Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3341/2023 16.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı mənzildən çıxarılma tələbinə dair iddiasına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 2319-21-23cü məhəllə, m-110, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlərin çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 2319-21-23-cü məhəllə, m-110, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzili xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən 135000 manata almışdır. Mənzilə dair iddiaçının mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdehlər tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən bir ay müddətinə mənzildən çıxmağı öz öhdəsinə götürmüşdürlər. Lakin qeyd edilən müddət bitsə də, cavabdehlər iddiaçıya məxsus olan mənzildə yaşamağa davam edirlər. Bu iddiaçının mülkiyyət hüququnun pozulması yanaşı, ona maddi zərərin yetirilməsi ilə nəticələnir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır ona görə də iddia təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixində AN-İ ******* nömrəli Alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən satıcı Cavabdeh1 özünə məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 2319-21-23-cü məhəllə, m-110, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzili 105000 manat satmışdır. Müqavilənin 11-ci bəndinə əsasən satıcı əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə xx.xx.2022-ci il tarixdən alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə qanunvericiliyin tələbləri gözlənilməklə notarial qaydada bağlanılmış, müqavilə üzrə ödəniş notariusun depozit hesabı köçürülməklə aparılmışdır. Müqavilə imzalanan zaman satıcının əri Cavabdeh2 mənzilin satılmasına razı olduğuna dair ərizə təqdim etmişdir. Göstərilənlərə baxmayaraq satıcı Cavabdeh1 ailə üzvləri ilə birlikdə mənzildə yaşamağa davam edir və mənzilin boşaldılmasında imtina edirlər. Məhkəmə iddia tələbininin düzgün həll edilməsi üçün ilkin olaraq tərəflər arasında bağlanılmış müqavilənin etibarlılığı ilə bağlı məsələyə qiymət verməyi zəruri hesab edir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Beləliklə, əqdlərin etibarlı olması üçün qanunda nəzərədə tutulmuş 4 şərtin mövcudluğu vacibdir. Əqdin subyektiv tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqdə iradə və iradənin ifadə edilməsinə adi edilən şərt, əqdin formasina aid edilən şərt. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd etdikləri və istədikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə yuxarıda istinad etdiyi qanunvericilik normalarının müddəalarını və işin faktiki hallarını təhlil edərək belə qənaətə gəlir ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı alqı-satqısı müqaviləsi hər bir tərəf öz iradə ifadəsini bildirməklə notarial qaydada təsdiq edilmiş, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin şərtlərinə uyğun tərtib edilmişdir. Beləliklə, həmin müqavilənin etibarlılığını şübhə altına alan halların mövcudluğuna dair cavabdeh tərəf məhkəməyə hər hansı dəlil və ya sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə satıcı arasında alqı-satqı müqaviləsinin bağlanması və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi, habelə mübahisəli mənzilin daşınmaz əmlakların dövlət reyestrində qeydə alınması nəticəsində Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 2319-21-23-cü məhəllə, m-110, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzilinə dair iddiaçının mənzil üzərində mülkiyyət hüququ yaranmış, cavabdehlər isə həmin mənzil üzərində hüquqlarını itirmişdirlər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlanmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Yuxarıda göstərilənlərdən aydın olur ki, hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, mənzilə dair hər hansı mülkiyyət- sahiblik, sərəncam və istifadə hüququ olmayan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onları övladları Cavabdeh3 və Cavabdeh4 həmin mənzili iddiaçıya təhvil verməyərək həmin mənzildə yaşamağa davam etməsi iddiaçının mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri olan digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iddiaçıya məxsus mənzildən məcburi qaydada çıxarılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 2319-21-23-cü məhəllə, m-110, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildən məcburi qaydada çıxarılaraq mənzil İddiaçı təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbasova Əminə
Məhkəmə qərarları › İş №2(011)-3341/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3341/2023
16.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver