Məhkəmə qərarları › İş №2(011)-3445/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3445/2024

04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3445/2024 04.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh oğuna qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. “X13” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra - Avtomobil) cavabdehin mülkiyyətində olmuş və buna dair cavabdehə xx.xx.2019-cu il tarixdə qeydiyyat şəhadətnaməsi verilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində Avtomobilin idarə edilməsinə dair X2 3 il müddətində, yəni xx.xx.2024-cü il tarixədək etibarnamə verilmişdir. Etibarnamdə səlahiyyətlərin digər şəxslərə verilməməsi göstərilmişdir.

2. Avtomobilə dair Pərviz Abdullayevə verilmiş etibarnamə cavabdeh tərəfindən ləğv edildiyindən xx.xx.2023-cü il tarixdə Avtomobil DYP-nin əməkdaşları tərəfindən saxlanılaraq məcburi duracağa yerləşdirilmiş, və sonradan cavabdehə təhvil verilmişdir.

3. İddiaçının əvvəllər sürücülük vəsiqəsi vəsiqəsi olmamışdır. AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixdə cavabdehin vəkilinə göndərdiyi məktubda isə qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2024-cü il tarixdə (xx.xx.2034-cü il tarixədək etibarlı olan) BD 074355 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı 20000 manat pulun, şəxsi əmlakının dəyəri kimi 2500 manat pulun və 157 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehin mülkiyyətində olan Avtomobil müqavilə əsasında iddiaçının tanışı X6 istifadəsində olmuş və Rabil ona bildirmişdir ki, 28.000 manat dəyərində olan həmin avtomobilə görə 10.000 manat məbləğində sahibinə pul ödəmiş, pulun qalığını isə ödəyə bilməmişdir. Rabil ona təklif etmişdir ki, ona 5.000 manat pul versin və həmin avtomobili alsın. 18.000 manatı isə hissəhissə, gündə 25 manat olmaqla cavabdehə ödəsin və sonda avtomobil onun mülkiyyətinə keçər. O, Rabillə razılaşmış, bundan sonra cavabdehin mobil telefon nömrəsini almış və həmin gün zəng vurub müvəqqəti yaşadığı ünvan 1 ünvanına dəvət etmişdir. xx.xx.2021-ci il tarixdə axşam saatlarında cavabdeh bir nəfər tanımadığı şəxslə gəlmişdir. İddiaçı qaynı X3 və arvadı X5 yanında cavabdehə ilkin ödəniş kimi 6000 manat məbləğində pul vermişdir. Onlar razılaşmışlar və ertəsi gün cavabdeh iddiaçının qohumu X1 adına avtomobili idarə etmək üçün 2028-ci il tarixədək etibarnamə vermiş və avtomobil xx.xx.2023-cü il tarixədək onun və Pərvizin istifadəsində olmuşdur. O, Pərvizlə birlikdə tikintidə işləyir, həmişə bu avtomobillə işə gedib-gəlmişlər. O, hər gün Cavabdeh 4169 7377 0525 3876 nömrəli plastik pul kartına 25 manat məbləğində pul köçürmüşdür. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonunda DYP-nin iki nəfər əməkdaşı onları saxladıb bildirmişlər ki, avtomobilin sahibi avtomobili axtarışa verib və avtomobil müvəqqəti duracağa getməlidir. Onlar səbəbini soruşanda, dedilər ki, Cavabdeh, Abdullayev Pərvizə verilmiş etibarnaməni ləğv etdirmişdir. Polis əməkdaşları avtomobili Nizami rayon Polis İdarəsinin DYP-nin müvəqqəti duracağına aparmış və orada onlar polis əməkdaşlarına ərizə verib bildirmişlər ki, avtomobildə onlara məxsus şəxsi əşyaları var, onların iştirakı olmadan avtomobildən heç nə götürülməsin. Ertəsi gün isə gedib görmüşlər ki, Cavabdeh Avtomobili duracaqdan aparıb.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçı ilə aralarında heç bir müqavilə və digər öhdəlik münasibətləri mövcud olmamışdır. O, mülkiyyətində olan Avtomobilin idarə edilməsi üçün iddiaçıya ümumiyyətlə etibarnamə verməmişdir. İddiaçının idda ərizəsində göstərdiyi hallar həqiqətə uyğun deyildir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi cavabdehə məxsus Avtomobilin idarə edilməsi üçün verilmiş etibarnamənin də, kənar şəxsə verildiyi etibarnamədə öz əksini tapmışdır.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə iclasında şahid X7 izahatında bildirdi ki, iddiaçının arvadıdır, Pərviz isə iddiaçının dayısıoğludur. İddiaçı 2021-ci ilin qış aylarında Avtomobili cavabdehdən 6000 manat məbləğində pul ödəməklə almmışdır. Cavabdeh onların yaşadığı evı bir oğlanla gəlmiş, birlikdə çay içmişlər. Razılıq oldu ki, iddiaçı hər gün 25 manat məbləğində ödəniş edəcək. Onları işə Pərviz aparıb gətirirmişdir. Avtomobildə onun qızıl boyunbağı qalmışdı. İddiaçının telefonuna Avtomobili əvvəllər idarə etmiş şəxslərin cərimələri də gəlirdi. Avtomobili onlar 2-3 illiyə götürmüşdülər. İlkin ödəniş olaraq 6000 manatı ona görə etmişdilər ki, qalıq pulu ödəmək onlara rahat olsun. İşə gedib-gəlməkdə çətinlik yarandığından Avtomobilə ehtiyac duymuşlar. 6000 manat məbləğində pul vəsaitini 100 manatlıq əskinazlarla veriblər.

10. Məhkəmə iclasında şahid X8 izahatında bildirdi ki, İddiaçı onun əsgər yoldaşı olmuşdur. Avtomobili iddiaçıdan daha əvvəl o almışdı. 6-7 ay taksi kimi fəaliyyət göstərmişdi. Avtomobil yaxşı idi, əldən çıxmasını istəmirdi. Lakin, o, Moskvaya getməli olmuş, iddiaçını cavabdehlə tanış etmişdir. O, Avtomobili cavabdehdən götürəndə sonda notarial qaydada Avtomobilin onda qalması şərti ilə icarə müqaviləsi bağlamışlar. İddiaçı ona zəng edib demişdir ki, cavabdeh Avtomobili ondan alıb. O, dərhal cavabdehə zəng edəndə cavabdeh ona bildirdi ki, güya bir neçə gün gecikmələr olub və bu səbəbdən avtomobili iddiaçıdan alıb. Təxminən 6-7 ay ərzində hər ay 750 manat cavabdehə pul ödəmişdir. 36 ayın bitmə tarixinə kimi iddiaçı ödənişə davam etməli idi. Müqavilə onunla bağlanmışdı. Əlavə xərc olmasın deyə yeni müqavilə bağlanılmadı. Avtomobilin açarını, texniki pasportunu iddiaçıya vermişdir. Əvvəl mübahisələri yox idi, iddiaçının pulu ödəyibödəmədiyini öyrənmək üçün cavabdehlə əlaqə saxlayırdı. Avtomobili idarə etmək üçün Pərvizə etibarnamə verildiyindən məlumatı var idi. Avtomobili verdiyinə görə iddiaçı ona 1000 manat pul vermişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

11. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

12. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

13. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

14. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

15. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

19. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

24. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsassızdır.

25. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

26. İddiaçı iddia ərizəsində, eləcə də işin məhkəmədə araşdırılması zaman bildirmişdir ki, Avtomobilin dəyərini hissə-hissə ödəmək məqəsdilə almış, buna görə cavabdehə ilkin ödəniş (xx.xx.2021-ci il tarixdə 6000 manat) vermiş, qalan pulu isə, hər gün 25 manat olmaqla, cavabdehə ödəmişdir. Göründüyü kimi, iddiaçı cavabdehlə aralarında Avtomobilin alqı-satqısına dair mülki hüquq münasibətinin yarandığına istinad edir.

27. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 385-ci maddəsində öhdəliyin yaranması üçün əsaslar və onun dairəsi müəyyən edilmişdir. Həmin müddəadan irəli gələn mənaya görə öhdəliyin yaranması üçün onun iştirakçıları (tərəfləri) arasında ilk növbədə konkret hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar (deliktlər) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma) bölünür.

28. Öhdəliklərin daha geniş yayılmış forması isə müqavilə öhdəlikləridir. Müqavilə öhdəliklərinin yaranması üçün onun tərəfləri (iştirakçıları) arasında müqavilənin (şifahi, yaxud yazılı formada) bağlanması şərtdir. Mülki Məcəllənin 389-cu maddəsində müqaviləyə verilən anlayışa görə müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Konkret mübahisəyə gəldikdə isə, iddiaçı cavabdehlə aralarında Avtomobilin alqı-sattqısına dair müqavilə münaibəltərinin yarandığını iddia edir.

29. Avtomobil daşınar əmlak olmaqla "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə 11 aprel 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısına əsasən dövlət reyestrində rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar siyahısına daxildir.

30. Həmçinin, Mülki Məcəllənin 650-ci maddəsinin məzmunundan da göründüyü kimi, rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara dair alqı-satqı tələblərinə daşınmaz əşyalarla bağlı tələblər aid edilir. Mülki Məcəllənin 144.1-ci maddəsində deyilir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Bu isə o deməkdir ki, daşınar əşya olmaqla, rəsmi reyestirdə qeydə alınmalı olan avtomobilin alqı-satıqısı barədə müqavilələr, daşınmaz əşyalarda olduğu kimi, yazılı şəkildə bağlanmaqla bərabər həm də, notarial qaydada təsdiq edilməlidir.

31. Lakin işin mübahisəsiz halıdır ki, tərəflər arasında Avtomobilə dair hər bir hansı formada müqavilə bağlanmamışdır. Başqa sözlə, tərəflər arasında Avtomobilin alqısatqısına dair hər hansı öhdəlik münasibətləri yaranmamış, bu hal nə məhkəmə araşdırması zamanı, nə də mülki işdə olan sübutlar əsasında sübuta yetirilməmişdir. Avtomobilə istifadəsinə dair yalnız cavabdeh tərəfindən Pərviz Abdullayevə etibarnamə verilmişdir. İddiaçı Avtomobili faktiki olaraq cavabdehdən hissə-hissə ödəmək şərtilə aldığını, lakin onun sürüclük vəsiqəsi olmadığından buna görə cavabdehin Pərviz Abdullayevə etibarnamə veridiyini bildirsə də, onun bu dəlili işin məhkəmədə araşırılması zamanı öz təsdiqini tapmamamışdır. Pərviz Abdullayev üçüncü şəxs qismində işə cəlb edilərək dəfələrlə çağırılsa da, məhkəmədə iştirak etməmişdir. Məhkəmə iclasında şahid Rabil Qasımov isə izahatında bildirmişdir ki, Avtomobilə dair icarə müqaviləsi cavabehlə onun arasında bağlanmışdır.

32. İddiaçı tərəfindən Avtomobilə görə pul ödənilməsinə gəldikdə isə işin bu halı da iddiaçı tərəfindən sübuta yetirilməmişdir. İddiaçı cavabdehin 4169 7377 0525 3876 nömrəli plastik kartına Avtomobilə görə hər gün 25 manat ödəniş etdiyini bildirsə də, məhkəmənin qərarı əsasında "xxxx" ASC tərəfindən təqdim edilmiş pul ödənişlərinə dair hesabat sənədindən görünür ki, cavabdehə məxsus 4169 7377 0525 3876 nömrəli plastik karta xx.xx.2021-ci il tarixdə xx.xx.2023-cü il tarixədək müxtəlif məbləğlərdə, o cümlədən 25 manat pul vəsaiti ödənilsə də, həmin vəsaitlərin iddiaçı tərəfindən ödənilməsi hesabat sənədi əsasında müəyyən edilməmişdir. İddiaçı özü də həmin pul vəsaitlərinin ödənilməsini təsdiq edən qəbzləri məhkəməyə təqdim edə bilməmişdir.

33. Avtomobilə görə ilkin ödəniş kimi 6000 manat pulun cavabdehə verilməsi barədə iddiaçının dəlilinə gəldikdə isə, iddiaçı bununla da bağı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə baxışı zamanı bildirmişdir ki, cavabdehə xx.xx.2021-ci il tarixdə 6000 manat pul vermişdir. Onun bu dəlilini şahid Şəhalə Əliyeva (iddiaçıın arvadı) məhkəmə iclasında təsdiq etmişdir. Lakin iş materiallarından görünür ki, Avtomobilə dair etibarnamə (iddiaçı Avtomobilin ona verilməsi vaxtını etibarnamənin verilməsi ilə izah edir) cavabdeh tərəfindən Pərviz Abdullayevə xx.xx.2021-ci il tarixdə verilmişdir. Məhkəmə hesab edir ki, Avtomobilin verilməsindən 1 ay 10 gün əvvəl ilkin ödənişin verilməsi ağlabatan hesab edilə bilməz və həm iddiaçının, həm də şahid Şəhalə Əliyevanın ilkin ödənişin verilməsi barədə dedikləri işin halları ilə ziddiyyət təşkil edir.

34. İddia tələbinin bazar dəyəri 2500 manat olan şəxsi əşyaların qaytarılması ilə bağlı məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

35. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin mövcud olması əmlakın qanunsuz sahiblikdən geri qaytarılması üçün əsaslar yaradır.

36. Məhkəmə qeyd edir ki, ilk addım olaraq iddiaçı əmlakın ona məxsus olmasını sübuta yetirməlidir. Lakin iddia iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı şəxsi əşyalarının qaytarılmasını tələb etsə də, nəinki əşyaların ona məxsus olmasını, ümumiyyətlə bu əşyaların hansı əşyalar olması, onların nədən ibarət olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, belə olan halda digər dizpozitiv şərtlərin yoxlanılmasına ehtiyac qalmır və iddia həmin hissədə də rədd edilməlidir.

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar