Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3298/2024 08.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılmağına dair Cavabdeh MMC-nin 08 dekabr 2023-cü il tarixli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC-nin Tovuz filialında satıcı vəzifəsində işləyir və iddiaçı ilə bağlanmış müqavilənin müddətinin bitməsinə iki ildən artıq müddət vardır. Mağazanın müdir köməkçisi Cavid Qasımov adlı şəxs iddiaçı ilə şəxsi qərəzlik apararaq, ona işləməyə imkan verməmiş və 08 dekabr 2023-cü il tarixdə onun təşəbbüsü ilə iddiaçı işdən çıxarılmışdır. İddiaçının işdən çıxarılmağı barədə əmr və əmək kitabçası iddiaçıya verilməmişdir, əmək kitabçasının verilməsi üçün iddiaçını Bakı şəhərinə baş ofisə dəvət etmişlər. Hesab edir ki, işdən çıxarılmağı barədə əmr tamamən qanunsuz verilmiş, işəgötürən tərəfindən heç bir əsas olmadan onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş, işdən çıxarılma səbəbi ona izah edilməmişdir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdehin nümayəndəsi X1 məhkəmə iclaslarına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinə etiraz etdiyini bildirmişdir. O, etirazda qeyd etmişdir ki, iddiaçının iş materiallarına əlavə edilən iddia ərizəsinə diqqət yetirdikdə onun Mülki Prosessual Məcəllənin tələblərinə uyğun hazırlanmadığını, şəxsin iddiasının predmetinin, iddia tələbinin nə olduğunu və bu tələbini nə ilə əsaslandırdığını qeyd etmədiyini, sadəcə “nağılvari” sözlərlə əhatə olunduğu açıq şəkildə görmək mümkündür. Lakin ərizə bu hallara fikir verilmədən icraata qəbul edilmişdir. Hazırkı məhkəmə mübahisəsində iddia predmetinin nə olduğu ərizədə göstərilmədiyi üçün ona hər hansı formada münasibət bildirmək (etiraz etmək, etiraf etmək, qismən etiraf etmək və s.) mümkün deyildir. Bu hal isə öz növbəsində ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipinin kobud şəkildə pozulmasıdır. İddiaçı iddia ərizəsində Cavabdeh MMC-nin Tovuz filialında satıcı vəzifəsində işlədiyini və əmək müqaviləsinin müddətinin bitməsinə 2 ildən artıq müddət qaldığını bildirsə də, qeyd etmək lazımdır ki, həmin şəxs əmək müqaviləsi müddətsiz bağlanmışdır. Bundan əlavə hazırkı məhkəmə mübahisəsi üzrə Mediasiya prosesinə düzgün əməl edilməmişdir. Belə ki, İddiaçı Cavabdeh MMC-yə xx.xx.2024-eü il tarixində Mediasiya prosesinin tətbiqi barədə təklif məktubu daxil olmuş, həmin məktuba 015 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubu göndərilmiş və qarşı tərəfə Cavabdeh MMC- nin hüquqi ünvanının Bakı şəhəri, Xətai rayonunda olduğunu nəzərə alaraq, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Xətai rayonu ərazisində yerləşən Mediasiya təşkilatlarından birinə müraciət etməsi tövsiyə edilmişdir. Həmin məktub xx.xx.2024-cü il tarixdə İddiaçı çatdırılmış, lakin qarşı tərəf cavabı diqqətə almamış, Mediasiya sessiyasına düzdün əməl etmədən, Tovuz 1 saylı mediasiya təşkilatından ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə fomıal arayış almaqla məhkəməyə müraciət etmişdir. Həmçinin mediasiya təklifinə diqqət etsək, işçinin tələbi ilə hazırda iddia ərizəsində qeyd edilmiş tələblər üst-üstə düşmür. Beləliklə, İddiaçı tərəfindən Mediasiya haqqında qanunun tələblərinə əməl edilmədiyi və iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən verildiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan əlavə, Cavabdeh MMC-yə daxil olmuş sorğuya cavab olaraq şəxsin əmək kitabçasının, 4647 K nömrəli, 08 dekabr 2023-cü il tarixli əmrin, əmək müqaviləsinin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətini qoşmada təqdim edir. Qüvvədə olan Əmək Məcəlləsinə əsasən əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün işçiyə verilir. İşçi əmək kitabçasını götürmədikdə həmin əmək kitabçası və işçiyə aid sənədlər müvafiq arxiv şöbəsində qeydiyyat aparılaraq saxlanılır. Odur ki, İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməlidir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh şirkət arasında 30 yanvar 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı Cavabdeh MMC-də pərakəndə satış departamentində “satıcı (meyvə-tərəvəz)” vəzifəsində işə qəbul edilmişdir. İş materiallarından görünür ki, 08 dekabr 2023-cü il tarixli 4647K saylı əmrə əsasən cavabdeh təşkilatda pərakəndə satış departamentində “satıcı (meyvə-tərəvəz)” vəzifəsində çalışan İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin ç) bəndinə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə (əmək funksiyasını pozduğuna görə əvvəllər İşəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) uyğun olaraq, Əmək Məcəlləsinin 71.2-ci maddəsi (işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması) səbəbindən xitam verilmişdir. Xitamın əsası olaraq işçinin rəhbərinin xidməti məlumatı, HİK-nin yığıncağına təqdimat, HİK-nin yığıncağının protokolu və qərarı, HİK-nin tərtib etdiyi akt göstərilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 08 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, cavabdeh təşkilat iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə 08 dekabr 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində göstərilən halda əmək vəzifələrini kobud şəkildə pozduğu üçün) xitam verildiyini bildirmiş və əmək kitabçasını təhvil almaq üçün iddiaçını təşkilatın baş ofisinə dəvət etmişdir. İddiaçı hüquqlarının pozulması ilə əlaqədar X2 Xidməti Bakı şəhər idarəsinə müraciətlər ünvanlamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 3-cü maddəsinin 8-ci bəndinə əsasən iş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. 68.2-ci maddəsinin a bəndinə əsasən, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. 70-ci maddəyə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü bəndinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 80-ci maddənin 1-ci bəndinə görə Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddənin 2-ci bəndinə görə Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 80-ci maddənin 3-cü bəndinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 87.5-ci maddəsinə əsasən işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqqhesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. 154-cü maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. “Əmək haqqının mühafizəsi haqqında” BƏT-nin 1949-cu il tarixli Konvensiyası: Əmək haqqının vaxtında ödənilməsi və əməkçiləri işdən getmək üçün real imkandan məhrum edən hər hansı bir ödəniş sistemlərinin tətbiqini qadağan olunması prinsipi qeyd edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 9.1.2-ci maddəsinə əsasən tərəflərin mediasiya təşkilatını və ya mediatoru seçmək və onlardan imtina etmək hüququ vardır. 21.9-ci maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə, tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə, tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə, bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. 28.3-cü maddəsinə görə tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin iki dispozitiv şərti nəzərdə tutulmuşdur: 1) işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi; 2) Məcəllənin 72-ci maddəsində sadalanan işçi tərəfindən əmək vəzifələrindən birinin kobud şəkildə pozulması. Qeyd edilən müddəalardan da göründüyü kimi, ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin hüquqi əsasları Məcəllənin 71-ci maddəsinin 2-ci bəndi ilə məhdudlaşdırılmaqla daha da konkretləşdirilmişdir. Belə ki, işçinin əmək müqaviləsi ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə o halda ləğv edilə bilər ki, Məcəllənin 71-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş nəticələr baş vermiş olsun. Bu halda, işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün 3 vacib şərt də nəzərə alınmalıdır: 1) işçinin təqsiri (işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi); 2) işçinin təqsirli hərəkətlərindən doğan nəticə (müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulması; 3) işçinin təqsirli hərəkətləri ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olması. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının işdən azad edilməsi prosesində əmək qanunvericiliyinin təsbit etdiyi müddəalara hərfi mənada riayət edilməmişdir. Belə ki, işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün yuxarıda istinad edilən 3 vacib şərtin mövcudluğu yoxlanılmamış, əmr kifayət qədər əsaslandırılmamışdır. Cavabdeh təşkilat iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 08 dekabr 2023-cü il tarixli 4647 K saylı əmrdə iddiaçının əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmasını, öz əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasını müqaviləyə xitam verilməsinin səbəbləri olaraq qeyd etsə də, bu pozuntunun araşdırılması zamanı iddiaçıdan izahatın alınması, araşdırılmanın nəticəsi, pozuntunun nədən ibarət olması və əmrdə istinad olunan işəgötürən tərəfindən işçiyə verilmiş intizam tənbehinin nədən ibarət olması və buna dəlalət edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, qanunvericiliyin tələblərinə əsasən işəgötürən Əmək Məcəlləsinin 70ci maddəsinin ç) bəndlərində göstərilən əsaslarla həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə xitam verdikdə müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almalıdır. İş materiallarında mövcud olan əmək müqaviləsinə xitam verilməsi barədə 08 dekabr 2023-cü il tarixli 4647 K saylı əmrdə əmrin əsası olaraq “İşçinin rəhbərinin xidməti məlumatı, HİK-nin yığıncağına təqdimat, HİK-nin yığıncağının protokolu və qərarı, HİK-nin tərtib etdiyi akt” qeyd edilsə də, iş materiallarında həmkarlar ittifaqı təşkilatının rəyinin alınmasına, yığıncağın təşkil edilməsinə, buna dair protokolun mövcud olmasına dəlalət edən hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçı həmkarlar ittifaqı təşkilatı tərəfindən ona hər hansı məlumatın verilmədiyini və ittifaqın hər hansı iclasına dəvət edilmədiyini bildirmişdir. Əlavə olaraq, məhkəmə qeyd edir ki, cavabdeh tərəf heç bir məhkəmə iclasında iştirak etməmiş, məhkəmə tərəfindən verilmiş sorğuda iddiaçıya məxsus əmək kitabçası və şəxsi işi tələb edilsə də, cavabdeh tərəfindən həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Yuxarıda istinad olunanlara əsasən məhkəmə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olduğu qənaətinə gəlir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının işdən çıxarılmağına dair Cavabdeh MMCnin 08 dekabr 2023-cü il tarixli əmrinin ləğv edilməsi hissəsində təmin edilməli və 08 dekabr 2023-cü il tarixli 4647 K saylı əmr ləğv edilməlidir. Məhkəmə iddia tələbinin işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi hissəsinə münasibətdə qeyd edir ki, nə qədər ki, məhkəmə araşdırması nəticəsində iddiaçının işdən çıxarılması barədə Cavabdeh MMC-nin 08 dekabr 2023-cü il tarixli əmri qanunsuz hesab edilərək ləğv edilmişdir, odur ki, iddia tələbi bu hissələrdə də təmin edilməli, İddiaçı Cavabdeh MMC-də tutduğu vəzifəyə bərpa olunmalı, məcburi işburaxma müddətinə görə ona əmək haqqı ödənilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin etiraz ərizəsində qeyd etdiyi hallara münasibətdə bildirir ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq hazırkı mübahisənin məhkəməyə qədər nizama salınması ilə bağlı yaşadığı və qeydiyyatda olduğu Tovuz rayonu üzrə müvafiq mediasiya qurumuna müraciət etmiş və Tovuz 1 saylı Mediasiya təşkilatından ilkin mediasiya sessiyasının davam etdirilməməsi ilə bağlı arayışı əldə etmişdir. Odur ki, məhkəmə cavabdehin etirazda qeyd etdiyi dəlilləri əsassız hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 08 dekabr 2023-cü il tarixli 4647 K saylı əmr ləğv edilməli, İddiaçı Cavabdeh MMC-də tutduğu pərakəndə satış departamentində “satıcı (meyvə-tərəvəz)” vəzifəsinə bərpa edilməli, Cavabdeh MMC tərəfindən məcburi buraxılmış iş günləri üçün əmək haqqı hesablanıb İddiaçı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmişdir. Ona görə də cavabdehdən 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 08 dekabr 2023-cü il tarixli 4647 K saylı əmr ləğv edilsin və İddiaçı Cavabdeh MMC-də tutduğu pərakəndə satış departamentində “satıcı (meyvə-tərəvəz)” vəzifəsinə bərpa edilsin. Cavabdeh MMC tərəfindən məcburi buraxılmış iş günləri üçün əmək haqqı hesablanıb İddiaçı ödənilsin. Cavabdeh MMC-dən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3298/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3298/2024
08.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver