Məhkəmə qərarları › İş №2(011)-332/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-332/2022

13.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-332/2022 13.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 19 aprel 2021-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 74 saylı ev onun xüsusi mülkiyyətindədir. Cavabdehlər anası Cavabdeh1, bacısı Cavabdeh2 heç bir razılığı və icazəsi olmadan evinə daxil olmuş, dava salaraq qanuni mülkiyyətində olan evindən istifadə hüququnu məhdudlaşdırırlar. O, cinayət etməmək üçün öz doğma evindən çıxıb kirayədə qalmağa məcbur olmuşdur. Mülkiyyət hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 74 saylı evdən məcburi şəkildə çıxarılması, ödənilmiş 21 manat dövlət rüsumunun alınaraq ona verilməsi барядя гятнамя qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili X6 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçı və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyərək və iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Sahib Hümbətov küçəsində yerləşən 74 saylı ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 4258712№-li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış “sənədlərin surətlərinin təqdim edilməsi” barədə məktuba əavə edimiş 030683 saylı orderin surətindən məlum olur ki, ünvan 1 order əsasında Cavabdeh1 verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış “sənədlərin surətlərinin təqdim edilməsi” barədə məktuba əlavə edilmiş 26 may 1997-ci il tarixli, 834 №-li sərəncamın surətindən məlum olur ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalarınının 3-cü maddəsinin 2-ci hissəsi və 48-ci maddəsini rəhbər tutaraq Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən 15 may 1997-ci il tarixli 796 №-li və 1997-ci il tarixli 839 №-li məktublarda təqdim olunmuş siyahıların hər birində 7 nəfər və 15 nəfər adı göstərilən hərbi qulluqçulara order verilməsi ilə bağlı sərəncam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış “sənədlərin surətlərinin təqdim edilməsi” barədə məktuba əlavə edilmiş ərizələrin surətlərindən görünür ki, X3, X4, Cavabdeh1 Xaliq qızı, X2 və X5 tərəfindən hər biri ayrı-ayrılıqda verilmiş ərizələrdən məlum olur ki, onlar ünvan 1 ünvanındakı evlərini İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı). Qeyd olunmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə mübahisə 08 iyul 1982-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Beləliklə, tərəflərin izahatlarından və mülki işdə olan sübutlarlan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.1997-ci il tarixli order əsasında Cavabdeh1 verilmişdir. Həmin orderdə adları qeyd edilmiş şəxslər: X3, X4, X2, X5, həmçinin Cavabdeh1 Xaliq qızı tərəfindən verilmiş razılıq ərizələri əsasında ünvan 1 ünvanındakı ev İddiaçı adına özəlləşdirilmiş və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 74 saylı evdən məcburi şəkildə çıxarılmasını tələb etsə də, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi və ya onların mənzildən çıxarılmaları üçün kompensasiya təklif etməmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehlər mübahisəli yaşayış sahəsində istifadə hüququna malik olan şəxs olduğu üçün onların istifadə hüquqlarına yalnız kompensasiya ödənilməklə xitam verilə bilər. Bununla bağlı olaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd olunduğu üçün məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar