Məhkəmə qərarları › İş №2(011)-3488/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3488/2021

27.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3488/2021 27.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Təhlükəsizlik İdarəsinə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Təhlükəsizlik İdarəsinə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təhlükəsizlik İdarəsinin əmək müqaviləsinə xitam verilməsi barədə 16.03.2021-ci il tarixli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 16.08.2016-cı il tarixdən “SOKAR”-ın Təhlükəsizlik İdarəsinə atıcı peşəsinə işə qəbul edilmiş, 16.03.21-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi müddət ərzində daima işini vicdanla və qüsursüz yerinə yetirmişdir. Ona qarşı qərəzli mövqe tutularaq 26.02.2021-ci il tarixdə postların yoxlanılması zamanı nəqliyyat vasitələrini yoxlama baxışı keçirmədən əraziyə buraxdığı əsasla onunla fərdi qaydada söhbət aparımış və izahatı alınmışdır. Lakin əslində həmin vaxt əraziyə heç bir nəqliyyat vasitələrini buraxmamış və bu barədə video görüntülər də vardır. Həmçinin, bu hal onda birinci dəfə olmaqla həmin əsasla da bağlanmış əmək müqaviləsinə xitam verilməsi tamamilə əsassızdır. Komanda rəisi ona qarşı qərəzli münasibət bəsləmiş və heç bir əsas olmadan töhmət və şiddətli töhmət verdirmişdir. Ona görə həmin əmr tamamilə qanunsuz olmuşdur. İşdən azad olunmağı ilə bağlı əmrdə göstərilənlər düzgün deyil, qərəzlidir. Əmək funksiyasını pozmamışdır. İşdən çıxarılması Həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmamış, iclas keçirilməmiş və o da iclasda iştirak etməmişdir. Cavabdeh təşkilatla aralarında bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmuş, habelə əmək müqaviləsinə həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Təhlükəsizlik İdarəsi iddia tələbinə etiraz edərək göstərmişdir ki, İdarədə atıcısı peşəsində işləyən İddiaçı 26.02.2021-ci il tarixdə 4 saylı posta (NBM) təhkim olunmuş və saat 10:00-da nəqliyyat vasitələrinə yoxlama-baxış keçirmədən əraziyə buraxmış, həmçinin obyekt işçilərinin piyadalar üçün nəzərdə tutulmuş NBM-dən deyil, nəqliyyat üçün nəzərdə tutulmuş darvazadan yoxlama-baxış keçirmədən sərbəst şəkildə əraziyə girib-çıxmalarına şərait yaratmışdır. Onun bu hərəkətləri AR ƏM-nin 70ci maddəsinə (əmək funksiyasını yerinə yetirməmək) və eyni zamanda, AR ƏM- nin 72-ci maddəsinin “ə” bəndinə əsasən (əmək funksiyasını pozduğuna görə, əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrar əmək funksiyasını pozması kimi qiymətləndirilmiş (belə ki, 22.10.2020-ci il tarixdə posta təhkim olunmuş İddiaçı post cədvəlinin əlavəsinə imza etmədən komandanı özbaşına tərk etdiyinə görə, 12.11.2020-ci il tarixli SOCAR**********00040020A00342 saylı əmri “sonuncu xəbərdarlıqla şiddətli töhmət”, 26.11.2021-ci il tarixdə xidməti postunu özbaşına tərk etməsi, xidməti postunu nəzarətsiz qoyaraq ərazidə yerləşən operatorlar otağına getdiyinə görə, 11.19.2020-ci il tarixli SOCAR**********00040020A00277 saylı əmri “sonuncu xəbərdarlıqla şiddətli töhmət” və ayrı-ayrı vaxtlarda xidməti post marşrutundan və xidmət qrafıkindən yayındığına və postda yatdığına görə, 02.07.2020-ci il tarixli SOCAR**********00040020A00192 saylı əmri “töhmət” intizam tənbehlərinin aldığını nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq almaq üçün materiallar HİK-ə göndərilmiş və müvafiq qaydada HİK-in razılığı alındıqdan sonra onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 c oğlu iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan Əmək kitabçasının surətindən görünür ki, İddiaçı 16.08.2016-cı il tarixdə SOCAR Təhlükəsizlik İdarəsinə atıcı peşəsinə işə qəbul edilmişdir. İş materiallarında olan "İntizam tənbehinin verilməsi haqqında" 02.07.2020-ci il tarixli SOCAR**********00040020A00192 saylı əmrin surətindən görünür ki, 17.06.2020-ci il tarixdə 4 və 5 saylı səyyar postların (neft kəmərin 92 - 115.2 km-ləri, avtomobildə səyyar) atıcıları İddiaçı və X1 01:00-dan 04:30-dək kəmərin 115.2 - 114 km-lərini və 110 - 111.6 km-lərini 2 dəfə yoxlamalı olduqları halda 1 dəfə yoxladıqları, kəmərin 102 - 102.6 km-lərini ümumiyyətlə yoxlamadıqları, nahar fasiləsində təyin olunmuş vaxtdan 30 dəqiqə artıq olduqları və atıcı İddiaçı saat 04:25-də nəqliyyat vasitəsində yatması faktları aşkarlanmışdır. Atıcılar İddiaçı və S.Z.Rzazadənin izahatları alınmışdır. Bununla da, 3 saylı komandanın atıcıları İddiaçı və S.Z.Rzazadə tərəfindən 17.05.2020-ci il tarixdə, onlarla bağlanmış əmək müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəliklərin səhlənkarlığa və etinasızlığa yol verilərək qismən yerinə yetirdikləri müəyyən edilir. Belə ki, atıcı İddiaçı, SOCAR prezidentinin 01.06.2018-ci il tarixli SOCAR**********00040020A00096 nömrəli əmri ilə təsdiq edilmiş “SOCAR-ın Təhlükəsizlik İdarəsinin Hərbiləşdirilmiş Bölmələrinin xidmətini tənzimləyən Qaydalar Toplusu”nun müvafiq olaraq 19.3.2-ci, 19.26.1-ci və 19.26.4-cü bəndlərinin tələblərinin, atıcı S.Z.Rzazadə 19.3.2-ci və 19.26.1-ci bəndlərinin tələblərinin, 6.3 bəndi ilə müəyyən edilmiş qaydada içdikləri andın pozulması hallarına yol vermiş və o, qeyd olunan Qaydalar Toplusunun 5.12-ci bəndinə, 23-cü bölməsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən intizam məsuliyyəti daşıyır. Mühafizəsinə təhkim olunduğu post üzrə xidmət zamanı əsaslı səbəb olmadan post marşrutundan və xidmət qrafıkindən yayınmaqla və yatmaqla onunla bağlanmış əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri səhlənkarlığa və etinasızlığa yol verərək qismən yerinə yetirdiyinə görə, 3 saylı komandanın atıcısı İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İş materiallarında olan SOCAR Təhlükəsizlik İdarəsi Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin 02.02.2021-ci il tarixli iclasının 126 saylı protokolunun surətində görünür ki, Təhlükəsizlik İdarəsinin 34 saylı komandasının rəisi E. Məmmədovun 02.12.2020-ci il tarixli SOCAR**********10030990X01615 saylı xidməti yazısına baxılmışdır. Təqdim olunmuş xidməti yazıdan müəyyən olunmuşdur ki, 26.11.2020-ci il tarixdə saat 18.55-də postların yoxlanılması zamanı, 2 saylı posta təhkim olunmuş atıcı İddiaçı xidməti postunu özbaşına tərk etməsi faktı aşkarlanmışdır. Faktla bağlı atıcıdan izahat yazması tələb olunmuş, atıcı izahat yazmaqdan imtina etmiş və bu barədə akt tərtib olunmuşdur. HİK tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, atıcı İddiaçı verilən təlimata baxmayaraq xidmətdən (Tİ-nin 3 saylı komandasında atıcı peşəsində işləyərkən) yayınmasına görə, Tİ-nin 02.07.2020-ci il tarixli SÖCAR**********00040020A00196 nömrəli əmri ilə “töhmət” və postu nəzarətsiz saxlamasına görə, Tİ-nin 19.09.2020-ci il tarixli SOCAR**********00040020A00277 nömrəli əmri ilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” və post tərk etdiyinə görə, Tİ-nin 12.11.2020-ci il tarixli SÖCAR**********00040020A00342 nömrəli əmri ilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət" intizam tənbehləri verilmişdir. Bununla belə ona başqa komandaya keçməsi təklif olunsa da, o, bundan imtina etmişdir. HİK Rəyasət Heyəti 34 saylı komandanın atıcısı İddiaçı barəsində ARƏM-nin 70-ci maddəsinin “ç ” bəndinin tətbiq edilməsinə razılıq vermişdir. İş materiallarında olan SOCAR Təhlükəsizlik İdarəsinin rəisi F.Hacıyevin 16.03.2021-ci il tarixli, SOCAR**********00070020B00081 saylı əmrinin surətindən görünür ki, 34 saylı komandanın atıcısı İddiaçı ilə bağlanmış 16.08.2016-cı il tarixli, 7683 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 16.03.2020ci il tarixdən xitam verilməsi əmr olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci madəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinin a və b yarımbəndlərinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə görə Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə görə isə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışı zamanı iş üzrə toplanılmış sübutlarla SOCAR Təhlükəsizlik İdarəsinin rəisi F.Hacıyevin 34 saylı komandanın atıcısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 16.03.2021-ci il tarixli, SOCAR**********00070020B00081 saylı əmrinin Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmaqla qəbul olunması təsdiq olunmuşdur. Məhkəmə iddiaçının işlədiyi dövrdə intizamlı olması və işini vicdanla yerinə yetirməsi barədə müddəalarına tənqidi yanaşaraq hesab edir ki, iddiaçının mülahizələri özünü müdafiə xarakteri daşımaqla əsassızdır və qəbul edilə bilməz. Belə ki, təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçıya verilən təlimata baxmayaraq xidmətdən (Tİ-nin 3 saylı komandasında atıcı peşəsində işləyərkən) yayınmasına görə, Tİ-nin 02.07.2020-ci il tarixli SÖCAR**********00040020A00196 nömrəli əmri ilə “töhmət” və postu nəzarətsiz saxlamasına görə, Tİ-nin 19.09.2020-ci il tarixli SOCAR**********00040020A00277 nömrəli əmri ilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” və post tərk etdiyinə görə, Tİ-nin 12.11.2020-ci il tarixli SÖCAR**********00040020A00342 nömrəli əmri ilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət" intizam tənbehləri verilmişdir.. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbləri əsassızdır və rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nın 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Təhlükəsizlik İdarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə 16.03.2021-ci il tarixli əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasıya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar