Məhkəmə qərarları › İş №2(011)-3453/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3453/2022

07.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3453/2022 07.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ünvan 3, 29 saylı mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X4 Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, bina 41, 29 saylı mənzilli 24.06.2021-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 almışdır. Ərinin vəfatından sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə (reyestr 2V-287 nömrəli,vərəsəlik işinin nömrəsi: V- 990/2021) əsasən mülkiyyət onun adına keçmişdir. Buna baxmayaraq, cavabdehin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərancam vermək hüquqlarını tam həyata keçirə bilmir. Belə ki, cavabdeh alqı-satqı müqaviləsi bağlanıqdan sonra göstərilən ünvandakı mənzildə yaşamasa da, formal olaraq orada ailəsi ilə birlikdə qeydiyyatda qalmışdır. Bunun nəticəsində mənzil və komunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Hesab edir ki, cavabdehlər faktiki olaraq müqavilə bağlanan andan mənzildən istifadə etmək hüququnu itirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İddiaçı iddia tələbini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahatlar verdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərin rəsmi qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş, cavabdehlərin həmin ünvanda yaşamamaları səbəbindən məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Məhkəmə bildirişi cavabdehlərin rəsmi qeydiyyatda olduğu yer üzrə ünvan 1 ünvanda yaşamadığı üçün məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş matieriallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X1 və satıcı Cavabdeh1 arasında bağlanmış 24.06.2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 3, 29 saylı mənzili alıcının mülkiyyətinə vermişdir. Müqavilənin 8-ci bəndinə görə satıçı alıcıya 3-cü şəxslərin hüquqlarından azad mənzili verməyi, 13-cü bəndinə görə isə 24.07.2021-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsinə əlavə edilmiş ərizənin surətindən göründüyü kimi, mənzildə qeydiyyatda olan Cavabdeh2 həmin mənzilin satılmasına razı olduğunu bildirmişdir. Tovuz regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notanusu X7 tərəfindən təsdiq edimiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 26 09 2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi- qızı X5 miras əmlakdan 2/6 irs almalıdır. arvadı İddiaçı miras əmlakdan 4/6 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 54.97 kv/m olan mənzildən ibarətdir. X5 ilə İddiaçı arasında bağlanmış 08.04.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X6, mərhum 26.09.2021-ci İİ tarixdə vəfat etmiş atası X2 miras qalmış ünvan 3 ünvanında yerləşən 29 saylı mənzildən ona düşən hissəni anası İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3, 29 saylı mənzil İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 14.04.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN-in 23.04.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 3, 29 saylı mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə görə isə şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən çıxarılır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus mənzildə qeydiyyatda olmaları iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozur və iddiaçının xüsusi mülkiyyətində olan mənzil üzərində pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi üçün cavabdehlərin həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 3, 29 saylı mənzildən istifadə hüquqları itirilsin. Qətnamə cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatlarının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar