hüquqlarının tanınması tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət edərək Mənzilin ½ hissəsinə dair 5 saylı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 2V-96 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında bacısı X4 adına olan çıxarışın, həmin mənzilin ½ hissəsinin 5 saylı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 2V-639 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2022-ci il tarixli, 2V-203 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında adına olan çıxarışın, anası X8 vəfatından sonra miras qalmış əmlakına, o, cümlədən Mənzilinə dair onun vərəsəlik hüquqlarının tanınması və vərəsələr arasında bərabər payda bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-3454/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X2 cavabdehlər X7, ona və 3-cü şəxslərə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin, onların əsasında verilmiş çıxarışların ləğv edilməsi, vərəsəlik hüquqlarının tanınması tələbi”nə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin verdiyi xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Mənzilin ½ hissəsi cavabdehin, ½ hissəsi isə onun mülkiyyətindədir. Mənzilin bir otağında yaşayır. Cavabdeh mənzildəki əmlaklardan istifadə etməyinə maneə olur, onunla bir mənzildə yaşamaq mümkünsüzdür. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün razılaşa bilmirlər.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

9. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

10. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

11. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

12. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

13. Maddə 220.6. bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

14. Maddə 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

20. Mənzilin paylı mülkiyyətdə olması, iddiaçının ½ hissədə iddiaçının, qalan ½ hissədə cavabdehin payının müəyyən edilməsi işin mübahisəsiz halıdır.

21. Paylı mülkiyyətdə olan ümumi əşyanın bölünməsi, həmin əşyalara dair payların müəyyən edilməsi, ayrılması, habelə satışı ilə bağlı hüquqi əsaslar Mülki Məcəllənin 220-ci maddəsində göstərilmişdir. Həmin Məcəllənin 220.3-cü maddəsində paylı mülkiyyətdə olan ümumi əşyalara dair payların bölünməsinin və ayrılmasının 2 qaydası nəzərdə tutulmuşdur: bunlardan birincisi qarşılıqlı razılıq əsasında payların bölünməsi, yaxud ayrılması, digəri isə mübahisə yarandığı halda, məhkəmə qaydasında həmin proseslərin həyata keçirilməsi ilə bağlıdır.

22. Qanun ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması ilə bağlı məsələlərin həll edilməsini əvvəlcə mülkiyyətçilərin iradəsinə verir. Bu mümkün olmadıqda isə, mübahisənin məhkəmə yolu həll edilməsi həyata keçirilir. Yəni, qanunda sözügedən mübahisənin mərhələli tənzimlənməsi qaydalarına görə əvvəlcə paylı mülkiyyətin mülkiyyətçiləri arasında ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılıq əldə edilə, belə razılıq olmadıqda isə mülkiyyətçilər öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Bu zaman, yəni paylı mülkiyyətdə olan əşyanın naturada ayrılması mümkün olmadıqda, yaxud mümkün olduğu halda, payın naturada ayrılması ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququ əmələ gəlir.

23. Həmçinin, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 10/7470 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli Mənzilin tərəflərin paylarına uyğun olaraq “İnşaat norma qaydaları”nın 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.9-cü bəndlərinə və metodik əsasların tələblərinə uyğun qaydada naturada paylara uyğun bölünməsi texniki cəhətdən mümkün deyil.

24. İşin qeyd edilən faktiki hallarından və sadalanan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli Mənzilin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, tərəflər isə Mənzilə dair payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən mövcud iddia tələbi təmin edilə bilməz.

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. 50 manat məbləğində ekspertiza xərci Havrylenko Tetianandan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar