Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3313/2022 28.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh X1 qarşı – 3600 ABŞ dolları miqdarında pulun və 82 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə tanış olmuş və ona cehiz mebelinin yiğılması ilə bağlı sifariş vermişdir. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 3600 ABŞ dolları pul ödənilmişdir. Lakin edilmiş sifariş vaxtında təhvil verilməmişdir. Cavabdeh yazılı qəbzlə bildirmişdir ki, xx.xx.2020-ci il tarixində iddiaçının sifariş verdiyi mebelləri ona təhvil verəcəyini və əgər mebelin gecikdirilməsi olarsa xx.xx.2020-ci il tarixdən hər günə 1% əlavə pul hesablanacaqdır. Bu hal dəfələrlə təkrarlanmış, lakin cavabdehə edilən xəbərdarlıqlara baxmayaraq mebellər bu gün də iddiaçıya təhvil verilməmişdir. 04.09 2020-ci il tarixində də sifariş verilmiş mebelllərin 2020-cı ilin sentyabr ayının 9-10-dan gec olmamaq şərtilə iddiaçının evinə çatdırılacağı ilə bağlı qəbz də verilmişdir. Qeyd edilən müddətdən indiyədək cavabdeh pulun bir manatını belə olsa qaytarmamışdır. Belə ki, sonradan cavabdehin hərəkətlərindən bəlli olur ki onun pulu qaytarmaq fikri yoxdur. Çünki cavabdeh üzərinə gotürdüyu öhdəlikləri yerinə yetirmək fikri olsa idi bu qədər uzun müddət ərzində pulun müəyyən hissəsini qaytarmağa cəhd edərdi. İddiaçı hesab edir ki, cavabdehin ona qarşı bu cür qanunsuz hərəkətləri onun əmlak hüquqlarını pozur. Qeyd olunanları nəzərə alınmaqla, cavabdehin iddiaçıya ödəməli olacağı pul ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən tam şəkildə tutulmalı, borc pul ödənilməlidir İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını tələb etdiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış yazılı iltizamdan görünür ki, o, İddiaçı mebel sifarişinə görə 3600 ABŞ dolları məbləğində beh almiş və həmin mebelin təhvil verilməsinin gecikdirilməsinə görə xx.xx.2020-ci il tarixdən başlayaraq hər gününə 1% əllavə pul vəsaitin ödənilməsini öz öhdəsinə götürmüşdür. Beləliklə məhkəmə, iddia ərizəsini və mülki işin materillarını araşdıraraq, habelə iddiaçı tərəfin verdiyi izahatlara əsasən müəyyən etmişdir ki, tərəflər arasında yaranmış podrat müqaviləsindən irəli gələn münasibətləri nəticəsində Cavabdeh tərəfindən imzalanmış yazılı iltizama əsasən, o, iddiaçıdan təhvil verməli olduğu mebel əşyalarının qarşılığında 3600 ABŞ dolları almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixinə kimi mebelləri təhvil vermədiyi halda, xx.xx.2020-ci tarixindən etibarən, 3600 ABŞ dolları məbləğində pulu hər gün üçün 1% dərəcəsi olmaqla İddiaçı qaytarmağı öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı verdiyi pul məbləğinin cavabdehdən geri qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında olan razılaşma üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi pulu tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 82 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 82 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 242-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3600 (üç min altı yüz) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü ABŞ dollarının Azərbaycan Respublikası manatı ekvivalenti ilə) və 82 (səksən iki) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-3313/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-3313/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver