Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3296/2024 26.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızı Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “əmək stajının müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ:
1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “əmək stajının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və 1972-ci ildən 1993-cü ilədək ona məxsus olan əmək kitabçasında qeyd edilən 12 il 8 aylıq əmək stajının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 151.1. iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2. hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.
3. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı: 13.2. Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir.
İşə baxan məhkəmənin mövqeyi:
4. Məhkəmə mülki iş üzrə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin icraata qəbulundan imtina edilməlidir.
5. Belə ki, hazırki ərizə üzrə ərizəçinin tələbi 1972-ci ildən 1993-cü ilədək ona məxsus olan əmək kitabçasında qeyd edilən 12 il 8 aylıq əmək stajının müəyyən edilməsidir. Ərizəçi məhkəməyə müraciət etməzdən əvvəl Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin 18 saylı Regional Ərazi Filialına müraciət etmiş və həmin orqan tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli bildirişə əsasən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il AVT təyinat Yaşa görə əmək pensiyası təyin olunmuşdur. Təqdim etdiyiniz sənədlərə əsasən pensiyanın yenidən hesablanması üçün əmək kitabçasında 1972-ci il tarixdən 1993-cü il tarixədək yazılmış iş yerlərini yoxlamaq mümkün olmamışdır, sosial sığorta stajına hesablamaq imkan xaricində olmuşdur.
6. Məhkəmə qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş sənədlər içindən ərizəçinin əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası) mövcuddur, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. (§3)
7. Eyni zamanda əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. (§3)
8. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi inzibati aktın qəbul edilməsi ilə bağlı olduğundan həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür.
9. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə uyğun olaraq hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir.
10. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 153.2, 263-264-cü maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “əmək stajının müəyyən edilməsi” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin.
2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim: Samirə Eyvazova