Məhkəmə qərarları › İş №2(011)-3401/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3401/2021

27.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3401/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu, Ə.Şıxlinski küçəsi 663 saylı evin 2-ci mərtəbəsində yerləşən 2 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 08.05.2021-ci il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Xətai rayonu, Ə.Şıxlinski küçəsi 663 saylı evin 2-ci mərtəbəsində yerləşən 2 saylı mənzil 23.12.2020-ci il tarixdən onun mülkiyyətindədir, qeyd olunan mənzil üzrə müqavilə ilk əvvəl cavabdeh X3 adına tərtib olunmuş, daha sonra tərəfindən alqı-satqı müqaviləsi əsasında mənzil əldə edilmişdir, xeyli müddət keçməsinə baxmayaraq cavabdehlərdən mənzilin təhvil verilərək boşaldılmasını xahiş etsə də, cavabdeh bundan imtina etmişdir, cavabdehin heç bir əsas olmadan ona məxsus mənzildə yaşaması onun mənzilə olan mülkiyyət hüqularını məhdudlaşdırır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942D, ev 59B, 122 saylı mənzil (Yeni qaydalarla: AZ 1016, ünvan 1 tam mülkiyyət hüququ üzrə 23.12.2020-ci il tarixdən İddiaçı məxsusdur. İş materiallarında olan 08.12.2020-ci il tarixli, ******* saylı Daşınmaz əmlakın alqısatqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı X2 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942D, ev 59B, mənzil 122 (Yeni qaydalarla: AZ 1016, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 125,2 kv.m. olan mənzili bütünlüklə İddiaçı mülkiyyətinə verir, Müqavilənin 8-ci bəndinə əsasən, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi, həmin müqavilənin 11-ci bəndinə əsasən mənzili alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 26.01.2021-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942D, ev 59B, 122 saylı mənzil (Yeni qaydalarla: ünvan 1 İddiaçı mülkiyyətindədir, qeydiyyatda heç bir şəxs yoxdur. İş materiallarında olan 25.02.2020-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, X5 "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küşəsi, 2942 “d” ünvanında inşa edilmiş yaşayış binasının 2-ci giriş 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 137,82 kv.m. olan 4 otaqlı 122 saylı mənzildən və mənzilə dair paydan imtina edir, həmin mənzilə dair "xxxx" MTK ilə bağladığı 08.04.2019cu il tarixli 122 saylı müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və "xxxx" MTK nizamnaməsinə uyğun tədbir görməsini xahiş etmiş, həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin digər şəxsin adına rəsmiləşməsinə heç bir etirazı yoxdur və bununla bağlı iddia və tələb irəli sürmür. İş materiallarında olan Kooperativ mənzil tikintisi haqqında 08.04.2019-cu il tarixli 122 saylı Müqavilədən görünür ki, "xxxx" MTK (satıcı) ilə X5 (payçı) arasında müqavilə imzalanmış, müqavilənin predmetini satıcıya ayrılmış ünvan 3 ünvanında payçıların vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 122 saylı mənzili təşkil edir. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, "xxxx" MTK-ya məxsus ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsində, 4 otaqlı, 122 saylı mənzilin pay dəyəri payçı X5 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Ünvan haqqında müvafiq surətlərin verilməsi barədə 27.04.2021-ci il tarixli **********14 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942D, ev 59B, 122 saylı mənzil (Yeni qaydalarla: AZ 1016, ünvan 1 12.05.2020-ci il tarixdən X1 mülkiyyətində olmuş, 23.12.2020-ci il tarixdən isə tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942D, ev 59B, 122 saylı mənzil (Yeni qaydalarla: ünvan 1 tam mülkiyyət hüququ üzrə 23.12.2020-ci il tarixdən İddiaçı məxsusdur, cavabdehlər mənzilin keçmiş sakinləridir və hazırda qeydiyyatsız olaraq orada yaşayırlar, iddiaçı mənzil üzərində mülkiyyət hüququ əldə etsə də, cavabdehlərin mənzildə yaşaması səbəbindən oradan istifadə edə bilmir. Bununla belə, cavabdehlərin mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdehlərin hazırkı vəziyyətdə iddiaçıya (mülkiyyətçiyə) məxsus yaşayış sahəsindən istifadə etməsi hər-hansı hüquqi əsasa söykənməməklə, sonuncunun daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir, həmçinin nə qədər ki, mübahisəli mənzilə iddiaçının mülkiyyət hüququ mövcuddur və bu hüquq Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır, həmin hüquq subyekti mənzilə mülkiyyət hüququnun təmin edilməsi məqsədilə iddia tələbi irəli sürməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdim notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, X5 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942D, ev 59B, 122 saylı (Yeni qaydalarla: ünvan 1 mənzilindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. X5 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942D, ev 59B, 122 saylı (Yeni qaydalarla: ünvan 1 mənzildən çıxarılsınlar. Dövlət rüsumu qismində ödənilmiş 10 manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar