Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-330/2022 19.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil3, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 (sonradan cavabdeh qismində cəlb edilmişdir) və Cavabdeh1 qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması və digər” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə X4 (Cavabdeh3 anasıdır) arasında arasında ünvan 1 ünvanında (yeni qaydalarla ünvan 2 sahəsində yerləşən, 18,0 kv.m-dən ibarət, “A” tikilisi adlandırılan 1 otaqdan ibarət 3 saylı evin (bundan sonra - Fərdi yaşayış evi) alqı-satqısına dair xx.xx.1999-cu il tarixdə 082663 saylı müqavilə bağlanmış və iddiaçının Fərdi yaşayış evinə dair mülkiyyət hüququ ilkin olaraq xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmaqla, bu barədə 007678 saylı Qeydiyyat vəsiqəsi verilmişdir.
2. Sonradan, qeyd edilən ünvanda iddiaçının mülkiyyətində 18 kv.m yaşayış, 10.4 kv.m köməkçi sahədən ibarət “A” tikilisi adlandırılan 1 otaqlı, Məryəm Nurmətovanın mülkiyyətində 26,1 kv.m yaşayış, 13 kv.m köməkçi sahədən ibarət “B” tukilisi adlandırılan 2 otaqlı fərdi yaşayış evinin olması barədə dövlət reyestrində düzəliş edilərək, bu barədə xx.xx.1999-cu il tarixdə 002524 saylı Qeydiyyat vəsiqəsi verilmişdir.
3. İddiaçının Fərdi yaşayış evinə mülkiyyət hüququna dair xx.xx.2021-ci il tarixdə ********** nömrəli yeni Çıxarış verilmişdir.
4. X4 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Ondan qalmış miras əmlak ünvan 1 (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, N.Mahmudov küçəsi, 42) ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisi və mülkiyyətində olan torpaq sahəsindən ibarət olmuşdur. Məryəm Nurmətovanın iki vərəsəsi olmuşdur: X2 və Cavabdeh3.
5. X2 ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixində notarial qaydada bağlanmış miras payın bağışlanması müqaviləsinə əsasən Rafiq Nurmətov anasından (Nurmətova Məryəm) miras qalmış Fərdi yaşayış evinin ona düşən ½ hissədən ibarət miras payını Cavabdeh3 bağışlamış və sonuncunun Fərdi yaşayış evinə dair mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.
6. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
7. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən mülkiyyətində olan 0,03442 ha torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri qaytarılaraq boşaldılması, həmin torpaq sahəsində aparılmış qanunsuz tikililərin, hasarın cavabdehlərin hesabına sökülməsi, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddiaçı iddia ərizəsində qeyd edir ki, hal-hazırda yaşadığı evi 30 oktyabr 1999-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında X1 almışdır. Aldığı ev “A" tikilisi olmaqla, 57,5 kv.m sahəsi vardır və altındakı torpaq sahəsi (0,0344 ha) ilə birgə onun xüsusi mülkiyyətindədir. 17 iyun 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən müvafiq çıxarış almışdır. “B” tikilisinin mülkiyyətçisi Məryəm Nurmetova 25 avqust 2016-cı il tarixdə ölmüşdür. Onun ölümündən sonra ona məlum olmayan əsaslarla həmin tikilidə cavabdehlər Cavabdeh1 və onun arvadı Cavabdeh2 yaşayır. Cavabdehlər orada yaşamağa başladığı vaxtdan onun və ailəsinin çətin günləri başlamışdır. Onun xüsusi mülkiyyətində olan 3 sotdan bir qədər artıq olan torpaq sahəsinə giriş-çıxışı qeyrimümkün olmuşdur. Cavabdehin onun mülkiyyətində olan torpaq sahəsinə girişi bağlayaraq ondan istifadəni tam olaraq məhdudlaşdırmış və həmin torpaq sahəsinə qanunsuz sahiblik etməyə başlamışlar. Hətta vəziyyət o yerə gəlib çatmışdır ki, həmin torpaq sahəsində qanunsuz B tikililər quraşdırmışlar. Dəfələrlə onlara bu kimi qanunsuz əməllərinə son qoymaqlarını bildirsə də, aralarında mübahisələr yaranmışdır. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş və bunun nəticəsi olaraq cavabdehlər Polis bölməsinə dəvət edilmiş və onlarla profilaktik söhbətlər aparılmış, cavabdehlər münaqişəli ailə kimi qeydiyyata götürülmüşdür. Lakin bundan sonra da o, və ailə üzvləri mülkiyyətində olan torpaq sahəsi üzərində cavabdehlərin qanunsuz sahibliyinə son qoyulması barədə xəbərdarlıqlar etsə də, təhqirlərə və hətta arvadı X3 Məmmədova tərəfindən döyülmüşdür. Bu faktla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati iş başlanılmışdır. Lakin, onlar humanizm prinsiplərindən çıxış edərək ona qarşı şikayəti geri götürmüşdür. Cavabdehlərin qanunsuz əməlləri onun qanunla qorunan ən ali hüquqlardan biri olan mülkiyyət hüququna qəsd edir. Xüsusi mülkiyyət hüququ olduğu halda cavabdehlər həmin mülkiyyətə qanunsuz sahiblik edir, orada qanunsuz tikililər quraşdırmış, onun və ailəsinin həmin torpaq sahəsinə daxil olmalarına imkan vermirlər və bununla da mülkiyyət hüququ tam olaraq məhdudlaşdırılmışdır.
b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:
9. Cavabdehlər iddia ərizəsinə etirazlarını yazılı şəkildə təqdim etməmişlər.
10. Məhkəmə iclasında verilən izahatlar:
11. İddiaçı, onun vəkili və nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər.
12. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, 1999-cu ildə iddiçıya torpaq sahəsi deyil, “A” tikilisindən ibarət bir otaqlı fərdi yaşayış evi satılmışdır. Çıxarış verilərkən A və B tikililəri faktiki olaraq ayrılmadığından torpaq sahələrinin və yaşayış evlərinin ölçüləri eyni göstərilmişdir.
13. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
14. 26-cı maddənin İ hissəsi. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
15. 60-cı maddənin İ hissəsi. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
21. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
22. Yuxarıda qeyd edilən müddəalar hüquq və azadlıqlarının, eləcə də maraqlarının pozulmasını ehtimal edən bütün fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması və təmin edilməsi üçün məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasını təsbit etmişdir. Qanunvericilik müəyyən edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir.
23. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.
24. Buna görə də, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını (cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri) araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Çünki, iddia irəli sürməyə imkan verən subyektiv hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı.
25. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan Fərdi yaşayış evi əvvəlcə Məryəm Nurmətovanın mülkiyyətində olmuş, sonuncu yalnız mülkiyyətində olan “A” tikilisi adlanan 18 kv.m-dən ibarət Fərdi yaşayış evni iddiaçıya satmışdır. Bu hal iş materiallarında olan alqı-satqı müqaviləsi və digər sənədlərlə öz təsdiqini tapır. Belə ki, Fərdi yaşayış evinin alqı-satqısına dair müqavilədə açıq şəkildə, iddiaçının iddia etdiyi və hazırda Cavabdeh3 məxsus olan torpaq sahəsinin deyil, ünvan 1 ünvanında (yeni qaydalarla ünvan 2 sahəsində yerləşən 18,0 kv.m-dən ibarət “A” tikilisinin iddiaçıya satılması göstərilmişdir.
26. İddiaçıya sonrakı düzəlişlə verilmiş xx.xx.1999-cu il tarixli, 002524 saylı Qeydiyyat vəsiqəsində də iddiaçının 18 kv.m yaşayış, 10.4 kv.m köməkçi sahədən ibarət “A” tikilisi adlandırılan 1 otaqlı fərdi yaşayış evinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmçinin, Məryəm Nurmətovanın miras əmlakına dair verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə miras əmlakın ünvan 1 ünvanında (yeni qaydalarla ünvan 3isindən və mülkiyyətdə olan torpaq sahəsindən ibarət olması göstərilmişdir.
27. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/23 saylı rəyi ilə müəyyən edilmişdir ki, göstərilən ünvanında “A” və “B” tikililərindən başqa əlavə tikili inşa edilmişdir. “A” tikilisinin qarşısında sahəsi 12,25 kv.m mətbəx sahəsi, 10.32 kv.m olan digər tikili inşa edilmişdir. Hər iki tikilinin yola tərəf ayrıca giriş-çıxışı olduğundan “B” tikilisindən isitifadə “A” tikilisindən və onun yerləşdiyi torpaq sahəsindən sərbəst istifadəyə maneçilik yaratmır. Hər iki tikili bir-birindən təcrid olunmuşdur. Onlar arasında olan qalan boş torpaq sahəsi 70 kv.m-dir. Tikililər arasında rəsmi bölgü olmadığından mübahisəli torpaq sahəsinin konkret hansı tikiliyə aid olmasını və “A” tikilisinin yerləşdiyi torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.
28. Həmçinin, məhkəmə tərəfindən mübahisəli əraziyə yerində baxış keçirilərkən də “A” və “B” tikililərinin bir-birindən təcrid olunmaları və hər ikisinin ayrıca giriş-çıxışının olması, “A” tikilisindən “B” tikilisinin yerləşdiyi torpaq sahəsinə, ümumiyyətlə hər hansı keçidin olmaması, “B” tikilisinin yerləşdiyi torpaq sahəsinin faktiki olaraq iki hissəyə bölünərək bir hissəsində inşa edilmiş 12,25 kv.m mətbəxdən və 10.32 kv.m-dən ibarət tikilinin Cavabdeh2 və Cavabdeh1 sahibliyində, digər hissəsinin isə, üzərində olan tikililərlə birlikdə Cavabdeh3 mülkiyyətində olması müəyyən edilmişdir.
29. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçının mülkiyyətində yalnız ünvan 1 ünvanında (yeni qaydalarla ünvan 4isindən ibarət fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi vardır, onun hazırda Cavabdeh3 mülkiyyətində olan “B” tikilisinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı bir hüququ yoxdur.
30. Həm iddiaçıya, həm də Cavabdeh3 verilmiş çıxarışlarda daşınmaz əmlakın və torpaq sahəsinin eyni ölçüdə qeyd edilməsinin səbəbi isə “A” və “B” tikililərinin eyni ünvanda ünvanda yerləşmələri ilə bağlıdır. Belə ki, ƏMDK yanında DƏDRX Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi Bakı şəhər 1 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə Məhkəmənin sorğusuna verdiyi cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Mahmudov küçəsi, 3 saylı fərdi yaşayış evinin ümumi sahəsinin 67,5 kv.m, yerləşdiyi torpaq sahəsinin 0,0344 ha olduğu üçün hər iki çıxarışda sahələr eyni göstərilmişdir.
31. Məhkəmə həm də qeyd edir ki, iddiaçı Fərdi yaşayış evini xx.xx.1999-cu ildə alaraq orada yaşamasına baxmayaraq, yalnız 2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir.
32. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmadığından iddia rədd edilməlidir.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. Ekspertiza tətqiqatının dəyəri kimi hesablanmış 50 manat məblğində ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildikdən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Pərviz Zamanlı