Məhkəmə qərarları › İş №2(105)-552/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-552/2024

07.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-552/2024 07.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X12 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, cavabdehlər Cavabdeh1 və X7 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X8 və Məsməxanım Baxşıyevaya (Abşeron Rayon Hökməli Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməklə torpağın əvvəlki vəziyyətə qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(012)-1948/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və X9 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, X9 və Məsməxanım Baxşıyevanın İddiaçı Hökməli Bələdiyyəsindən alqı-satqı qaydasında əldə etdiyi 0,05 hektar-/0,5 sot/- torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikillərin cavabdehlərin öz hesabına sökülməklə torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 31 oktyabr 2022-ci il tarixli, 10/6692 saylı tikintitexniki ekspertizasına görə 50 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, X9 və Məsməxanım Baxşıyevadan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-841/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 2(102)-3745/2023 nömrəli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2023-cü il tarixli 2(105)-841/23 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yeni baxışa göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi və iddia tələbini dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ailə üzvləri ilə birlikdə və 3-cü şəxslərin onun alqı-satqı qaydasında əldə etdiyi mübahisəli torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin öz hesabına sökülməklə torpağın əvvəlki vəziyyətinə qaytarılmasına dair məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət istifadəsində olmuş mübahisəli torpaq sahəsini Abşeron rayonu, Hökməli Bələdiyyəsinin 27 may 2009-cu il tarixli, 05 saylı iclasının protokolundan 21 saylı çıxarışa və torpaqların alqı-satqısına dair akta əsasən ödəniş edərək almış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 03 iyun 2009-cu il tarixli rəyinə əsasən Abşeron rayonu, X3 Planından çıxarış və “X13 və Ölçüsünü” almışdır. Cavabdeh və onun ailə üzvləri və cavabdehin icazəsi ilə 3-cü şəxs isə mübahisəli torpaq sahəsinə qanunsuz olaraq daxil olaraq orada 2 mərtəbəli özbaşına ev inşa etmişlər. Cavabdeh və onun ailə üzvləri və 3-cü şəxs iddiaçının hüququnu pozmaqla iddiaçıya məxsus torpaq sahəsindən və üzərində olan 2 mərtəbəli özbaşına inşa edimiş evdən əsassız istifadə edirlər və həmin torpaq sahəsindən çıxmaqdan açıq-aşkar imtina edirlər. Beləliklə də iddiaçı özünə məxsus olan torpaq sahəsindən faktiki istifadə etmək imkanından məhrum olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh1 və X4 Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə işi hərətəfli, obyektiv araşdırmadan qeyri-qanuni qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə qətnamə çıxararkən ikinci abzasda göstərmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 500 kv.m. olan torpaq sahəsindən (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 08 iyul 2009-cu il tarixli, AN № 208239 saylı torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatları), Cavabdeh1 və cavabdehin ailə üzvləri tərəfindən tam olaraq faktiki istifadə olunur və həmin torpaq sahəsində tikili (yaşayış evi) mövcuddur. Altıncı abzasda isə göstərilmişdir ki, ... Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 31 oktyabr 2022-ci il tarixli, 10/6692 saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022ci il tarixli, **********3678 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 500 kv.m. olan torpaq sahəsinin (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəşəkmə Komitəsi tərəfindən verilmiş 08 iyul 2009-cu il tarixli, AN № 208239 saylı torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş koordinatları), Cavabdeh1 və cavabdehin ailə üzvləri tərəfindən tam olaraq faktiki istifadə olunduğu və həmin torpaq sahəsində tikilinin (yaşayış evi) mövcud olduğu müəyyən olunmuşdur. Məhkəmə əvvəl xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin "xxxx" MMC tərəfindən verildiyini, daha sonra isə həmin mütəxəssis rəyinin 4 saylı Abşeron Ərazi İdarəsi (xx.xx.2022-ci il tarixli, **********3678 nömrəli) tərəfindən verildiyini göstərmişdir. Məhkəmə baxışı zamanı o 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ona verilən xx.xx.2020-ci il tarixli, **********96 saylı cavab məktubunu və eyni zamanda 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə təqdim olunmuş xx.xx.2021-ci il tarixli **********32 saylı etirazın surətini təqdim etmişdir. 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən hər iki sənəddə göstərilmişdir ki, “aparılan araşdırma zamanı, Abşeron rayonu Hökməli Bələdiyyəsinin 27 may 2009-cu il tarixli qərarı ilə 0,05 ha torpaq sahəsinin X2 bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı aşkar edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir (torpaq sahəsi hərrac və ya müsabiqə vasitəsi ilə satılmalı olduğu halda bilavasitə satılmışdır). Bundan başqa idarənin elektron bazasında əsasən X1 torpaq sahəsinə dair ləğv edilmiş DT və XT tərəfindən verilmiş **********1099 saylı X13 və ölçüsü tərtib edildiyi müəyyən edilmişdir. Həmçinin plan və ölçüdəki döngə koordinatlar ilə göstərilən torpaq sahəsinin faktiki vəziyyətdəki torpaq sahəsindən fərqli olduğu aşkar edilmişdir. Əlavə olaraq sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı torpaqlara aid olması müəyyən edilmişdir. Bundan başqa iddiaçı iddia tələbinə dair sənədlərin əslini məhkəməyə təqdim edə bilməmişdir, məhkəmə yalnız sənəd surətlərinə istinad etmişdir, sənəd surətlərindən isə görünür ki, mübahisəli torpaq sahəsi Hökməli Bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi məqsədilə satılmışdır. Yuxarıda qeyd olunanlardan belə qənaətə gəlinir ki, əvvəla Hökməli Bələdiyyəsi mülkiyyətində olmayan torpaq sahəsini qeyri-qanuni olaraq İddiaçı satmışdır. Ləğv edilmiş DT və XT tərəfindən verilmiş **********1099 saylı X13 və ölçüsündəki döngə koordinatları ilə cavabdehlərin yaşadıqları evin həyətyanı torpaq sahəsindən fərqli olduğu aşkar edilmişdir. Bu kimi ziddiyyətlərə aydınlıq gətirmək məqsədi ilə birinci instansiya məhkəməsi təşəbbüs göstərməmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsini üçüncü şəxs kimi işə cəlb etməmişdir. Birinci instansiya məhkəməsi İddiaçı ilk növbədə bu kimi iddia qaldırmağa müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmamışdır. Abşeron rayonu Hökməli Bələdiyyəsinin 27 may 2009cu il tarixli qərarı ilə 0,05 ha torpaq sahəsinin İddiaçı bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilmədiyi (torpaq sahəsi hərrac və ya müsabiqə vasitəsi ilə satılmalı olduğu halda bilavasitə satılmışdır), plan və ölçüdəki döngə koordinatları ilə göstərilən torpaq sahəsinin faktiki vəziyyətdəki torpaq sahəsindən fərqli olduğu aşkar edildiyi və sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması, lakin bundan fərqli olaraq İddiaçı satılan torpaq sahəsi isə fərdi yaşayış evləri üçün nəzərdə tutulan torpaq sahəsi olduğuna və yuxarıda qeyd olunan qərarda göstərildiyi kimi birinci element (İddiaçı Hökməli Bələdiyyəsi tərəfindən qaydalara riayət etmədən torpaq sahəsinin satılması) yəni qanunla müəyyən olunmuş qaydaya riayət edilmədiyinə görə İddiaçı başqa şəxslərdən, (hazırki iş üzrə cabdehlərdən torpaq sahəsindən çıxarılma və tikililər sökülməklə torpağın əvvəlki vəziyyətə qaytarılmasını) tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi İddiaçı ilk növbədə bu kimi iddia qaldırmağa müvafiq subyektiv hüquqa malik deyildir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehlər Cavabdeh1 və X7 nümayəndəsi Vəkil2 apellyasiya şikayətlərini müdafiə edərək, şikayətlərin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində İddiaçı, cavabdeh Məsməxanım Baxşıyevaya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon Hökməli Bələdiyyəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçıya məxsus mübahisəli torpaq sahəsinin cavabdeh və onun ailə üzvləri tərəfindən tam olaraq faktiki istifadə olunduğu və həmin torpaq sahəsində tikilinin (yaşayış evi) mövcud olduğu işin faktiki halları ilə, həmçinin mütəxəssis və ekspertiza rəyləri ilə öz təsdiqini tapması, halhazırda cavabdeh və onun ailə üzvlərinin özbaşına zəbt etdiyi torpaq sahəsindən könüllü çıxmaması iddiaçının daxili və beynəlxalq qanunvericiliklə qorunan öz əmlakına sahib olmaq və ondan istifadə etmək hüququnu pozması ilə əsaslandırmış və gəldiyi nəticənin hüquqi əsasını Mülki Məcəllənin 152.2, 152.3, 158.4, 164.1, 164.2, 165.1, 180.1, 180.2, 180.4-cü maddələrinə, Torpaq Məcəlləsinin 111-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, bu nəticədən narazı qalan cavabdehlər Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən gəldiyini nəticəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamasına istinad edərək, təqdim edilmiş sübutlar əsasında işin bu faktiki halları ilə bağlı ətraflı araşdırılmamasına, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini qanunsuz zəbt etməsi, həmin ünvanda cavabdehin icazəsiz ev inşa etməsi və uzun müddət orada ailəsi ilə birgə yaşamasından iddiaçının məlumatlı olmaması barədə düzgün olmayan qənaətə gəlməklə, mübahisəyə maddi hüquq normalarının düzün tətbiq edilmədiyinı göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı tərəfindən Höküməli qəsəbəsindəki 0,05 ha torpaq sahəsinə sərəncam verilməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı və sair hərəkətləri etməyə dair Cavabdeh1 50 il müddətinə xx.xx.2009-cu il tarixli baş etibarnamə verməsi, həmin etibarnaməyə xx.xx.2021-ci il tarixdə xitam verilməsi, Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1235 saylı arayışa əsasən Cavabdeh1 Hökməli qəsəbə Yeni yaşayış massivi küçəsində ailə üzvləri həyat yoldaşı-Baxşıyeva Məsməxanım və oğlu-X10 ilə birlikdə qeydiyyatsız yaşaması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və üzərində aparılmış tikililərin sökülməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2, 180 və 157.7-ci maddələri təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Həmin maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli və yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalı, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Nəzərə alınmalıdır ki, qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. İşdən göründüyü kimi iddiaçının cavabdehlə qarşılıqlı razılıq əsasında etibarnamə ilə verdiyi səlahiyyətlər həddində mübahisəli torpaq sahəsinə cavabdeh sahiblik etmiş və həmin torpaq sahəsində iddiaçının razılığı (etibarnamə ilə verilmiş səlahiyyətlər çərçivəsində) əsasında cavabdehin vəsaiti hesabına ev inşa edilmiş, həmin ev 2007-ci ildə hazır olduğundan "xxxx" ASC xx.xx.2007-ci ildə abonent kimi Cavabdeh1 adına sayğac quraşdırmış və 2007-ci ildən 2020-ci il tarixədək iddiaçının cavabdehlərə qarşı hər hansı etirazı olmamışdır. Bununla da, iddiaçıya məxsus torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış evi cavabdehlərin qanunsuz sahibliyində olmamışdır. Belə olan halda iddiaçının həmin evin cavabdehin hesabına sökülməklə cavabdehlərin torpaq sahəsindən kompensasiya ödənilmədən çıxarılmasını tələb etməsi hüquqdan sui-istifadə olmaqla yanaşı, Mülki Məcəllənin 157.7. maddəsinin dispozisiya şərti ilə uzlaşmır. Məlum olduğu kimi, Mülki Məcəlləsinin 5.3, 16.1, 560.1-ci maddələrinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı xx.xx.2009-cu il tarixli etibarnamə əsasında cavabdeh faktiki olaraq sahibliyinə və istifadəsinə verdiyi torpaq sahəsində cavabdehin ev tikib, uzun müddət ailəsi ilə yaşadıqdan sonra həmin etibarnaməni ləğv etməklə faktiki olaraq cavabdehin satın aldığı torpağa və vəsait xərcləyərək inşa etdiyi evinə etibarnamə əsasında olan hüquqlarına xitam verməsi və hər hansı kompensasiya ödəmədən torpaq sahəsinin geri qaytarılması və tikilinin sökülməsini tələb etməsi barədə hərəkətləri hüquqdan sui-istifadə hesab olunmaqla, iddianın bu qaydada təmin edilməsi cavabdehin maddi cəhətdən ziyana düşməsinə səbəb olacaqdır. Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi Mülki Məcəllənin 157.7-ci maddəsi əmlakda aparılan yaxşılaşdırmaların ödənilməsi ilə əlaqədar yalnız vicdanlı sahiblərin hüquqlarını müəyyən etmişdir. Əmlakda ayrılması mümkün olmayan yaxşılaşdırmalara elə hallar daxildir ki, ya həmin həmin yaxşılaşdırmaları əmlakdan ayırıb götürmək mümkün olmur, yaxud onları ayırıb götürdükdə həmin əmlak təyinatını itirmiş olur. Mövcud vəziyyətdə isə cavabdeh (vicdanlı sahib) tərəfindən həmin torpaq sahəsinin üzərində inşa edilən yaşayış evinin ayrılması mümkün olmamaqla, həm də əmlakın təyinatının itirilməsinə səbəb olacaqdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdehlər Cavabdeh1 və X7 apellyasiya şikayətləri təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, X8 və Məsməxanım Baxşıyevaya qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməklə torpağın əvvəlki vəziyyətə qaytarılmasına dair iddia tələbi rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar