Məhkəmə qərarları › İş №2(011)-3494/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3494/2021

03.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3494/2021 03.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” barədə ilkin iddiası, Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” barədə qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və övladı X4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 5A, 49 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 5A, 49 saylı mənzil 16 oktyabr 1996-cı il tarixli, MN 063771 seriyalı qeydiyyat vəsiqəsinə əsasən iddiaçıya məxsusdur. Qeyd olunan mənzil 10 sentyabr 1996-cı il tarixli müqaviləyə əsasən X1 tərəfindən iddiaçıya bağışlanmışdır. Cavabdeh iddiaçının oğlu X3 arvadıdır. İddiaçı cavabdehin mənzildə yaşamamaq şərtilə qeydiyyata düşməsinə razılıq vermişdir. Cavabdehin mənzildə qeydiyyatda olmasına baxmayaraq övladı ilə hazırda harada yaşamaları barədə iddiaçının məlumatı yoxdur. Mənzildə cavabdehə məxsus əmlak da yoxdur. Cavabdehin mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını pozur. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və 11 dekabr 2019-cu il təvəllüdlü oğlu X5 Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 5A, 49 saylı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçının qayınatasıdır. Cavabdeh ilə İddiaçı oğlu X8 rəsmi qaydada 27 mart 2019-cu il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan 11 dekabr 2019-cu il təvəllüdlü X9 anadan olmuşdur. İddiaçı 2019-cu ildə cavabdehin oğlu X8 ilə ailə həyatı qurub Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 5A, 49 saylı mənzilə cehiz əşyaları ilə birlikdə gəlin köçmüşdür və həmin ildən də mənzilə qeydiyyata düşmüşdür. İddiaçı son 1-2 aya qədər fasiləsiz olaraq mübahisəli mənzildə 11 dekabr 2019-cu il təvəllüdlü oğlu X9 ilə birlikdə yaşamışdır. Uşaq həmin mənzildə dünyaya gəlmişdir və hazırda o da həmin mənzildə qeydiyyatdadır. Cavabdeh İddiaçı və iddiaçının qayınanası onun mübahisəli mənzildə yaşadığı dövrlərdə onunla çox mehriban olmuşlar, aralarında heç bir zaman narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra iddiaçının həyat yoldaşı ilə arasında narazılıqlar yaranmış və iddiaçı uşağı ilə birlikdə müvəqqəti olaraq mənzildən ayrılmışdır. İddiaçı hazırda oğlu ilə birlikdə kirayədə yaşayır. O, kirayədə yaşadığı üçün oğlunun maddi cəhətdən təmin olunması üçün çətinlik çəkir. Məhkəmə iclasında X2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ilkin iddia tələbinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia rədd olunmalıdır. Məhkəmə ilkin iddia tələbinə qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 5A, 49 saylı mənzil İddiaçı mülkiyyətindədir. 16 oktyabr 1996-cı il tarixdə iddiaçıya Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən İddiaçı qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh iddiaçının gəlinidir. O, azyaşlı oğlu ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 5A, 49 saylı mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə cavabdeh ilə iddiaçının oğlunun nikaha daxil olması ilə bağlı hüquq münasibətlərinin 2019-cu ildən yaranmasına istinad edərək məhkəmə hesab edir ki, sözügedən münasibətlərinin tənzimləməsi üçün 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi)”. Daha sonra qeyd olunan qərarda göstərilir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, ər-arvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Məhkəmə sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mənzil hüquq münasibətinə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən mübahisəli evin hüquqi vəziyyətini nəzərə alıb hesab edir ki, hazırkı mülki iş üzrə cavabdeh iddiaçının gəlini olaraq Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxil olmadığından, Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, 5A saylı evin 49 saylı mənzilindən iddiaçı ilə birlikdə istifadə hüququna malik deyildir. Odur ki, cavabdehin həmin mənzildə istifadə hüquqları yaranmamış və yaranmayan istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia tələbi əsassızdır. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə cavabdehin Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, 5A saylı evin 49 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Cavabdehin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı yalnız qanunvericilik ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilərdi. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli evdən qanuni əsaslarla istifadə hüququnun əmələ gəlməməsinə istinad edilməklə ilkin iddia tələbi rədd edilməlidir. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Məhkəmə Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması və oğlu ilə birlikdə mənzilə köçürülməsi barədə qarşılıqlı iddia tələbinə qiymət verərək, belə hesab edir ki, qarşılıqlı iddia tələbi də əsassız olmaqla rədd edilməlidir. Yuxarıda sadalanan əsaslara görə məhkəmə belə hesab edir ki, Cavabdeh Camal qızının mübahisəli mənzilə istifadə hüququ yaranmadığından onun həmin mənzilə köçürülməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının qeyd edilən mənzildə qeydiyyatda olması onun həmin mənzilə dair hər hansı hüququnun olmasına dəlalət etmir, yalnız formal xarakter daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, M Zığ Yolu küçəsi, 5A saylı evin 49 saylı mənzilinə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi barədə qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, ilkin iddia üzrə İddiaçı 10 manat dövlət rüsumu, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 10 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı tərəfindən 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı-Cavabdeh və övladı X4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 5A, 49 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə ilkin iddia tələbi rədd edilsin. Bu qətnamə Cavabdeh və övladı X4 Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 5A, 49 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Cavabdeh İddiaçı qarşı -Cavabdeh və 11 dekabr 2019-cu il təvəllüdlü oğlu X5 Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 5A, 49 saylı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmələri barədə qarşılıqlı iddia tələbi rədd edilsin. İlkin iddia üzrə İddiaçı tərəfindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar