Məhkəmə qərarları › İş №2(073)-132/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-132/2025

23.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-132/2025 23.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin onun torpağından çıxarılması və cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun Cəlilabad şəhəri, ünvan 1 ünvanında yerləşən torpağından çıxarılması və cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, onun adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə 599,14 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə **********0171 reyestr nömrəli plan və ölçü sənədi vardır. Cəlilabad rayon Məhkəməsinin hakimi Qalib Paşayev 25 oktyabr 2022-ci il tarixli, iş № 2(073)-1960/2022 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh Cəlilabad şəhəri, ünvan 1 ünvanında yerləşən 1964-cü il tarixli 256 inventar nömrəli texniki pasporta əsasən mərhum X6 məxsus iki otaq, bir eyvandan ibarət fərdi yaşayış evinə köçürülməsini qət etmişdir. Qətnaməyə əsasən iki otaq, bir eyvandan istifadə üçün 21 fevral 2023-cü il tarixdə Cəlilabad rayon İcra və Probasiya şöbəsindən gələrək evin qəzalı vəziyyətdə olmasını aktda da qeyt etmişlər və o evə köçürülmüşdür. Akt yazılarkən iki otaq, bir eyvandan ibarət olan evdən istifadə edilməsini İcra rəisi cavabdehə bildirdi. Cavabdeh evə gediş-gəliş üçün evin arxa hissəsindən yol verilən yerdən gedib-gələcəkdir. Evə köçürüldükdən sonra cavabdeh və ailə üzvü onun həyətindən istifadə edərək onu narahat etməyə başlayıb. Cavabdeh onun həyətini öz həyəti kimi istifadə edir. O Cavabdeh bildirəndə ki, bura girişin qadağandır, həyətə giriş etməyin qanunsuzdur, cavabdeh qarşılığında onu təhqir edib hədə-qorxu gəlirdi. Cavabdeh ona qulaq asmadan, qanunlara əməl etmədən bu gün onun həyətində istədiyini edir. Onun həyətinin bir hissəsini zəbt etmiş, ailəsi ilə birlikdə həyətdə miz-stol qoyaraq istədiyi hərəkəti edir. Cavabdeh Məhkəmənin qətnaməsinə və İcra Aktına əhəmiyyət vermir və istədiyini edir. Uzun müddətdir cavabdeh ona məxsus həyətyanı torpaq sahəsini özbaşınalıq edərək, həyətin bir hissəsini zəbt etmişdir. O, dəfələrlə cavabdehə bu barədə öz etirazını bildirsədə Cavabdeh, buna əhəmiyyət verməmiş, hətta onu təhqir etməkdən belə çəkinməmişdir. Cavabdeh sözügedən həyətyanı torpaq sahəsindən qanunsuz istifadə etməklə onun mülkiyyət üzərində hüquqlarını pozmuşdur. Hazırda torpaq sahəsinin bir hissəsi qanunsuz olaraq cavabdehin istifadəsindədir və həmin torpaq sahəsi üzərində hüquqi qeyydiyyatı olmayan iki otaq bir eyvandan ibarət olan qəzalı evi hissə-hissə söküb yeni ev inşa edir və 27 avqust 2024-cü il tarixdən özbaşınalıq edib onun həyətini tam zəbt etməyə başlayaraq hasar inşa etmişdir. Cavabdeh Şirvan İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi verərək ona verilmiş 30 may 2001-ci il tarixli, 03 saylı qərarın 599,14 m2 olan torpaq sahəsinin verilməsinə dair hissənin etibarsız hesab edilməsi barədə 27 mart 2019-cü il tarixli, iş № 2-1(086)-136/2019 saylı qərar qəbul etmişdir. Cəlilabad rayon Məhkəməsinə mülkiyyətində olan evi və həyətyanı sahənin vərəsə kimi bölünməsi tələbi əsassız olduğundan təmin edilməməsi barədə 02 oktyabr 2020ci il tarixli, iş № 2(073)-1758/2020 saylı qətnamə qət etmişdir. Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi verərək onun mülkiyyətinə verilmiş A230437 (kod **********0171) saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi barədə 03 mart 2021-ci il tarixli, iş № 2-1(120)- 61/2021 saylı qərar qəbul etmişdir. Şirvan Apellyasiya Məhkəməsinə Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 saylı onun adına torpaq sahəsinin verilməsinin etibarsız olması barədə apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti mümkün sayılmaması barədə 21 may 2021-ci il tarixli, 2-1 (106)-313/2021 saylı qərar qəbul edilmişdir. 2015-ci ildə onun anası vəfat etmiş və anasının matəm mərasimi üçün həmin evə gəlmişdir. Anası həmin evdə tək başına qalmış, vəfat etdikdən sonra heç kim o evdə qalmamışdır. Evdə yaşayış olmadığından, baxılmadığından ev köhnə olduğundan qəzalı vəziyyətə düşmüşdür. Hətta evin qəzalı vəziyyətdə olması onu narahat edir, evin onun evinə tərəf hissəsi, yəni gün çıxan tərəfi uçuq, çatlaq olduğundan evinə (evi ilə arası 60-70 sm-dir) aşma ehtimalı çoxdur. Cavabdehin qanunsuz əməllərinə görə onların mülkiyyət hüquqları pozulmuşdur. Dəfələrlə cavabdehə torpağın qaytarılması barədə xəbərdarlıqlar etsə də, heç bir nəticəsi olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, xx xxxxxx 1960-cı il tarixində Cəlilabad şəhəri, M.ünvan 2 ünvanında mərhum atasına məxsus evdə doğulmuşdur və doğulduğu vaxtdan həmin ünvanda yaşamışdır. 2003-cü il tarixində Təranə Nəzərova ilə ailə həyatı qurmuş və onu həmin evə gəlin köçürmüşdür. Qardaşı İddiaçı da həmin ünvanda doğulmuş və orada yaşamışdır. Mərhum atasına məxsus ev 2 otaqdan 1 eyvandan ibarət olmuşdur. 1980-cı ildə həmin ünvanda mərhum atasının köməkliyi ilə ikinci evi inşa etməyə başlamışlar, 1996-cı ildə öz vəsaiti hesabına həmin evi yaşayış üçün yararlı vəziyyətə gətirmiş və qardaşı İddiaçı ailə üzvləri ilə birlikdə yeni inşa edilmiş evdə, o isə ailə üzvləri ilə birlikdə mərhum atasına məxsus köhnə evdə yaşamağa başlamışlar. X18 23 yanvar 1990-cı il tarixində, anası X10 isə 09 mart 2015-ci il tarixində vəfat etmişdir. 2004-cü il tarixində müvvəqqəti işləmək üçün Bakı şəhərinə getmişdir. X12 isə anası Kifayə Nəzərovanın yanında qalmışdır. Anası vəfat etdikdən sonra İddiaçı onunla ev üstündə mübahisə yaratmağa başladı və onu ailə üzvləri ilə birlikdə evdən qovdu. O, atasına məxsus evdən çıxmağa məcbur olsa da, onlara məxsus əşyalar həmin evdə qaldı. Daha sonra Cəlilabad rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən onlar həmin evə köçürüldü. Anasının ölümündən sonra mərhum atasından miras qalmış əmlaka qanun üzrə vərəsə tanınmaq üçün sənədlər toplayan zaman ona məlum oldu ki, qardaşı İddiaçı yaşadığı evin yerləşdiyi torpaq sahəsi qardaşının adına səmədləşdirilmişdir. Bundan sonra o Cəlilabad rayon Məhkəməsində qardaşı İddiaçı qarşı iddia qaldıraraq Cəlilabad şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evlərinin vərəsələr arasında bölünərək vərəsəlik payının müəyyən edilməsini və naturada təhvil verilməsini xahiş etdi. Lakin Cəlilabad rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Səbəb kimi isə miras əmlakının mərhum X18un mülkiyyətində olmaması, mübahisəli torpaq sahəsinin isə qardaşı İddiaçı adına sənədləşdirilməsi olmuşdur. Mərhum valideynlərindən miras qalmış əmlakların qardaşı Malik tərəfindən mənimsənilməsi qanunsuzdur. Ona görə də iddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İddiaçı adına Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli 03 nömrəli qərarı ilə 599,14 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir və bu barədə X13 kitabında 25 yanvar 2010-cu il tarixdə, 3896 nömrə ilə uçota alınmışdır. İşdə olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2019-cü il tarixli, 2-1(086)- 136/2019 saylı qərardadından görünür ki, iddiaçılar Cavabdeh, X7, X8, X1, X2 və X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 saylı qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin adına 599,14 kv.m torpaq sahəsinin verilməsinə dair hissəsinin etibarsız hesab edilməsi barədə iddiası mümkün sayılmamışdır. İşdə olan Cəlilabad rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(073)-1758/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı Cəlilabad şəhəri, ünvan 3 ünvanda yerləşən torpaq sahəsi və həminn torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evlərinin vərəsələr arasında bölünərək vərəsəlik payının müəyyən edilməsi və naturada təhvil verilməsinə dair iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. İşdə olan Şirvan İnzibati Məhkəməsinin 03 mart 2021-cü il tarixli, 2-1(120)-361/2021 saylı qərardadından görünür ki, iddiaçı Cavabdehlər İddiaçı, Cəlilabad rayon İcra Hakimiyyətinə qarşı Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 saylı qərarı ilə İddiaçı və 7 nəfər ailə üzvləri ilə ümumi birgə A230437 (kod **********0171) saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2021-ci il tarixli, 2-1(106)-313/2021 saylı qərardadından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2-1(086)-136/2019 saylı qərarından iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. İşdə olan 256 inventar nömrəli texniki pasportun surətindən görünür ki, Cəlilabad şəhəri, ünvan 2 saylı fərdi yaşayış evinə dair X5 adına 1964-cü il tarixli 256 inventar nömrəli texniki pasport tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 fevral 2025-ci il tarixli, 10/6050 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 05 avqust 2025-ci il tarixli, 3-21-3-44/2-5928/2025 saylı mütəxəssis rəyinə əsasən, Cəlilabad şəhəri ərazisində iddiaçının tələb etdiyi torpaq sahəsi, İddiaçı və digər ailə üzvlərinə Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 saylı qərarı ilə **********0171 reyestr nömrəli ‘'Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən mülkiyyətə verilməsi nəzərdə tutulmuş 195F saylı 599,14 kv.m həyətyanı torpaq sahəsinin 269,3 kv.m hissəsi olduğu müəyyən edilmiş, Cəlilabad şəhəri ərazisində iddiaçının tələb etdiyi torpaq sahəsi, İddiaçı və digər ailə üzvlərinə Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 saylı qərarı ilə **********0171 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü'1 sənədinə əsasən mülkiyyətə verilməsi nəzərdə tutulmuş 195F saylı 599,14 kv.m həyətyanı torpaq sahəsinin mübahisələndirilən 269,3 kv.m hissəsinin cavabdehin, qalan 329,7 kv.m hissəsinin isə iddiaçının özünün istifadəsində olduğu müəyyən edilmiş və Cavabdeh yaşadığı tikilinin onun (cavabdehin) istifadəsində olan həyətyanı torpaq sahəsinin mübahisələndirilən hissəsinin hüdudları daxilində mövcud olduğu və əkin işlərinin aparılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə sadadlananlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(073)- 1960/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Nəzərov X9 şəhəri, Füzuli küçəsi 5 ünvanında yerləşən 1964-cü il tarixli, 256 inventar nömrəli texniki pasporta əsasən mərhum X6 məxsus iki otaq və bir eyvandan ibarət fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh Cəlilabad şəhəri, Füzuli küçəsi 5 ünvanında yerləşən yaşayış evindən istifadə hüququ yaranmışdır. Belə olan halda cavabdehin yaşadığı evin yerləşdiyi torpaq sahəsindən də istifadə etmək hüququ vardır. Həmçinin, məhkəmə baxışı zamanı Cavabdeh verdiyi izahatından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 fevral 2025-ci il tarixli, 10/6050 saylı ekspert rəyindən görünür ki, orada hər hansı qanunsuz tikinti işləri aparılmamış, mərhum X3 qalan evdə abadlıq işləri görülmüşdür. Eyni zamanda məhkəmə Cavabdeh mərhum atasından qalmış yaşayış sahəsinə digər ailə üzvləri ilə birgə gözlənilən mülkiyyət hüququ olmasını da diqqətəlayiq səbəb hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehin onun Cəlilabad şəhəri, ünvan 1 ünvanında yerləşən torpağından çıxarılması və cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar