Məhkəmə qərarları › İş №2(011)-3308/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3308/2021

18.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3308/2021 18.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1985-ci ildən işlədiyi Bakı Baş Tikinti İdarəsinin tabeliyində olan 3 nömrəli tikinti idarəsindən işdən azad edilməsi onun iradəsindən kənar baş verdiyi üçün işdən azad edilmə tarixini AR Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq idarənin ləğv edildiyi ildən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, ərizədə müəyyən olunması nəzərdə tutulan fakt kimi “Ərizəçi işdən azad edilmə tarixinin idarələrin ləğv edildiyi ildən götürülməsi”, sənədin əldə edilməsinin məqsədi kimi isə “işdən azad edilmə barədə qeydlərin edilməsi ilə ümumi iş stajının müəyyən edilməsi” göstərilmişdir. Bununla belə, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən, ərizəçinin maraqlı şəxs Bakı Baş Tikinti İdarəsinin ləğvedicisinə müraciət etməsi və lazımi sənədləri ala bilməməsi görünmür. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə bərabər geri qaytarılmalıdır. Məhkəmə, ərizəçinin iddia ərizəsində qeyd etdiyi “Milli Arxiv İdarəsinə müraciət etməsi və idarənin ona cavabı kimi Milli Arxiv İdarəsi tərəfindən 1981-ci ildən idarə sənədlərinin təhvil almaması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, ərizəçi buna dair sübutları ərizəyə əlavə etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin bu barədə dəlilləri əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsini geri qaytarır. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən, ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.6-cı hissəsinə əsasən Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151, 261-262, 264-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi “1985-ci ildən işlədiyi Bakı Baş Tikinti İdarəsinin tabeliyində olan 3 nömrəli tikinti idarəsindən işdən azad edilməsi öz iradəsindən kənar baş verdiyi üçün işdən azad edilmə tarixini AR Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq idarənin ləğv edildiyi ildən müəyyən edilməsi tələbinə dair” ərizəsi geri qaytarılsın. Ərizəçinin nəzərinə çatdırılır ki, Bakı Baş Tikinti İdarəsinin ləğvedicisinə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar