Məhkəmə qərarları › İş №2(011)-3370/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3370/2022

08.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3370/2022 08.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən mənzildən Cavabdeh istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 53, mənzil 20 ünvanında yerləşən mənzil xx.xx.2012-ci ildə iddiaçı olaraq ona məxsusdur, cavabdeh həmin mənzilin əvvəlki sakinidir, xx.xx.2012-ci ildə mənzili alarkən cavabdeh mənzildən tamamilə çıxmışdır, cavabdeh hal-hazırda ona məxsus olan ünvanda yalnız pasport qeydiyyatındadır, mənzilin kommunal xərclərini ancaq özü ödəyir, bu hüquqlarını pozur. Sonda İddiaçı qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maliyyə arayışının surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 53, mənzil 20-nin dəyəritam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan "xxxx" MTK-nın icalsının 02 saylı protokolundan 01 may 2012ci il tarixli Çıxarılışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 53, mənzil 20 X1 adından vətəndaş İddiaçı adına keçirilməsi və onun MTK üzvlüyünə qəbul olunması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 149 №-li Sərəncamından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2006-cı il tarixli 5 №-li, 5a №-li, 5b №-li protokolları təsdiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 175 №-li Sərəncamından görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 53, mənzil 20-nin Y.M.Heydərovanın adına keçirilməsi barədə BŞİH Başçısının 149 saylı xx.xx.2006-cı il tarixli sərəncamı, 5b saylı xx.xx.2006-cı il tarixli protokolunun 4.1-ci bəndi ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 53, mənzil 20-də qeydiyyatda olan digər şəxs Cavabdehdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 53, mənzil 20 İddiaçı məxsusdur, Cavabdeh iddiaçının ailə üzvü olmamaqla, mənzilin əvvəlki sakinidir, o, hal-hazırda həmin ünvanda rəsmi qeydiyyatda olmasına baxmayaraq orada yaşamır və mənzildən istifadə etmir. Bununla belə, cavabdehin mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 53, mənzil 20-dən Cavabdeh istifadə hüquqlarına xitam verilməlidir. Bununla bərabər məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilməsi Cavabdeh Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 53, mənzil 20-dən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 53, mənzil 20-dən istifadə hüquqlarına xitam verilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar