Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3509/2022 22.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı 3 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi 3-cü şəxs qismində cəlb edilməklə “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında 29 iyun 2019-cu il tarixində bağlanmış nikahın etibatsız hesab olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflər 24 iyun 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikah 3 saylı Bakı ASAN Xidmət mərkəzində qeydə alınmışdır, tərəflər nikah bağlayarkən onların ailə qurmaq niyətləri olmamış, nikah zahiri təsəvvür yaratmaq məqsədi daşımışdır, belə ki, iddiaçı ailəsi tərəfindən ailə qurmaqla bağlı ciddi təzyiq və hədələrə məruz qalmış, istəmədiyi bir şəxslə evlənməyə məcbur edilmişdir, bu məqsədlə o, əvvəllər tanıdığı və qohum olduğu cavabdehə müraciət etmiş, vəziyyəti ona danışmışdır, o da ona kömək göstərəcəyini bildirmişdir, belə qənaətə gəlmişlər ki, onlar formal nikah nikah bağlasınlar, belə də etmişlər, tərəflər nikah bağlayarkən şüurlu şəkildə nikahın əsl məqsədinə xidmət etmədiyini dərk etmişlər, hətta ailə qurmaq niyətləri olmadığı üçün toy olmasına belə ehtiyac duyulmamışdır, toy mərasimi olmamışdır, nikah formal xarakter daşıdığından onlar yaxın qohumlarına da bir müddət bu barədə məlumat verməmişdirlər, daha sonra bunu öyrənən valideynlər ciddi narazılıqlarını bildirmişlər, nikah rəsmiləşməsi artıq üç ildir davam etsə də, tərəflər heç bir zaman birgə yaşamamış, birgə təsərrüfatları olmamışdır, hər biri ayrı-ayrılıqda müstəqil yaşamış, bir-birinə qarşı öhdəlikləri olmamışdır, hətta onların hər hansı bir əlaqələri də olmamışdır, iddiaçı səkkiz il ərzində Yasamal rayonunda dayısıgildə yaşamışdır, tərəflərin hazırda bir-birindən ayrı müstəqil həyatları, hər ikisinin sevdiyi insanla münasibəti var və onlar öz sevdikləri insanlarla ailə həyatı qurmaq istədikləri üçün aralarında olan formal nikaha son vermək arzusundadırlar. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkilinin izahatına uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, özü Rusiyada anadan olmuşdur, rayonda yaşamış, bu müddət ərzində hər gün elçi gəlmiş, evlənməsi üçün ailəsi tərəfindən ona təzyiq göstərilmişdir, Səbuhi ilə rayonda tanış olmuşdurlar, evlənmək barədə narahat edilməmək üçün cavabdehlə formal olaraq nikaha daxil olmuşdurlar, hətta onun soyadını belə götürməmiş, öz soyadında qalmışdır, cavabdeh ilə birgə yaşamamış, Yasamal rayonunda dayısıgildə qalmışdır, həm dayısı, həm qardaşı onun qayğısına qalmışdır, artıq ailəsi onu evlənmək barədə narahat etmir, cavabdehlə xasiyyətləri tamamilə fərqlidir, onunla yalnızca dost olmuşdurlar, ər-arvad kimi heç bir zaman yaşamamışdırlar, yalnız görünüş üçün formal olaraq nikah bağlamışdırlar. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı ilə uşaqlıqdan tanışdırlar, X7 kəndində böyümüşdürlər, iddiaçı görüşmək üçün ona “İnstagram” sosial şəbəkəsindən yazmış, evlenmək üçün ailəsi tərəfindən ona təzyiq olunduğunu, narahat edildiyini, zorla nişanlandırılacağını demiş və ondan xahiş etmişdir ki, formal nikaha daxil olsunlar, lakin bunu kimsə bilməsin, iddiaçının həmin vaxt kimlə nişanlanacağını bilmir, soruşmamışdır, bu onun üçün maraqlı deyil, iddiaçı tanışı olduğundan kömək üçün qeydiyyat şöbəsinə ərizə vermiş və beləliklə nikaha daxil olmuşdurlar, ancaq aralarında heç vaxt ailə münasibəti olmamışdır, ər-arvad kimi yaşamamışdırlar, nikahın etibarsız hesab olunmasına etiraz etmir, çünki bu nikah formaldır, onların ailə qurmaqda niyyətləri olmamışdır, onlar ona görə belə nikah heç bir əhəmiyyət daşımır. Sonda o, iddia tələbini qəbul etdiyini və onun təmin edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs 3 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət edərək, iddiaçının iddia tələbinə dair heç bir etirazı olmadığını bildirmiş, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1969-cu il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirdi ki, iddiaçının dayısıdır, cavabdehi tanımır, görməmişdir, iddiaçı universitet vaxtı, 7-8 il əvvəl qardaşı ilə birlikdə onlarda qalmışdır, yalnız 1 il əvvəl getmişdir, o işə girmiş, hazırda iş yerinə yaxın bir evdə Gənclikdə yaşayır, heç zaman ailəsi - yoldaşı olmamışdır, onun nikahda olmasını bilməmiş, hətta bunu hiss etməmişdir, yalnız iki ay əvvəl anasına nikahın saxta olduğunu, yalnız kağız üstündə bağlandığını demişdir, ondan sonra ona bu barədə məlumatı olmuşdur, dayısı kimi isə ona bu yaxınlarda məlum olmuşdur onun kimləsə də nikahı vardır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1970-ci il təvəllüdlü X1 şahid qismində ifadə verərək bildirdi ki, cavabdehin anasıdır, Rəqsanəni tanıyır, yerlisidir, oğlu ilə iddiaçı arasındakı evlilikdən xəbəri olmamışdır, yanız 2-3 ay əvvəl bunu bilmişdir, oğlu işləyir, işdən sonra evə gəlir, həmişə onlarla birlikdə Əhmədli qəsəbəsində qalmışdır, başqa evdə yaşamamışdır, rayona da onlarla birlikdə gedib-gəmişdir, evdə dörd nəfərdilər, bir müddət əvvəl bir yaxın adam ona demişdir ki, belə bir məsələ var, tərəflər nikaha daxil olublar, lakin nikah kağız üstündədir, formal da olsa evlidirlər, oğlu əvvəl bunu qəbul etməsə də sonradan etiraf etmişdir ki, belə bir məsələ var, öz aralarında olub, hazırda həm öz, həm də iddiaçının ailəsi bu məsələyə etiraz edir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1996-cı il təvəllüdlü X3 şahid qismində ifadə verərək bildirdi ki, cavabdehi tanıyır, onun dostudur, cavabdehlə bir məhəllədə yaşayırlar, qonşudurlar, iddiaçını isə tanımır, cavabdeh ailəsi ilə birlikdə qalır, evdə dörd nəfərdirlər, nikah məsələsini Səbuhi ona 3-4 ay əvvəl demişdir, yalnız bu zaman xəbəri olmuşdur, cavabdeh demişdir ki, iddiaçını Şəkidən tanıyır, yerlidirlər, yazaraq ondan kömək istəmişdir, başqası ilə zorla evləndirmək istədiklərindən qıza yazığı gəlmiş, köməklik etmək məqsədilə belə bir şey etmişdir, lakin qızı sevməmişdir, onunla evlənmək niyəti olmamışdır, aralarında toy, hər hansı başqa yaxınlıq əlaqələri olmayıb, bir neçə ay əvvəl ailəsinə də bu məsələni demişdir, anası razı olmamışdır. İş materiallarında olan Bakı şəhəri 3 saylı “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 344819 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 24 iyun 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2019cu il tarixdə 2082 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər Kərimov, arvada Abdullayeva soyadında saxlanılmışlar. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 22 aprel 2022-ci il tarixli Barışıq sazişindən görünür ki, tərəflər aralarında olan nikah münasibətinin etibarsız sayılması üçün məhkəməyə müraciət etməyə razılaşmışdırlar, tərəflər bir evdə yaşamadıqları üçün və birgə təsərrüfat aparmadıqları üçün bir-birlərinə qarşı hər hansı əmlak iddiası mövcud deyildir. İş materiallarında olan ********* saylı Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, tədqiq edilmiş iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında 24 iyun 2019-cu il tarixdə rəsmi nikah bağlanmışdır, nikah bağlanmasında niyyət ailə qurmaqla hüquqi nəticələr yaratmaq deyil, yalnız görünüş yaratmaq məqsədi olmuşdur, tərəflər nikah bağlandıqdan sonra bir ailə kimi yaşamamışlar və ailə təsərrüfatı idarə etməmişlər, cavabdeh iddia tələbini etiraf edir və tərəflər arasında iddia tələbi barədə hər hansı bir mübahisə mövcud deyildir. Belə olan halda məhkəmə nikahın etibarsız sayılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən, bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ərarvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasmdan asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 11.2-ci bəndinə əsasən, nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulmuş əsasların siyahısı qətidir və genişləndirilə bilməz. Bu əsaslar aşağıdakılardır: nikahın bağlanması üçün qanunla müəyyən olunmuş şərtlərin pozulması (Ailə Məcəlləsinin 10, 11-ci maddələri); nikahın bağlanmasına mane olan halların mövcudluğu (Ailə Məcəlləsinin 12-ci maddəsi); nikaha daxil olan şəxslərdən birinin özündə dəri-zöhrəvi xəstəliyin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi (Ailə Məcəlləsinin 13.7-ci maddəsi); nikahın saxtalığı (Ailə Məcəlləsinin 25.1-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 24 iyun 2019-cu il tarixdə 3 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 2082 nömrə ilə qeyd edilmiş nikah etibarsız hesab edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh oglu arasında 24 iyun 2019-cu il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış 2082 nömrə ilə qeyd edilmiş nikah etibarsız hesab edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3509/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3509/2022
22.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver