Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3459/2021 17.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X9 və X7 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X9 və X7 qarşı ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzili 1990cı ildə almışdır. 27.11.2003-cü ildə almışam, ev xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. Beləliklə də qeyd edilən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Buna baxmayaraq, cavabdehlərin üzündən mənzil hüququnu tam həyata keçirə bilmir. Cavabdehlər qeyd edilən mənzildə yaşamırlar. İddiaçı hesab edir ki, cavabdehlər mənzilə qeydiyyatda düşdükləri vaxtdan yaşamadıqlarına görə, mənzildən istifadə hüquqlarını itirmişdirlər. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərin faktiki yaşayış yeri məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri - ünvan 2 ünvanından məhkəmə iclasına çağırılmış, lakin cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehin ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iddiaçının izahatını və mülki iş üzrə təqdim edilmiş sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan, Bakı Şəhər İcra Hakimiyyəti Xətai Rayon İcra Hakimiyyəti Xəta i Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 101 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 03.06.2021-ci il tarixli, 306 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsində yerləşən 3 saylı evin 33 saylı mənzili İddiaçı məxsusdur. Mənzildə onun gəlini Cavabdeh1 1991-ci ildən, nəvələri Həsənli (Həmidli) Azad Anar oğlu və Həsənli (Həmidli) Arzu Anar oğlu 2008-ci il tarixdən qeydiyyatdadır. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı, 170376 nömrəli Qeydiyyat Vəsiqəsiqəsinin notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsində yerləşən 3 saylı evin 33 saylı mənzil İddiaçı xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1299 saylı reyestr kitabında qeydiyyatdan keçirilmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, o, iddiaçının qonşusudur, həm də iddiaçı ilə bir müəssisədə işləyiblər. Cavabdehlər iddiaçının oğlunun ailə üzvləridir. İddiaçının oğlu Anar evlənəndən sonra ailəsi ilə birlikdə Niderlanda köçmüşdür. Cavabdeh1 və iddiaçının oğlu Həmidov Anar uşaqları ilə birlikdə, təxminən, 13 ildir ki xaricdə yaşayırlar. Xaricə köçməmişdən əvvəl cavabdehlər iddiaçının evində yaşayırdılar, uşaqlar olandan sonra isə köçüb getdilər. Mülki iş üzrə şahid qismində dindirilmiş X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddiaçı ilə uzun illər tanışdı. Onlar bir yerdə işləyiblər. Cavabdehlər iddiaçının oğlu Həmidov Anarın ailə üzvləridir X13 2008-ci ildə evlənəndən və uşaqları anadan olandan sonra xaricə gedib, və ailəsi ilə birlikdə xaricdə yaşayırlar. Hal-hazırda iddiaçı, onun yoldaşı və digər oğlu həmin evdə yaşayırlar. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə uyğun olaraq, şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı aylığa və daha uzun müddətə başqa yerə getməsi bu şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi şəxsin yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi həmin şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdüyü müəyyən edildiyi halda mümkündür. Məhkəmə prosesi zamanı cavabdeh X1 daimi yaşamaq üçün mübahisəli mənzildən 6 aydan çox əvvəl köçdüyü sübut edilmişdir. Odur ki, iddia təmin edilərək cavabdeh X1 mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iddianın digər cavabdehlər X9 və X5 mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsalıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. X2, X10 və X6 Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsində yerləşən 3 saylı evin 33 saylı mənzilində istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3459/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3459/2021
17.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver