Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3347/2019 27.05.2019 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən qaytarılması barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı “Chevrolet Captiva” markalı ** LV *** qeydiyyat nömrəli minik avtomaşının Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması və əldən çıxmış fayda kimi cavabdehdən 5 il ərzində 10000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2011-ci il tarixdə "xxxx" ASC-dən maşın almaq məqsədi ilə kredit götürüb. “Chevrolet Captiva” markalı ** LV *** dövlət qeydiyyat nişanlı minik avtomaşını girov qoyub. Bir müddət ödəniş etdikdən sonra həmin maşını aralarında şifahi əqdə əsasən cavabdehə etibarənamə əsasında satmış, o şərtlə ki, kreditin yerdə qalan məbləğini cavabdeh ödəməli idi. Lakin onun ödəniş etmədiyini görüb etibarnəməni ləğv etdirib, çoxsaylı müraciətləri əsasında maşını cavabdehdən geri ala bilməyib. 2018-ci ilin dekabr ayında isə icra şöbəsindən icra məmuru vasitəsilə iddiaçıya məlum olub ki, 2013-cü ildə bank ona qarşı iddia qaldırmış və iddia təmin edilərək qətnamə icraya yönəlmişdir. Məhkəmə onun iştirakını təmin etməmiş, həmçinin qətnamə ona göndərilməmişdir. İddiaçı hazırda həmin qətnamədən apellyasiya şikayəti verib. İddiaçı bildirmişdir ki, cavabdehi axtarsa da, ondan xəbər çıxmamışdır. Bu gün həm mülkiyyətçisi olduğu maşından məhrum olmuş, həm də bank qarşısında öhdəlik onun üzərində qalıb. Həmçinin 2013-ci ildən bu yana maşın onun sahibliyində qalsaydı əlavə xərc çəkərək başqa nəqliyyat vasitəsindən istifadə etməzdi, ailəsini dolandırmaq üçün istifadə edərdi. Ona görə də hesab edir ki, əldən çıxmış fayda kimi cavabdehdən 5 il ərzində ona 10.000 manat pulun tutularaq ödənilməsi zəruridir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, sözü gedən mübahisəli avtomaşını iddiaçıdan 2350 manat məbləğində ödəniş etməklə nəqliyyat vasitəsinin idarəedilməsinə dair etibarnamə ilə almışdır. Daha sonra bank krediti üzrə aylıq ödənilşləri ödəyə bilməmiş və həmin nəqliyyat vasitəsinin idarəedilməsinə dair etibarnamə verərək avtomobili Royal adlı şəxsə satmışdır. Bunun müqabilində Royal adlı şəxs ona 1800 manat məbləğində pul vermişdir. Kredit borcunun qalan hissəsini Royal ödəməli idi. Hal-hazırda Royal adlı şəxsin harada olduğunu və krediti hansı səbəblərdən ödəmədiyinə bilmir. Avtomobil onda deyil. Qeyd olunanlara əsasən iddianı qəbul etmədiyini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1494/2013 saylı, 26.09.2013-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 15753,43 (on beş min yeddi yüz əlli üç manat qırx üç qəpik) manat əsas borc, 468,69 (dörd yüz altmış səkkiz manat altmış doqquz qəpik) faiz borcu, 359,83 (üç yüz əlli doqquz manat səksən üç qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 16611,95 (on altı min altı yüz on bir manat doxsan beş qəpik) "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutma ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı məxsus “Chevrolet Captiva” markalı ** LV *** qeydiyyat nişanlı minik avtomaşınına yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan məbləğ yaranmış borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması qət edilmişdir. Qaradağ Rayon İcra Şöbəsinin İcra Məmurunun 14.11.2013-cu il tarixli İcraata başlamaq haqqında Qərarı ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1494/2013 saylı, 26.09.2013-cü il tarixli qətnaməsi üzrə 28.10.2013-cü il tarixdə verilmiş icra vəqərəqəsi üzrə icraata başlanılmışdır. Qaradağ Rayon İcra Şöbəsinin 15.11.2013-cü il tarixli qərarı ilə borclu İddiaçı məxsus “Chevrolet Captiva” markalı, **-LV-*** dövlət nömrə nişanlı avtomobil barədə axtarış elan edilmişdir. Daha sonra Qaradağ Rayon Məhkəməsinin 08.06.2015-ci il tarixli 2(002)-895/2015 saylı qərardadı ilə Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru Elşən Mirzəyevin təqdimatı təmin edilmiş və 26.09.2013-cü il tarixli qətnaməsinə əsasən 28.10.2013-cü il tarixdə verilmiş icra sənədi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin cavab məktubundan görünür ki, “Chevrolet Captiva” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil 08.08.2011-ci il tarixindən Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, yataqxana 4 ünvanında qeydiyyatda olan 06.08.1970-ci il təvəllüdlü İddiaçı adına qeydiyyatda alınmışıdır. Qeyd olunan avtomobilin etibarnamə əsasında 16.04.2012-ci il tarixdən 29.03.2020-ci tarixədək X5, 29.07.2013-cü il tarixdən 16.11.2021ci il tarixədək Cavabdeh istifadəsinə verilməsi barədə DİN-in Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud olmuşdur. Həmin etibarnaməyə 26.12.2013-cü il tarixində xitam verilmişdir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışa əsasən X2 Cavabdeh verdiyi nəqliyyat vasitəsindən istifadə hüququna dair 29.03.2013-cü il tarixli 18807 saylı etibarnaməyə 26.12.2013-cü il tarixdə xitam verilmişdir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 01.08.2011-ci il tarixli “Avtomobil krediti və girov/ipoteka müqaviləsi”nə əsasən İddiaçı 21160 manat məbləğində kredit verilmişdir. Kreditin ödənilməsini təmin etmək məqsədilə cavabdehlə bank arasında İddiaçı mülkiyyətində olan “Chevrolet Captiva” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ipoteka müqaviləsi bağlanılmışdır. “Chevrolet Captiva” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İddaçı 29.07.2013-cü il tarixində Cavabdeh “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamə verərək həmin avtomobili cavabdehin istifadəsinə vermişdir. Tərəflərin arasında əldə edilmiş razılığa görə yuxarıda qeyd edilmiş tarixdən sonra kredit üzrə qalan ödənişləri Cavabdeh ödəməli idi. Lakin işin faktiki hallarından məlum olur ki, kredit üzrə ödənişləri aparılmamışdır və nəticədə yuxarıda qeyd edilən avtomobil krediti müqaviləsi üzrə 15753,43 manat məbləğində əsas borc, 486,69 manat məbləğində faiz borcu və 359,83 manat məbləğində cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən Cavabdeh verilmiş etibarnaməyə 26.12.2013-cü il tarixində xitam verilmişdir. Məhkəmə baxışı zamanı cavabdeh iddianın rədd edilməsi üçün əsas olaraq iddiaçıdan mübahisə predmeti olan avtomobili etibarnamə ilə iddiaçıdan satın aldığını, daha sonra həmin avtomobili eyni qaydada üçüncü şəxsə satdığını və mübahisəli avtomobilin hal-hazırda onun sahibliyində olmadığını göstərmişdir. Məhkəmə cavabdehin bu dəlillərini təhlil edərək əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Göstərilən Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Prezidentinin 564 saylı, 11.04.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”na əsasən, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılan daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Göründüyü kimi rəsmi reyestrlərdə qeydə alınması tələb edilən nəqliyyat vasitəsinin alqısatqısına dair müqavilənin bağlanması üçün şifahi alqı-satqı müqaviləsi deyil, mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərinə əməl edilməklə müvafiq qaydada rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi bağlanmalıdır. Lakin, məhkəmə iclasında belə bir müqavilənin bağlanması, müəyyən edilməmişdir. Digər tərəfdən işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli avtomobilə dair iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamə ləğv edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən, etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, Cavabdeh verilmiş etibarnamə ləğv edildiyindən, bununla da avtomobil cavabdehin qanunsuz sahibliyində geri qaytarılmasını tələb etmək hüququna malikdir. Buna görə də, iddia iddiaçıya məxsus avtomobilin geri qaytarılması tələbi hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hazırkı iddianın əldən çıxmış fayda kimi cavabdehdən 5 il ərzində 10000 manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinadə edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ona dəymiş 10000 manat məbləğində maddi ziyanla bağlı kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia bu hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “Chevrolet Captiva minik” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı, qara rəngli, ban nomrəsi KL1CD2649BB046782 nömrəli avtomobil Cavabdeh alınaraq İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(011)-3347/2019
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3347/2019
27.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver