Məhkəmə qərarları › İş №2(011)-3492/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3492/2020

23.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3492/2020 23.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdeh “Caspian Marine Services B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinədairiddiaərizəsiüzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2 cavabdeh “Caspian Marine Services B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 183/M/20 saylı, xx xxxxx 2020-ci il tarixli əmrini ləğv edərək işinə bərpa olunmaqla məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1985-ci ildə Bakı Dəniz Yolları məktəbinin 1-ci kursuna daxil olmuşdur, 1990-cı ildən sonra X4 gəmilərində fəaliyyətə başlamışdır. İlk tutduğu vəzifə kapitanın 3-cü köməkçisi olmuşdur. 1996-cı ildə imtahan verərək kiçik səfərlər kapitanı diplomuna yiyələnib kapitan kimi işini davam etdirmişdir. 2007-ci ildən 2009-cu ilə qədər “Bue Caspian” şirkətinin gəmilərində, 2009-cu ildən 2014-cü ilə qədər “X5” şirkətinin gəmilərində, 2014-cü ildən bu ilin aprel ayının 27-si tarixinə qədər isə cavabdeh “Caspian Marine Services B.V” şirkətinin gəmilərində fəaliyyət göstərmişdir. Növbəti dəfə qanunvericiliyə uyğun olaraq cavabdeh “Caspian Marine Services B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə xx xxxxxx 2019-cu il tarixli əmək müqaviləsi bağlamışdır. Cavabdehin 183/M/20 saylı xx xxxxx 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi), yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmaq əsası ilə onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək tutduğu vəzifədən azad edilmişdir. xx xxxxx 2020-ci il tarixdə elektron qaydada sistemə daxil edildikdən sonra işdən azad olunması iddiaçıya bildirilmiş və o, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək bildirişini almışdır. Cavabdeh şirkət iddiaçını işdən azad edərkən heç bir qanunvericilik normasına əsaslanmamış, formal olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi), yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmaq əsası ilə onunla bağlanmış əmək müqaviləsini ləğv etdiyini bildirmişdir. İddiaçı işlədiyi müddət ərzində işində və əmək funksiyasının yerinə yetirilməsində heç bir qanunsuzluğa, özbaşınalığa, səhlənkarlığa və digər mənfi hallara yol verməmişdir. Ona görə də işlədiyi müddət ərzində ona heç bir xəbərdarlıq edilməmiş, irad tutulmamış və töhmət verilməmişdir. İşlədiyi müddətdə iddiaçı əmək intizamına ciddi riayət etmiş, işinə vicdanla yanaşmışdır, vəzifə üzrə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmişdir. Yalnız cari ilin mart ayının 8-də saat 7-8 radələrində komandanı olduğu “Jura” gəmisində sahilə Bakıya doğru hərəkətdə olduqları zaman göyərtədə təhlükəsizlik texnikası qaydalarını zidd olan axıra çatdırılmamış işlərin sorumlusu olan baş köməkçi Rafiq Atakişiyev göyərtəyə həmin yarıtmaz iş rayonuna ona əyani surətdə göstərmək məqsədi ilə dəvət etdiyi zaman bir neçə işçinin yanında aralarında yüksək tonda mübahisə düşmüşdür. O, iddiaçını söyüb, təhqir etdikdən sonra yumruq zərbəsi ilə ona xəsarət yetirmişdir. İddiaçı şirkət nümayəndəsinə zəng vurub hadisəni anlatmışdır. Şirkətin nümayəndələri tərəfindən onların izahatları alınmışdır. xx xxxxx 2020-ci il tarixdə iddiaçı işdən azad olunması ilə bağlı elektron bildiriş almışdır. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək onun rədd edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İş materiallarından görünür ki, “Caspian Marine Services B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialının xx xxxxx 2020-ci il tarixli 183/M/20 saylı əmri ilə gəmi kapitanı İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və həmin Məcəllənin 72-ci maddəsinə əsasən ləğv edilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində cavabdeh şirkət tərəfindən onu işdən azad edərkən heç bir qanunvericilik normasına əsaslanmadığına. formal olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi), yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmaq əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə və bununla da onun hüquqlarının pozulmasına istinad etmişdir. İşçinin əsas vəzifələrini müəyyən edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməli, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməli, əmək qanunvericiliyinin tələblərinə əməl etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilmiş əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Məcəllənin 72-ci maddəsində açıqlanmışdır. Həmin maddənin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçı əmək müqaviləsi üzrə pozulmuş öhdəliklərin onun təqsiri üzündən baş vermədiyini bildirsə də, həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, yalnız iddiaçının öz şəxsi mülahizələrinə əsaslanmışdır.İddiaçı 2020-ci ilin mart ayında “Jura” gəmisində onunla digər işçi arasında baş vermiş mübahisə nəticəsində əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini kobud surətdə pozmuşdur. İşəgötürən özü bunun səbəblərini müəyyən etməyə çalışmış, hadisə ilə bağlı işçilərin izahatları alınmış, daha sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul etmişdir. Cavabdeh təşkilat tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli əmrdə Əmək Məcəlləsində təsbit olunmuş hər hansı normanın pozulması müəyyən edilməmişdir. Mübahisələndirilən əmrin qəbulu zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş bütün prosedurlara riayət olunmuş və qanunauyğun olmuşdur. Cavabdeh şirkət tərəfindən xx xxxxx 2020-ci il tarixli 183/M/20 saylı əmr tərtib olunmuş, xx xxxxx 2020-ci il tarixdə iddiaçı şirkətə dəvət olunmuş, o, əmrlə tanış olmuş, qeyd vərəqəsində əmrdə əmək müqaviləsinə əsasən bütün əmək haqqı, müavinətlər və digər ödənişlərini aldığını qeyd etmiş, qeyd vərəqəsini könüllü surətdə imza etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi ilə nəzərdə tutulduğu kimi əmək vəzifələrini kobud şəkildə pozmuş və işəgötürən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə istinad etməklə ləğv etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işə götürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2017-ci il tarixdə əmrin verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur və ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə belə hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanuni hesab edildiyindən işinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi məsələsinə əlavə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçıtərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh “Caspian Marine Services B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı cavabdehin 183/M/20 saylı, xx xxxxx 2020-ci il tarixli əmrini ləğv edərək işinə bərpa olunmaqla məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar