Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3505/2024 09.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ümumi sahəsi 71,86 kv.m, yaşayış sahəsi sahəsi 37,15 kv.m olan ünvan 2, 158 saylı mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə 30 sentyabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Tərəflərin rəsmi nikahından 08 noyabr 2011-ci il təvəllüdlü X2 və 30 noyabr 2013-cü il təvəllüdlü X1 adlı uşaqları anadan olmuşdur. Aralarındakı ailə münasibətləri korlandığı üçün nikahın pozulması və uşaqların hansının himayəsində qalması ilə bağlı mülki mübahisəyə dair iş Neftçala Rayon Məhkəməsinin icraatındadır. 08 fevral 2021-ci il tarixli müqaviləyə əsasən tərəflər birgə nikah dövründə cavabdehin adına "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvandakı ümumi sahəsi 71,86 kv.m, yaşayış sahəsi 37,15 kv.m olan 2 otaqlı mənzil almışlar. Ailə münasibətləri korlandıqdan sonra cavabdeh iddiaçını zorla həmin mənzildən qovmuş və buna görə də iddiaçı hazırda kirayə mənzillərdə yaşamaq məcburiyyətində qalmışdır. İddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış hüququ olan mənzildən qanunsuz olaraq yaşamaqdan məhrum edilmişdir. Dəfələrlə yuxarıda qeyd etdiyi ünvanda yerləşən mənzildə yaşamağa cəhd etsə də cavabdeh tərəfindən iddiaçının bu cəhdlərinin qarşısı alınmışdır. Hal-hazırda iddiaçı kirayə mənzildə yaşayır. İddiaçı qanuni hüququ olan mənzilə qayıtmaq və orada yaşamaq istəyir, lakin cavabdeh buna maneə törədir. Mənzildən çıxarılması nəticəsində mənzildə yaşamaq və mənzildən istifadə etmək hüququndan qanunsuz olaraq məhrum edilmişdir. Buna görə də iddiaçı həmin evə köçürülməli və evdən istifadə qaydaları müəyyən edilməlidir. İddiaçı aralarındakı problemin həlli ilə bağlı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin cavabdeh mediasiya sessiyasına lazımınca xəbərdarlıq edilməsinə baxmayaraq iştirak etmədiyi üçün iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Ona görə də məhkəməyə müraciət edir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasına gəlməmiş cavabdeh texniki vasitələrdən istifadə edilməklə iddiaya münasibətini bildirmişdir. O, qeyd etmişdir ki, sözügedən mənzil 2010-cu ildə, iddiaçı ilə birgə nikahda olan dövrdə cavabdehin və atasının vəsaiti hesabına alınmışdır. Ev cavabdehin adına qeydiyyatdan keçməmişdir. Həmin evdə cavabdeh özü, anası və övladları yaşayır. İddiaçı 2023-cü ilin may ayının 10-da həmin mənzili tərk edərək getmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, tərəflər arasında 30 sentyabr 2010-cu ildə rəsmi nikah bağlanmışdır. Tərəflərin birgə nikahından 08 noyabr 2011-ci il təvəllüdlü X2 və 30 noyabr 2013-cü il təvəllüdlü X1 anadan olmuşdur. Tərəflər arasında nikahın pozulmasına dair iddia tələbi üzrə mülki iş Neftçala Rayon Məhkəməsinin icraatındadır. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, tərəflərin birgə nikahda olduğu dövrdə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 71,86 kv.m, yaşayış sahəsi sahəsi 37,15 kv.m olan 158 saylı mənzil iddiaçı tərəfindən əldə edilmişdir. Mənzilin alınması ilə bağlı "xxxx" MTK ilə Cavabdeh arasında müqavilə isə 08 fevral 2021-ci ildə bağlanmışdır. İddiaçının iddiasına əsasən o 2016-cı ildən 2023-cü ilin may ayınadək həmin mənzildə yaşamışdır. Verilmiş sorğuya əsasən Daşınmaz Əlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi idarəsindən bildirilmişdir ki, ünvan 2, 158 saylı mənzil qeydiyyatdan keçməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, tərəflərin mübahisəli evdə birgə yaşaması, ümumi təsərrüfatı birgə idarə etməsi və sonradan iddiaçının cavabdehlə münasibətləri pisləşdiyi üçün iddiaçının evdən çıxmaq məcburiyyətində qalması işin mübahisəsiz hallarıdır. Məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə iddia tələbinə düzgün qiymət verilməsi üçün ilk öncə mənzilin statusu, daha sonra iddiaçının köçürülməsini tələb etdiyi mənzilə dair hüquqlarının olub-olmaması, olduğu təqdirdə hansı hüquqlarının olması müəyyən edilməlidir. Mənzilin statusu ilə bağlı məhkəmə qeyd edir ki, hər iki tərəfin verdiyi izahatlardan və iş materiallarından görünür ki, mənzil MTK-dan pay dəyəri ödənilməklə tərəflərin birgə nikah dövründə əldə edilmiş, lakin dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh mənzilin dəyərinin onun və atasının tərəfindən ödənildiyini qeyd etsə də buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İstinad olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, alınmış mənzillə bağlı hər iki tərəfin mülkiyyət hüququnun əldə edilməsinə dair gözləntisi vardır. Nə qədər ki tərəflər arasında mənzilə dair başqa razılaşmanın mövcud olması aşkar edilmir, hər iki tərəfin mənzilə dair bərabər hüquqları vardır. İddiaçının mənzilə gözlənilən mülkiyyət hüququnun olması, uzun illərdir mənzildə yaşayıb mənzilə sahiblik etməsi, bugünki gündə də cavabdehə nisbətdə mənzilə olan hüquqlarından məhrum edilməsi, yəni istifadə və sahiblik hüquqlarından məhrum edilməsi məhkəmə tərəfindən qanunazidd olan hal kimi qiymətləndirilir. İstinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddiasında haqlı olduğu üçün e ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 71,86 kv.m, yaşayış sahəsi sahəsi 37,15 kv.m olan 158 saylı mənzilə köçürülməli və onun mənzilə dair pozulmuş hüquqları bərpa edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 71,86 kv.m, yaşayış sahəsi sahəsi 37,15 kv.m olan 158 saylı mənzilə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3505/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3505/2024
09.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver