Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3355/2021 17.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar qızınun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakın hərracdan satılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Ziyəddin qızına qarşı - Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən 17 saylı evin 29 nömrəli mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri olan Cavabdeh və İddiaçı arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2338/2008 saylı, 17 noyabr 2008-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri. Xətai rayonu, Xocalı prospektində yerləşən 17 saylı evin 29 nömrəli mənzilində iddiaçının bacısı Cavabdeh payı 1/2 hissədə, iddiaçının, yəni İddiaçı payı 1/2 hissədə müəyyən edilmişdir. Həmin qətnamə əsasında Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarış almışdır. Lakin buna baxmayaraq uzun illərdir ki, həmin evə köçüb yaşamaq imkanından məhrum olmuşdur. Belə ki, bacısı Cavabdeh iddiaçının həmin evdə yaşamağına imkan vermir. Dəfələrlə buna cəhd etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Evin naturada bölünməsi tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş. Xətai Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 3974 saylı 24.08.2020-ci il tarixli rəyində göstərilmişdir ki, mübahisəli mənzilin 2 təcrid hissəyə bölünməsi texniki cəhətdən mümkün deyil. Bu səbəbdən də hesab edir ki, mənzil hərracdan satılaraq əldə olunmuş məbləğ bərabər şəkildə bölünməlidir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh Ziyəddin qızı iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını və işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində istifadədə olan 0,1192 ha torpaq sahəsində yerləşən 17 nömrəli, 9 mərtəbəli binada, 91,86 kv.metr ümumi sahəsindən ibarət 5 otaqlı 29 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə Cavabdeh 1/2 hissə, İddiaçı 1/2 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 941 nömrəli reyestr kitabının 87339 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-788/2020 nömrəli 06.10.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı – Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən 17 saylı evin 29 nömrəli mənzilin naturada bölünməsi barədə iddiası rədd edilmişdir. Həmin qətnaməyə əsasən müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 3974 saylı 24.08.2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən 17 saylı evin, 29 saylı mənzilin tərəflər arasında 1/2 və 1/2 paylarına uyğun olaraq iki təcrid hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. “xxxx” MMC-nin Mənzilin Qiymətləndirilməsi barədə 08.05.2021-ci il tarixli Hesabatına əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən 17 nömrəli, 9 mərtəbəli binada, 91,86 kv.metr ümumi sahəsindən ibarət 5 otaqlı 29 nömrəli mənzilin bazar dəyəri 117000 manat, likvid dəyəri 99500 manat təşkil edir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış təklif məktubuna əsasən İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən 17 nömrəli evin 29 nömrəli mənzilində öz payını 60000 manat müqabilində Cavabdeh satmağı təklif etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5). Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6). Həmin Məcəllənin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6. və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib sürətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Yuxarıda istinad edilən qanunvericilik normalarının müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən 17 nömrəli evin 29 nömrəli mənzilin naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından və iddiaçı ona məxsus payın satın alınması ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehə müraciət etdiyi halda, cavabdeh tərəfindən həmin təklif qəbul edilmədiyindən iddia tələbi təmin edilərək, ümumi mülkiyyətdə olan mənzil açıq hərracdan satılmalı və əldə edilən pul vəsaiti mülkiyyətçilərin paylarına mütənasib olaraq onlara ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara, o cümlədən proses iştirakçıların izahatlarına və iş materiallarında olan digər sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən 17 nömrəli evin 29 nömrəli mənzil açıq hərracda satılmalı və həmin mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq pul vəsaiti paylarına mütənasib olaraq 1/2 hissə İddiaçı, 1/2 hissə Cavabdeh Ziyəddin qızına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən 17 nömrəli, 9 mərtəbəli binada, 91,86 kv.metr ümumi sahəsindən ibarət 5 otaqlı 29 nömrəli mənzil ilkin satış qiyməti 117.000 (bir yüz on yeddi min) manat müəyyən edilərək açıq hərracdan satılsın və həmin mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq pul vəsaiti paylarına mütənasib olaraq 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh ödənilsin. Qətnamə onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3355/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3355/2021
17.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver