Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3378/2021 05.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 03.07.2020-ci il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 1018 nömrəli aktla bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə qohumdurlar, bir müddət dostluq münasibətlərində olmuşlar, sonradan belə qərara gəlmişlər ki, daimi yaşamaq üçün ABŞ-a köçsünlər, bunun üçün isə Yaşıl Kart (Green Card) almaq tələb olunur, çünki Yaşıl Kartın alınması üçün şərtlərdən biri də nikahda olmaq olduğundan formal nikahda olmaq zərurəti yaranmışdır, ona görə də qarşılıqlı razılıq əsasında ailə qurmaq niyyəti olmadan 03.07.2020-ci ildə rəsmi nikaha daxil olmuşlar, nə nikaha daxil olana kimi, nə də nikah haqqında şəhadətnamə aldıqdan sonra ər-arvad münasibətlərində olmuşlar, birgə təsərrüfat aparmamışlar, sonradan Pandemiya və digər səbəblərdən Yaşıl kart almaq fikrindən yayınmışlar, buna görə də formal nikaha da ehtiyac qalmamışdır, hazırda belə formal nikahda olmaqları istər Cavabdeh, istərsə də onun ayrı-ayrılıqda həqiqi ailə qurmaqlarına manəeçilik törədir, bu səbəbdən də nikahın etibarsız sayılması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir, belə ki, iddiaçı ilə 2019-cu ilin dekabr ayında dostluq münasibətləri var idi, 2020-ci il tarixədək dost idilər, lakin Green Card qazanmaq məqsədi ilə aliə həyatı qurmuşlar, bir yerdə yaşamırlar, magistraturaya hazırlaşırdı, buna görə də ABŞ-a getmək istəyirdi, lakin karantin oldu deyə gedə bilməmişdir, evlənməkdə əsas səbəb ABŞ- a getmək idi, nikahın etibarsız hesab edilməsini istəyir, çünki onun əvvəllər nikahda olması uğurlu ailə həyatı qurmasına maneədir. Sonda Cavabdeh qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 2 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 03.07.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 400654 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh 03.07.2020-ci il tarixində nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1018 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər 03.07.2020-ci il tarixində nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə qeyd aparılmışdır, iddiaçının dəlilləri “nikahın bağlanmasında tərəflərin ailə qurmaq məqsədinin olmaması, formal nikah münasibətlərinə daxil olmaqda məqsəd xaricə getmək üçün zəruri sənədlərin əldə edilməsi, hazırkı nikah yeni ailə qurmaqda maneçilik yaradır” barədədir, iddia tələbi cavabdeh tərəfindən etiraf olunur. Bununla belə, nikahın etibarsızlığına əsas verən qanunvericiliklə nəzərdə tutulmuş hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddiaçının “nikah bağlanarkən ailə qurmaq niyyətinin olmaması, xaricə getmək niyyəti, əvvəlki nikahın yeni nikah münasibətlərinə daxil olmasında maneə olması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla bu, sübutetmə yükü ilə bağlıdır, lakin iddiaçı, bu halların, yəni ailə qurmaq niyyətinin olmaması, ər-arvad kimi yaşamamaları və birgə təsərrüfat idarə etməmələri, xüsusən də xaricə getmək məqsədli olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. İkincisi, nikah, hüquqi əhəmiyyəti olan fakt olaraq qeydə alındığı andan hüquqi nəticələrə səbəb olduğundan, onun etibarsızlığı halları da mötəbər sübutlardan asılı olmaqla, nikah münasibətlərindən ehtimal olunan hüquqi nəticələrin istisnasının şübhə doğurmayan hallarına mütənasib olaraq qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının dəlilləri formal mülahizələrdən ibarətdir və bunlar, tərəflər arasında bağlanmış və qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış nikahın özü-özlüyündə etibarsız hesab edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Məhkəmə, “nikahın etibarsızlığına səbəb olan halların etiraf kimi qəbul edilməsi barədə” cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, ailənin cəmiyyətin özəyi kimi, həmçinin nikah və ailənin dövlətin himayəsində olmasının konstitusiyalı hüquqi təsbiti, bu münasibətlər üzrə meydana çıxmış ziddiyyətli təzahürlərin həllini, dövlət və cəmiyyət maraqlarından asılı edir ki, bu da etirafın məhkəmə tərəfindən nəzərə alınmasını mümkünsüz edir, ikincisi, hazırkı işdə tərəflərin izahatlarının eynilik təşkil etməsi iddia tələbi üzrə qarşı tərəfin cavabdehliyini istisna edir ki, bu da iddiaçı ilə yanaşı, cavabdeh kimi cəlb edilmiş tərəfi sübutetmə vəzifəsi ilə yüklü edir. Lakin qeyd edildiyi kimi, tərəflər iş materiallarına belə sübutlar təqdim etməmişlər ki, bu da cavabdehin izahatının etiraf kimi təsdiq edilməsini istisna edir. Bununla belə məhkəmə qeyd edir ki, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (rayon (şəhər) qeydiyyat şöbələri) xitam verilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Həmin Konstitusiyanın 34-cü maddəsinin İİ hissəsinə əsasən, nikah könüllü razılıq əsasında bağlanır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Həmin Konstitusiyanın 34-cü maddəsinin İİİ hissəsinə əsasən, nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən, üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Həmin Məcəllənin 12.0-cı maddəsinə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar)(m.12.0.1.); övladlığa götürənlər və övladlığa götürülənlər(m.12.0.2); ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər (m.12.0.3); tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər (m.12.0.3-1); ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər(m.12.0.4). Həmin Məcəllənin 13.7-ci maddəsinə əsasən, nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Həmin Məcəllənin 25.1-cı maddəsinə əsasən, bu Məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməli, İddiaçı Cavabdeh qarşı onunla cavabdeh arasında 03.07.2020-ci il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən bağlanmış nikahın etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360- cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “03.07.2020-ci il tarixində 2 saylı Asan Xidmət Mərkəzində bağlanmış nikahın etibarsız sayılması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3378/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3378/2021
05.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver